PDF Oxu

Müxalifət

  • 66

Bəsitlikdən doğan reallıq

Bəsitlikdən doğan reallıq

Qarşılıqlı ittihamlar dalğasında boğulan müxalifət düşərgəsi ara səngiməmiş növbəti fırtınasını yaşamaqdadır. Həmin vəziyyətin əsas baiskarlarının kimlər olması isə, əslində, çoxdan bəllidir. Məhz seçkilərdən-seçkilərə olan müddətdə ortaya çıxan bu cür dırnaqarası "xalq mücahidləri" özlərini daha çox cəmiyyətə sırımaqdan ötrü, gündəmdə qalmaq xatirinə hər cür yollara əl atırlar. Ancaq bu kimi vasitələrlə imic deyil, tamamilə başqa adın sahiblərinə çevrilirlər.

Bu sırada "ACP"-nin "lideri" Rəsul Quliyev onu ABŞ-da oturub müxalifət üçün heç nə etməməkdə ittiham edən düşərgədəki opponentlərinə cavab verib. O, AXCP (i) və Müsavat rəhbərlərinin onun haqqında dediklərini bəsit və məntiqdən uzaq adlandırıb.

"İctimai Palata"nın vahid namizəd seçib-seçə bilməyəcəyi" sualına cavabda eks-spiker söyləyib ki, "İctimai Palata"nın vahid namizədi təyin edib-edə bilməməsinin xalqa heç bir isti-soyuğu yoxdur: "Mən bu ideyanın qeyri-ciddi olduğunu artıq qeyd etmişəm".

Müxalifətin birləşə bilməməsinin səbəblərindən danışan "ACP" lideri söyləyib ki, Azərbaycanda aparıcı müxalifət görmür: "Onların bir yerdə olub-olmamalarının elə bir əhəmiyyəti yoxdur".

Onu da qeyd edək ki, R.Quliyev özünün təşəbbüsü ilə yaradılan "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"nın fəaliyyətindən razı qalmadığını büruzə verib. Eks-spikerin fikrincə, "hərəkat" ona olan etimadı doğrulda bilməyib: "Bu qurum da xalqdan ayrı yaşayır. Köklü islahat aparmağa cəhd etməliyik, alınmasa, ləğv olunmalıdır".

R.Quliyev bəzi Qərb siyasi dairələri ilə yaxınlığını, eləcə də, onların sifarişləri əsasında işlədiyini də dolayısı ilə etiraf edib. Məsələ ondadır ki, "2013-cü il seçkilərində müxalifətin uğur əldə etməsi üçün hansı təklifi irəli sürürsünüz" sualına "ACP"-nin "lideri" belə cavab verib: Sentyabr və ya oktyabrda konfransda müxtəlif Qərb ölkələrində müzakirələr aparmaq niyyətindəyəm".

Görünür, R.Quliyevin bu kimi açıqlaması hazırda "palata"da cəmləşmiş AXCP (i)-Müsavat cütlüyünün rəhbərlərinin xoşlarına getməyib. Çünki onun bəzi Qərb siyasi dairələri ilə müzakirələr aparmaq niyyətindən kənarda qalan "palata" təmsilçiləri yenidən özlərinə ayrı xarici donorlar axtarmaq məcburiyyətində qalacaqlar. Buna isə vaxt lazımdır. Vaxt isə nə onların, nə də R.Quliyevin xeyirinə işləmir.


RÖVŞƏN

Digər xəbərlər