Rəsul Quliyev:
Şərçi bədxahları məhv etsin Qədər,
Çoxu da vaxtını keçirir hədər,
"İP"-də təxribatçı kifayət qədər,
Mənə deməyin ki, yalan deyirəm.
Ərəstun Oruclu:
Saxla təpən üstdə sıx duman-çəni,
Özünə yük eylə qəmi-qüssəni,
Arzu edirəm ki, a Rəsul, səni
Çalsın zəhərli bir ilan deyirəm.
Rəsul Quliyev:
Lider cəlb edilib həmin sıradan,
Pərdə götürülüb təmiz aradan,
Təxribatçılardı qrup yaradan,
"İP"-də formalaşıb klan deyirəm.
Ərəstun Oruclu:
Mən "İP"-in üzvüyəm, bilməyən sən tək,
Bilinir qurumda uçanda milçək,
Təxribatçı varsa, adlarını çək,
Mən sənə təfriqə salan deyiləm.
Rəsul Quliyev:
Adi "İP" üzvüsən, danışma, kiri,
Hamısı satqındı ölü, ya diri,
Təxribatçı çoxdu, onların biri
Filankəsin oğlu filan deyirəm.
Ərəstun Oruclu:
Özün dopdolu bir viskili camsan,
Siyasi meydanda cahil, avamsan,
Özün təxribatçı, bədxah adamsan,
Səni orda çapıl, talan deyirəm.
Rəsul Quliyev:
Səni diri tutub, bizlə dələrəm,
Sədr olmaq üçün zildən mələrəm,
Vaxt olan mən "İP"-ə başçı gələrəm,
Baş tutar, inşallah, plan deyirəm.
Ərəstun Oruclu:
Sən gəlsən, çatarsan "İP"-in külünə,
Ehsan da verərik sənin ölünə,
Burda rəqs edirik "Heyvagülü"nə,
Sənə nahaq xaric çalan deyirəm.
Rəsul Quliyev:
Bir bədxah hələ də qaş alıb gedir,
Hər biri əlinə daş alıb gedir,
"İP"-də təxribatlar baş alıb gedir,
Sözü təkrar-təkrar, kalan deyirəm.
Ərəstun Oruclu:
Dostların önünə ağır tir salan,
"İP"-in daxilinə çirk, pas, kir salan,
Sənə kişnəyərək hay-həşir salan
Day-dayça deyirəm, qulan deyirəm.
Rəsul Quliyev:
Pul uman "İP"-çilər haram söyləyir,
O yandan Əli də dram söyləyir,
İsa Paris deyir, Aram söyləyir,
Mən yazıq Lüksemburq, Milan deyirəm.
Ərəstun Oruclu:
Çarəsiz sən idin gözünü döyən,
Olubsan o tayda özünü öyən,
Keçirib at kimi ağzına yüyən,
Belinə qoyardım palan deyirəm.
Rəsul Quliyev:
İşlə təxribatçı o yara ilə,
Gözə də kül üfür avara ilə,
"İP"-ə başçı olsam, pul-para ilə
Yardım edər Tehran, Gilan deyirəm.
Ərəstun Oruclu:
Bir ad da çəkmirsən, sözlərin boyat,
Təxribat olanda bizləri oyat,
Hələ ki, olmamış "İP"-də təxribat,
Budur olacaqlar- olan deyirəm.
Rəsul Quliyev:
Təxribat dərmanı zəhər aşında,
Cəmi təxribatçı "İP"-in tuşunda,
Əli, İsa durub sənin başında,
Sənə təxribatçı oğlan deyirəm.
Ərəstun Oruclu:
Elə başın kimi boşalıb tabaq,
Az-çox iş görürdün minnətsiz qabaq,
Artıq tökülməkdə vurduğun suvaq,
Kələ-kötür olub malan deyirəm.
Rəsul Quliyev:
Arabir çay da ver baldan İsaya,
Söykən Qərb arxalı daldan İsaya,
Gözlərinə baxıb aldan İsaya,
Əlinin başına dolan deyirəm.
Ərəstun Oruclu:
Bir baman suvaq var üz qırışında,
Ağ tüklər artıbdı sənin başında,
Yorğalıq edirsən qoca yaşında,
Sənə mən qüssədən solan deyirəm.
Rəsul Quliyev:
Qrantlar yeyilib alın tərində,
Liderin iş görür həndəvərində,
Qaxıl öz yerində, qal öz yerində,
Bəyanat verirəm, elan deyirəm.
Ərəstun Oruclu:
Sovet dönəmində neft pulu tıxdın,
Yalandan gurladın, guya ki yağdın,
Demə ki xaricdə güc-qüvvə yığdın,
Tamam tükənibdi "sila"n deyirəm.
Rəsul Quliyev:
Qoca olsaq belə siyasətbazıq,
Özün öz dilinlə demisən: qazıq,
Qan qusdun liderlər əlindən, yazıq,
Sənə dərdi-qəmi bulan deyirəm.
Ərəstun Oruclu:
Təkrar söyləyirəm, öz yerində qal,
Yaraşmaz bu gündə sənə qalmaqal,
Qocasan, qalmayıb bədənində hal,
Sənə "get o tayda sulan" deyirəm.
Mirzə QƏRƏNFİL