Sərdar Cəlaloğlu:
Birgə qısnayarıq "İP"-i dara da,
Xaricdən alarıq çoxlu para da,
İşarə vurmuşam Etibara da,
Gündəmdə AMİP-lə birləşmək durur.
Etibar Məmmədov:
Sərdar da İsanın abrını bükər,
Güc yetsə, "İP"-də də sınardı təkər,
"Güc Platforması" yaratsaq əgər,
Bundan, sözsüz ki, biz duyardıq qürur.
Sərdar Cəlaloğlu:
Qurumda qalmayıb güc bircə çəngə,
"İP"-də bu adamlar verməkdə əngə,
İsadan, Əlidən gəlmişəm təngə,
Qəlbim Etibarla indi bir vurur.
Etibar Məmmədov:
Birləşsək, bizlərdə olacaq meydan,
Sərdar göz vurarsa, dolacaq meydan,
"İP"-ə get" söyləyir bir dəli şeytan,
ADP-yə doğru aparır şüur.
Sərdar Cəlaloğlu:
"Platforma" ilə yurdu bürüyək,
Pul üçün eyhamla bossa hürüyək,
İstərdim yıxandan sonra sürüyək
"İP"-i... Etibar da hələ bir sorur.
Etibar Məmmədov:
"Palata"nın yeri ancaq dalan, dib,
Onun liderləri bağışlanmaz tip,
İndi "platforma" daha münasib,
"İP"-in rəzilliyi adamı yorur.
Sərdar Cəlaloğlu:
Biz hazır kütlənin xeyir-şərində,
"İP" üzdə, "GP"-miz daha dərində,
Həmkarlar "palata" həndəvərində,
Bu onun, o bunun puçunu burur.
Etibar Məmmədov:
"Palata" kənarda qaldı azarla,
Əlaqəmiz çoxdu pulla, bazarla,
Görəndə bir yerdə məni Sərdarla,
Hər "İP" yetkilisi yaman qudurur.
Sərdar Cəlaloğlu:
Kütlə, "palata"nı sizlər qırdınız,
Əlinin-İsanın saçları pırpız,
Nə vaxt "platforma" yaradırsınız?
Yol ilə gedəndə adamlar sorur.
Etibar Məmmədov:
İndi "platforma" ən iti dişdi,
Siyasi meydana bu bir girişdi,
"Palata" dağa da dönsəydi, işdi,
Bizim "platforma" udardı bu tur.
Sərdar Cəlaloğlu:
"Palata" aparır şumlarda arat,
Bizlər toplayırıq Qərbdən pul, barat,
Cəlb etdikdən sonra çox elektorat,
Etibarla qoşa oxuyarıq "Şur".
Etibar Məmmədov:
İsası xaçlı tuz qazananadək,
Əlisi beş ulduz qazananadək,
"Palata" xoş nüfuz qazananadək,
İsrafil çalardı cəhənnəmdə Sur.
Sərdar Cəlaloğlu:
Əli-İsa itib "patsan" içində,
Özüm Etibarla ad-san içində,
"Palata" batıbdı nöqsan içində,
"Platforma"mızda yoxdu bir qüsur.
Etibar Məmmədov:
Biz zövq almaqdaykən dürdanələrdən,
"Palata" ayrılır divanələrdən,
Xaricdən alınan ianələrdən,
İsa nə yeyibsə, Əliylə qusur.
Sərdar Cəlaloğlu:
"İP"-də tapa bilmir onlar tayını,
Bosslar da göndərmir əsla payını,
Çağırmamaqçün öz qurultayını,
İsa "palata"dan bayırda pusur.
Etibar Məmmədov:
Yox Əli-İsada meydan talantı,
Bunlar axtarmaqda bir süd krantı,
Xaric də göndərmir çoxdan qrantı,
Nüfuzsuz "palata" qalıbdı qısır.
Sərdar Cəlaloğlu:
Bunların önündə açılıb küçə,
İsa ilə Əli yoluq bir cücə,
Faydasız "palata" atılıb küncə,
İndi liderləri yuxu da basır.
Etibar Məmmədov:
Düçar oldu burda hamam iflasa,
Uğrayıb hər iki yam-yam iflasa,
"Palata" uğrayıb tamam iflasa,
Onun liderləri özünü asar.
Sərdar Cəlaloğlu:
Biz elektoratla girdik barışa,
"Palata" bazarı dəyməz quruşa,
İndi "platforma" girir yarışa,
Sərdarla mənimdi bugünkü bazar.
Etibar Məmmədov:
Yeni "platforma" görünməkdə şux,
"Palata" olubdu lüzumsuz güruh,
Bizim birliyimiz saçır yeni ruh,
İsaya, Əliyə kim qulaq asar?
Sərdar Cəlaloğlu:
İşləyə bilərmi "İP" biçarəsiz,
Qərbdi "palata"nı qoyan parəsiz,
Əli bəy "Yurd"unda qalıb çarəsiz,
İsanın qəlbini alıbdı azar.
Etibar Məmmədov:
Kütlə durmur "İP"-in ədası altda,
Gələn yoxdu İsa badəsi altda,
Coşqun "platforma" sədası altda,
"Palata" özünə dar məzar qazar.
Mirzə QƏRƏNFİL