Tahir Kərimli:
Onun ağzındakı tamı əsassız,
Günorta yeməyi, şamı əsassız,
Ştrasserin ittihamı əsassız,
Ştrasserin ittihamı yalandı.
Razi Nurullayev:
Ştrasserpərəstik, özü də qatı,
Qərbə səyirdirik həmişə atı,
Ona "İP" ötürüb təfərrüatı,
Bu, bizim xüsusi, məxfi plandı.
Tahir Kərimli:
Sizi casus kimi gümanlamışdı,
Başınızı xeyli dumanlamışdı,
O, bizi əvvəl də yamanlamışdı,
Sənin Ştrasserin əfi ilandı.
Razi Nurullayev:
Dollar döşənibdi hər bir küçəsi,
Əli də, İsa da onun cücəsi,
Ştrasserdən aslı "İP"in büdcəsi,
O, bizim xeyirxah, əsil klandı.
Tahir Kərimli:
Təkrarlanmaqdadı ötən yolunuz,
Sizi qəbrə gömər gödən yolunuz,
Tupikdi xaricə gedən yolunuz,
Çox möhkəm baryerdi, səddi, dalandı.
Razi Nurullayev:
Özünü ələ al, partlama kindən,
Nə qədər boylanıb baxarıq tindən?
Yararlana billik biz nemətindən,
Ştrasser yek bossdu, cibi kalandı.
Tahir Kərimli:
Qrantı vəd etdi boss qalaq-qalaq,
Liderin gözləri tutulmuş bulaq,
Sizin mindiyiniz at yox, tərs ulaq,
Döyəclədiyiniz adi palandı.
Razi Nurullayev:
Ayaqlara düşdün Vəhdətdə özün,
Bizi pullu gördün, gülmədi üzün,
Bizim yüksəlişi götürmür gözün,
Elə paxıllıqdan könlün bulandı.
Tahir Kərimli:
Liderin xəyali Qərbdə pik tutdu,
Çoxsaylı yetkili dərhal "cik" tutdu,
Liderlər başını "İP"-də dik tutdu,
Dalınca dedilər filan-filandı.
Razi Nurullayev:
Budaq silkələdin pöhrə başında,
Duan çin çıxmadı möhrə başında,
Bossla gördün bizi süfrə başında,
Şirə ifraz etdin, ağzın sulandı.
Tahir Kərimli:
Adına həmişə böhtan deyəcək,
Səni yamanlayıb, səni söyəcək,
Nə alsa, liderlər özü yeyəcək,
Bu yolla, çətin ki, cibin dolandı.
Razi Nurullayev:
Səni bu görkəmdə görən şad deyil,
Yalançı məddahlıq yaxşı ad deyil,
Vəhdətdə gününə düşən yad deyil,
Sənə əziz olan doğma xalandı.
Tahir Kərimli:
20 ildi yuxun çıxmamaqda çin,
Bosslar bir iblisdi, "İP" lideri cin,
İnanmaq, çətin ki, sənin xaricin,
İnsaflı tərəfdi, dərdə qalandı.
Razi Nurullayev:
Kütlə çevrilibdi bizə dalıyla,
Əli aramızda qalıb çuluyla,
İsa da xarici bossun puluyla,
Müs-müftə kəsdirib xəstə qlandı.
Tahir Kərimli:
Ayırar tezliklə sizdən yolları,
Dağıntı gözləyir, verib pulları,
Qərb müftə xərcləmir cüzi dolları,
Onlar verdiyindən artıq alandı.
Razi Nurullayev:
Güzəştə gedərik saqqal darağı,
Mitinq keçirərik, içib arağı,
Təmin ediləcək bossun marağı,
Tale belədisə, demək, olandı.
Tahir Kərimli:
Casusluq yaraşdı bircə "bəli"nə,
Ağıllın olmamış, şükür dəlinə,
Dövlətin sükanı keçcək əlinə,
Ölkənin sərvəti dərhal talandı.
Razi Nurullayev:
Səni bədbəxt etdi İsa yaxtası,
Dolaşdığın məkan sahil buxtası,
İşinə yarayan suvaq taxtası,
Əlində qalan da bircə malandı.
Tahir Kərimli:
İstərsən sandıqdan pambığı tökəm,
Bosslara inanan olar ağlı kəm,
Edib hamınızı Qərb pulu zökəm,
Bossun pul verən yox, şeypur çalandı,
Razi Nurullayev:
Qazancın çox cüzi, qan-tər tökürsən,
Başında gah pambıq, gah yun əkirsən,
Eşitdim Vəhdətdə aclıq çəkirsən,
Yanında ac pişik, bir də tulandı.
Tahir Kərimli:
"İP"-inin əbədi ümidi qırıq,
Hər bir yetkilini basıb hıçqırıq,
Əli mütəmadi salır qışqırıq,
İsa hamınızı dərdə salandı.
Razi Nurullayev:
Sənin göz görəsi baxtındı yatır,
Hələ danışmağa hövsələn çatır,
Nəqliyyat vasitən olubdu qatır,
Bossların töhfəsi sənə qulandı.
Mirzə QƏRƏNFİL