Dağıdıcı müxalifət düşərgəsində "İctimai Palata"nın vahid namizəd problemi yenə də gündəmdədir. Hələ ki, tərəflərin vahid bir fikirdə olmaması düşərgədəkilərin şəxsi mənafeyini hər şeydən üstün tutduqlarından irəli gəlir. Hazırda Müsavat-AXCP (i)-nin birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"da dağınıq bir vəziyyət hökm sürür. Dağıdıcı düşərgədə təmsil olunanlar arasında vahid namizəd problemi heç cür həll oluna bilmir. Bir tərəfdən Müsavat başqanı İsa Qəmbərov, digər tərəfdən AXCP (i) sədri Əli Kərimov vahid namizəd olmaq üçün bir-birlərinə güzəşt etməyi bacarmır. Bu məsələ tərəflərin didişmələrinə səbəb olub. Elə ona görə də, düşərgə təmsilçiləri təlaş içindədir. Bu hadisənin "İP"-i çökdürməsi də realdır. Bununla bağlı mətbuata açıqlama verən Ərəstun Oruclunun fikirlərindən belə nəticəyə gəlmək olur ki, İ.Qəmbərov vahid namizəd olsa, Ə.Kərimov "İctimai Palata"nı dağıdacaq və ya Ə.Kərimov vahid namizəd olarsa, İ.Qəmbərov "İctimai Palata"nı dağıdacaq. Ə.Oruclunun fikirlərinə görə nə İ.Qəmbərov nə də Ə.Kərimov namizədliyə yaramır. O, Kənardan başqa birinin gəlməsinin tərəfdarıdır. Hətta o bildirir ki, tərəflərdən biri belə addım atıb, öz namizədliyini irəli sürərsə, "İctimai Palata"nı dağıdacaqsa, onda "İP"-indi dağılması məsləhətdir. Daha sonra dağıdıcı düşərgədəki ənənədən narazı olan Ə.Oruclu qeyd edib ki, onsuz da "İP"-in qalmağına ehtiyac yoxdur. Ümumilikdə, öz fikirləri özünə xoş gələn Ə.Oruclu əks-tədqirdə "İP"-i birinci olaraq, tərk edəcəyini bəyan edib. Görəsən, bu Ə.Oruclu Ə.Kərimovu və ya İ.Qəmbərovu tanımır? Bilmir ki, bunlar hansı əqidənin sahibidir? Məgər "İctimai Palata"da ağıllı adam var? 5-6 sarsaq adamın toplaşdığı bu birlikdə özləri-özlərini didir. "İctimai Palata" yaranandan bu günə qədər orada vahid bir mövqe olmayıb və olmayacaq da. Bir-birlərini mütamadi təhqir edən bu şəxslər, çətin ki, ortaq bir məxrəcə gələ bilsinlər. Hər halda, Ə.Oruclunun fikirləri də dağıdıcı müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Yəqin bu da vahid namizəd olmaq iddiasındadı. Qəribədir, "İP"-də kim varsa, vahid namizəd uğrunda mübarizə aparır. Amma görəsən, kimdən dəstək gözləyirlər? Əgər xalqdan dəstək gözləyirlərsə, Azərbaycan xalqı zamanında öz seçimini edib və seçimində də yanılmayıb. Sadəcə bekar, tüfeyli həyat tərzi sürən dağıdıcı müxalifət təmsilçiləri bunu zamanında bir daha anlayacaqlar.
Babək Hacıyev