PDF Oxu

Müxalifət

  • 62

AXCP (i) və Müsavatın qurultayları düyünə düşüb

AXCP (i) və Müsavatın qurultayları düyünə düşüb

Rauf Arifoğlu:

Bir vaxt dərs almısan Herkel-Qrossdan,

Artıq məhrum oldun nə qədər dostdan,

Ay İsa, nə zaman gedəcən postdan?

De görüm, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Postdan getsəm, dərhal gül tək solacam,

Hər bir namizədi dərdə salacam,

Mən özüm yerimdə başqan qalacam,

Onlarla namizəd qıraqda qaldı.


Rauf Arifoğlu:

"Bəy" yeyir, əzabı adi qul çəkir,

Həmkarın Əli bəy bossdan pul çəkir,

Qrantçün hələ də gözün yol çəkir,

Qərb verən pullar da tabaqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Bizə çatan kimi boşaldı camlar,

Mən çox qrant aldım, az aldı xamlar,

Bossların verdiyi dadlı təamlar,

Dişimdən keçsə də, damaqda qaldı.


Rauf Arifoğlu:

"İP"-dəkindən iti diş görmədiniz,

Yüzü yüz gördünüz, beş görmədiniz,

Pul alıb yediniz, iş görmədiniz,

Sənin tək liderlər qınaqda qaldı,

De görüm, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Dözüm göstərmədi boss olsa da fil,

Bizdən üz çevirdi nifrətlə qəfil,

Düşdü toz içinə rəmzi qərənfil,

Narıncı geyim də yumaqda qaldı.


Rauf Arifoğlu:

İflasa apardı səni son ilin,

Əlini yerindən qopardı yelin,

Ay İsa, aclıqdan nazildi belin,

Əynində şalvar da yamaqda qaldı,

De görüm, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Bossun pullarını aparmaz gəmi,

Biz çəkdik meydanda hər dərdi-qəmi,

Qovdu meydanlara sürülər kimi,

Bossların əlləri çomaqda qaldı.


Rauf Arifoğlu:

Tezliklə, bizlərə az ərk edərsən,

İnşallah, postunu tez tərk edərsən,

Hamı təkrarlayır: gedərgisən sən,

Başqan estafeti qonaqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Nə bir işimizi araşdırmadı,

Qazanı üsullu qarışdırmadı,

Boss bizi özünə yaraşdırmadı,

Qərbin qrantı da çanaqda qaldı.


Rauf Arifoğlu:

Düz olar özünə əski deyəsən,

İstərəm sözünü reski deyəsən,

Ürəyə yatmadı viski, deyəsən,

Sənin öz seçimin araqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Boss yüngül sayanda, ağırlanıram,

Özüm də gözümdən oğurlanıram,

Deyəsən, postumdan dığırlanıram,

Əlim sünbül biçən oraqda qaldı.


Rauf Arifoğlu:

Hərifin olmadı Qərbin klanı,

Reallaşdırmadın bircə planı,

O qədər uydurdun fitnə, yalanı,

Adın da quruca varaqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

İndi inanmıram ayrılam səfdən,

Yapışdım tütəkdən, həm də ki, dəfdən,

Mən yayına bildim son an hədəfdən,

Bossun sağ əli də daraqda qaldı.


Rauf Arifoğlu:

Çox verdin müs-müftə nəmərə imkan,

Vermisən 20 il sən şərə imkan,

Nə vaxt verəcəksən gənclərə imkan?

"İP"-in hər bir üzvü maraqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Xoşuma gəlirdi Qərbdən hər alqış,

Sonda zaman etdi bizlərə qarğış,

Apardı qazancı selləmə yağış,

Müsavat bir müddət quraqda qaldı.


Rauf Arifoğlu:

Erməni o vaxt ki, susadı qana,

Vətən torpaqları qaldı virana,

Moskva ordu çəkdi Ermənistana,

Obama ordusu İraqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Cuşə gəldim bossun dediyi tostdan,

Etibar ummadım sənin tək dostdan,

Məni itələyib atırlar postdan,

Namizəd olanlar soraqda qaldı.


Rauf Arifoğlu:

Özün baş açmırsan vəziyyətindən,

Mənfilik süzülür təbiətindən,

Hələ də dönmürsən öz niyyətindən,

Şölə öləziyib çıraqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Köhnə-küşkül oldu bir anda yenim,

Oldum Müsavatda özümə qənim,

Kim görək tutacaq postumu mənim?

Zingildəyən nəfsim marıqda qaldı.


Rauf Arifoğlu:

Qorxdu son limanda qəbrə gömülər,

Sən tək sərnişini atdı gəmilər,

Uğur qazanmadı sənin kimilər,

Büdrəyib yıxıldı, yarıqda qaldı,

Ay İsa, qurultay nə vaxta qaldı?


İsa Qəmbərov:

Qərb çox səyirtdirdi qəzəb atımı,

Çoxdan gözləyirdim bu cür matımı,

Çoxları tərk etdi Müsavatımı,

Sənin kimiləri çarıqda qaldı.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər