Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev başqanlığa namizədliyi ilə bağlı konkret qərarını yaxın vaxtlarda verəcəyini bəyan etməklə partiyadaxili çaxnaşmaların növbəti mərhələsinə keçid etmiş oldu. Bu mərhələli keçid isə onsuz da səngiməyən Müsavatdaxili böhranı daha da sürətləndirdi. İcra aparatının rəhbərinin "Mən hələ həbsxanadan yeni çıxmışam, hazırda həm ölkədə, həm demokratik düşərgədə, həm də Müsavat partiyasında olan vəziyyəti öyrənirəm. Bu vəziyyəti öyrəndikdən, kifayət qədər ciddi məlumata malik olduqdan sonra başqanlığa namizədliyim barədə konkret qərar vermək niyyətindəyəm" tipli bəyanatı, əslində, məhkəməsi dövründə iclas zalında irəli sürdüyü iddiasının təsdiqi kimi başa düşülür.
Alternativlər namizədliklərini Arif Hacıyevin xeyirinə geri götürəcəklər
Digər tərəfdən, A.Hacıyev başqanlığa namizədliyi üçün sözdə alternativ namizdlərin də olacaqlarını istisna etməyib. Bu isə, onu deməyə əsas verir ki, əgər partiyanın qurultayı keçirilərsə, başqanlığa alternativlər sonradan öz namizədliklərini A.Hacıyevin xeyirinə geri götürəcəklər. Və əslində, bu halın uyğulanması üçün icra aparatının rəhbəri hələ həbsxanada olarkən müxtəlif əvəzedici planlar işləyib. Bu gün onun azadlığa çıxması isə, bütün mənalarda, hazırkı başqan İsa Qəmbərov üçün ciddi maneə, ciddi şlaqbaumdur. Düzdür, A.Hacıyev həmin planlarını səthi tərzdə açıqlayır ki, həmin açıqlamaların verilməsi özündə ehtiyat məqsədləri daşıyır. Müsavat başqanlığına alternativ namizədlərin irəli sürülməsi barədə sualı cavablandırarkən A.Hacıyev bildirib ki, konkret ad çəkmək istəmir: "Partiyada ciddi nüfuza malik olan şəxslər olsa da, ancaq mən konkret olaraq kiminsə adını çəkmək istəməzdim".
Konkret adın çəkilməməsi isə yuxarıda qeyd edilən həqiqətə yaxın ehtimalların doğruluğunu sübut edir.
Dəyişikliklərin olması mümkündür
Yeni başqan seçiləcəyi halda, Müsavat partiyasının siyasi kursunda hansısa dəyişikliklərin olub-olmayacağı məsələsinə münasibət bildirən A.Hacıyev kursun dəyişdiriləcəyini də istisna etməyib:"Təbii ki, dəyişikliklərin olması mümkündür".
Dəyişikliklərin mümkünlüyü isə A.Hacıyevin başqan seçiləcəyini konkretləşdirib. Çünki belə olmasa idi o, həbsxanadan çıxan kimi İ.Qəmbərova tərəf istiqamət almış ultimativ bəyanatlarla mətbuata səslənməzdi. Bu, həm də onu deməyə əsas verir ki, əgər İ.Qəmbərov müxtəlif bəhanələrlə partiyanın qurultayını gecikdirirdisə, artıq partiyada A.Hacıyev dönəminin başlanması ona bu imkanı verməyəcək. Çünki A.Hacıyev özünə əmin şəkildə bəyan edib ki, qurultay keçiriləcək və onun başqanlığı təsdiq olunacaq: "Yəqin ki, yaxın vaxtlarda yer ayrılacaq və qurultay keçiriləcək".
Bütün bunlar isə, bir daha onu deməyə əsas verir ki, A.Hacıyevin iddiası qərarlıdır və onun qərarının ilk məqsədi İ.Qəmbərovu uzaqlaşdırmaq, Müsavatdakı arzuolunmaz qüvvələri oradan kənarlaşdırmaq və siyasi kursda təməlli dəyişiklikləri etməkdir. Proseslərin daha kəskin xarakter alması isə artıq qaçılmazlığı ilə seçilməkdədir.
RÖVŞƏN RƏSULOV