PDF Oxu

Müxalifət

  • 63

Ruslan Bəşirli və Bəxtiyar Hacıyev dağıdıcılara qarşı partiya yaradır

Ruslan Bəşirli və Bəxtiyar Hacıyev dağıdıcılara qarşı partiya yaradır

Mətbuat gündəmində daha bir müxalifət partiyasının yaradılması barədə məlumatlar səsləndirilməkdədir. Belə ki, həmin məlumatlar çərçivəsində bəlli olub ki, yaradılacaq siyasi təşkilat özlərini "ənənəvi müxalifət" adlandıran dağıdıcı partiyalardan köklü şəkildə fərqlənəcək. Əldə etdiyimiz informasiyaya görə, yeni partiyanın yaradılması təşəbbüsü ilə Ruslan Bəşirli və Bəxtiyar Hacıyev çıxış ediblər. Yeni yaranacaq müxalifət partiyasında əsasən gənclər və dağıdıcı müxalifət partiyalarından istefa verən, eləcə də, keçmiş "liderlərindən" narazı qalan qüvvələr təmsil olunacaq. Məlumatlardan o da bəlli olub ki, yaranacaq partiyanın payızda - təqribən oktyabr ayında təsis konfransı keçiriləcək. Eyni zamanda, bu təşkilat format baxımından digərlərindən onunla fərqlənəcək ki, orada sədrlik postu olmayacaq. Həmin postun yerinə 10 nəfərdən ibarət siyasi şura təşkil ediləcək ki, onların hər biri həmsədrlik funksiyasını icra edəcəklər. İnformasiyalarda o da bildirilib ki, partiyada daha bir şəxs - Respublikaçı Alternativ Hərəkatın (REAL) sədri İlqar Məmmədov da təmsil olunacaq. Hətta "sədrsiz təşkilat" formatının da onun təklifi əsasında gündəmə gəldiyi bildirilir.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, partiyanın əsas məqsədi "ənənəvi müxalifətin" xəyanətlərini ifşa etmək olacaq. Məhz bu səbəbdən də oraya Müsavatdan, AXCP (i)-dən, AMİP-dən, "ACP"-dən, ADP-dən, "Ümid"-dən, həmçinin, "İctimai Palata"dan istefa vermiş gənclər, siyasi funksionerlər dəvət ediləcək. Artıq yeni yaradılacağı planlaşdırılan partiyanın nizamnaməsinin işlənməsi prosedurunun aparılması bildirilməkdədir.

Qeyd edək ki, bu təşəbbüslə çıxış edən R.Bəşirli vaxtilə "cəbhə" sədri Əli Kərimovun yaratdığı "Yeni Fikir" gənclər hərəkatının sədri olmuş, sonradan isə məlum səbəblərə görə həbs edilmişdi. O, həbsdən çıxdıqdan sonra yalnız dövlətçiliyə xidmət edəcəyini bəyan edərək, dağıdıcı müxalifətin pərdəarxası məqamlarını ifşa edəcəyini bildirmişdi.

Bəxtiyar Hacıyev isə Müsavat başqanı İsa Qəmbərova yaxınlığı ilə seçilən gənclərdən biri kimi fəaliyyət göstərib. Həbsxanadan azadlığa çıxdıqdan sonra, dağıdıcılığa qarşı mübarizə aparacağını bəyan etmişdi.

Eyni zamanda, REAL-ın rəhbəri İlqar Məmmədov da vaxtilə siyasi fəaliyyətini AMİP-də göstərmişdi. Hətta Etibar Məmmədovun müavinlərindən biri kimi müəyyən siyasi gedişlərilə yadda qalmışdı.

Bu baxımdan, dağıdıcı müxalifətə qarşı yeni müxalifət partiyasının yaradılması təşəbbüsünün reallaşacağını istisna etmək olmaz. Bu, həm də onu deməyə əsas verir ki, əgər "ənənəvi müxalifət" özü geri çəkilərək, yeni qüvvələrə yol açmayacaqsa, yeni qüvvələrin özləri bu missiyanı üzərlərinə götürəcəklər. Bununla da dağıdıcı müxalifət tədricən siyasi arenadan geri çəkilmək məcburiyyətində qalacaq.


R.RƏSULOV

Digər xəbərlər