Gülağa Aslanlı:
Bizim sıramızda əsil kişi çox,
Əlinin, İsanın azı dişi çox,
"İP"-in, Müsavatın vacib işi çox,
Özünə çəkməkdə bizi, seçkilər.
Qiyas Sadıxov:
Əl götürməlisiz nə qədər şərdən,
Dönüb dosta baxın, sevinclə hərdən,
Əsla qaçmamalı Pənah nəzərdən,
Pənahsız üzərdi sizi, seçkilər.
Gülağa Aslanlı:
"İP" yaxşı, min əsrar görmüşük onda,
Bir sözü həmişə demişik sonda,
Şər iş alınmadı "Eurovision"da,
Çatacaq bədnamlıq közü, seçkilər.
Qiyas Sadıxov:
AXP lideri əzmkar, mətin,
Onsuz çox olardı "İP" əziyyətin,
İşiniz Pənahsız olacaq çətin,
Soxar "İP"-inizə bizi, seçkilər.
Gülağa Aslanlı:
Boss bizi saxlayar almaz içində,
İsa-Əli batsa lap yas içində,
Əgər olsaq belə çirk-pas içində,
İtirər ən bədnam izi, seçkilər.
Qiyas Sadıxov:
Pənahın Qərbdə də yeri sıcaqdı,
Narıncı paltar da aldıracaqdı,
Xaric də taksanı qaldıracaqdı,
Olacaq qazancın gözü, seçkilər.
Gülağa Aslanlı:
"İP"-in iclasında eləmişik qət,
Bizimçün heç zaman olmayacaq hədd,
Edərik İsanı vahid namizəd,
Ağardar bənizi, üzü, seçkilər.
Qiyas Sadıxov:
Necə məntiqsizdir Allahsız uğur,
Şefim qazandırdı günahsız uğur,
Qazanmazsınız siz Pənahsız uğur,
Olmaz xeyrinizə, düzü, seçkilər.
Gülağa Aslanlı:
Doğrudur, uğursuz on üçüncü il,
Mümkün ki, o, heç də bizim il deyil,
Yüksəkdə dayanar rəmzi qərənfil,
Götürər narıncı bezi, seçkilər.
Qiyas Sadıxov:
Uğursuz illəri bir-bir sayın bir,
Nə olsun bosslar çox, sənin dayın bir,
Nə günə düşdünüz, xatırlayın bir,
Pənahsız keçəndə bəzi seçkilər.
Gülağa Aslanlı:
Bir AXP ilə meydanda təksiz,
Bəlkə deyəcəksən qadir fələksiz,
Cəlb edər İsanı, Əlini, şəksiz,
İstisnasız hal tək özü, seçkilər.
Qiyas Sadıxov:
Zirvəyə aparar hər fərdi Pənah,
Silərdi ürəkdən hər dərdi Pənah,
Sizə ideyalar verərdi Pənah,
"İP"-ə verməyəcək mizi, seçkilər.
Gülağa Aslanlı:
Təcrübə qazandıq maketdən sonra,
Möhtəşəm, həm azman paketdən sonra,
Bizim əzəmətli piketdən sonra,
Bürüyər çəməni-düzü, seçkilər.
Qiyas Sadıxov:
"İP"-də hazırlaşın daha ağıra,
Çətin bosslar sizi önə çağıra,
İnanma Pənahsız sizi uğura
Aparardı geci-tezi, seçkilər.
Gülağa Aslanlı:
Boss qəbul edəcək iti hücumu,
Biz inkar edirik kötü hücumu,
Görəndə bizlərdən qəti hücumu,
Sözsüz, qatlayacaq dizi, seçkilər.
Qiyas Sadıxov:
Kənardan baxarsız siz matdım-matdım,
Son illər yüz dəfə yuxumu qatdım,
"İP" atmamalıdı Pənahsız addım,
Sizə bəxş eyləyər pisi, seçkilər.
Gülağa Aslanlı:
Bossun qrantını alarıq qəti,
Qızarmır qurumda üzlərin əti,
Əsla, döndərmərik padoş sifəti,
Sürtsə çöhrəmizə hisi, seçkilər.
Qiyas Sadıxov:
Seçkiyə gedəndə baxma ardına,
Namizəd olanı, yamanla, qına,
Əlbəttə, vuracaq qulaqardına,
Hər cürə hay-küyü, səsi, seçkilər.
Gülağa Aslanlı:
Mənim sözlərimi anla rədd kimi,
Şefinin uğuru gəlir bəd kimi,
Qəbul etməyəcək namizəd kimi,
Sizlərdən, vallah, heç kəsi, seçkilər.
Qiyas Sadıxov:
Pənah AXP-də azman dağ kəli,
Ondan geri qalır İsayla Əli,
Onlara dəyməsə Pənahın əli,
Qızıla çevirməz misi, seçkilər.
Gülağa Aslanlı:
Həmişə diqqət ver səbirlə sona,
Pənahı salacaq min cürə dona,
Xahiş eyləyirəm, gülərsən ona,
Alarsa başından fəsi, seçkilər.
Qiyas Sadıxov:
Xarab məmulatdan məhsul edilməz,
Sizin namizədlər məqbul edilməz,
İsa ilə Əli qəbul edilməz,
Sizlərdən gözləyər Məsi, seçkilər.
Mirzə QƏRƏNFİL