Müsavat partiyasında gərginlik davam edir. Partiya yetkilisi, təşkilatın icra aparatının rəhbəri Arif Hacıyev azadlığa çıxdıqdan dərhal sonra hələ məhkəməsi dövründə irəli sürdüyü iddialarını reallaşdırmağa başlayıb. Onun bu addımları isə başqan İsa Qəmbərovu çıxılmaz vəziyyətdə qoyub. Belə ki, məlum olduğu kimi, Müsavat başqanı A.Hacıyevin azadlığa buraxılmasını istəməyən qüvvələrdən biri kimi, daim öz ambisioz fikirləri ilə partiyadaxili diqqəti üzərində cəmləşdirməyə çalışırdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi, A.Hacıyevin başqanlığa nazmizəd kimi özünü irəli sürməsi hazırkı başqanın planlarını tamamilə alt-üst edib. Ona görə də müxtəlif üsullardan istifadə etməklə, fikirləri yayındırmaqla məşğul olub. Amma A.Hacıyev faktoru bütün mənalarda "perfonmansını" qoruyub saxlamaqdadır. Artıq məlum olduğu kimi, İ.Qəmbərovun ətrafında toplaşan qruplaşmalarda da A.Hacıyevə tərəf istiqamətalma tendensiyaları müşahidə olunur. Onun partiya daxilində dəyişikliklər etməsi iddiası da artıq gündəmə çıxıb. Verdiyi müahibəsində o, bunu belə deyib: "Həbsxanada olduğum dövrdə bu məsələləri analiz etmək üçün kifayət qədər vaxtım və imkanım var idi".
Başqa tərəfdən, Müsavatın icra aparatının rəhbəri partiyanın qurultay keçirilməməsi, yaxud da qəsdən keçirilməməsi ətrafında yaranmış söz-söhbətlərə də aydınlıq gətirib. "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində bunu sezmək mümkündür. O, İ.Qəmbərovdan fərqli olaraq, Müsavatın qurultayının Azərbaycanda keçirilməsinin qatı tərəfdarı olduğunu açıqlayıb. A.Hacıyev bu bəyanatı ilə partiya başqanına mesaj yollayıb ki, onun qurultay keçirməmək ambisiyaları baş tutmayacaq. Hətta Gürcüstanda keçirilməsi nəzərdə tutulan qurultayın Müsavata heç bir aidiyyatı olmadığını deyən mərkəzi icra aparatının rəhbəri dolayısı ilə bldirib ki, əgər partiya Azərbaycanda fəaliyyət göstərirsə, demək, burada da qurultay keçirməlidir.
"İP"-ə-sapa yatmayan Arif Hacıyevdən daha bir iddia
Məlumdur ki, "İctimai Palata"nın buraxılacağı xəbəri artıq bir neçə müxalif siyasilər tərəfindən etiraf edilmişdir. Düzdür, həmin etirafların dolayısı ilə edilməsi siyasilərin hələ də mövqe saxlamaq kimi fəndlərindən irəli gəlir. Amma hər halda "palata"nın az-çox nüfuzu olan müxalifətçilər tərəfindən ittiham olunması hər şeyi aşkar edir. Həmin aşkarlıqlardan biri də artıq "İctimai Palata"nın yararsız quruma çevrilməsi faktıdır. Bu səbəbdən həm Müsavat başqanı İ.Qəmbərovu, həm də AXCP (i) sədri Əli Kərimovu suçlayan A.Hacıyev indidən demək istəyir ki, o, nəinki təmsil olunduğu Müsavat partiyasında, eləcə də, "İP"-də gedən proseslərə ötəri nəzər salır. Bu baxımdan, bəyanat səsləndirir ki, o, "palata"nın gələcəyinə ümidlə yanaşmır. Təbii ki, həmin çərçivədə vahid namizəd məsələsi də mövcuddur ki, bu mövcudluq "palata"nın məhvini sürətləndirir: "Əgər vahid namizəd problemi müzakirə olunacağı halda, "İctimai Palata"nın parçalanması təhlükəsi mövcuddursa, o, indi baş verməlidir".
Göründüyü kimi, A.Hacıyev bu açıqlaması ilə "palata"nın parçalanmasını dolayısı ilə bəyan edib. Onu da xatırladaq ki, bu gün məlum əfv olayından sonra, dağıdıcı müxalifət mətbuatında, xüsusilə, "Azadlıq" qəzetində guya əfv olunanlara təzyiq olunduğu barədə məlumatlar yer alırdı. İddia olunurdu ki, azadlığa buraxılan müxalifətçilərə əfv olunmaları haqqında ərizə yazmaları tələbi qoyulub. Lakin A.Hacıyev həmin məsələlərin də həqiqətə uyğun olmadığını söyləyib və bunla dağıdıcı müxalifətin yalan danışdığını etiraf edib: "Birbaşa Arif Hacılı olaraq mənə "azadlığa çıxmaq istəyirsənsə, əfv ərizəsi yaz" sözü heç kəs tərəfindən deyilməyib".
Nəticədə, partiyada mənfi kataklizmlərin baş verməsi bir daha özünü nümayiş etdirməkdədir. Həmin kataklizmlər isə ya Müsavatın sonu, ya da A.Hacıyevin başqanlığı ilə dağıdıcılıq deyil, konstruktiv mövqe sərgiləməsi fonunda müşahidə ediləcək. Çünki partiya rəhbərliyinin bu vasitədən başqa çıxış yolu qalmayıb.
Rəfiqə Hüseynova