Hər bir siyasi partiya müəyyən müddət ərzində qurultaylar keçirməklə, siyasi təşkilatı daha nüfuzlu edəcək, siyasi proseslərdə əhəmiyyətli rol oynayacaq partiyaya çevirəcək lideri müəyyən edirlər. Bu seçim isə, əlbəttə ki, həmin partiyanın üzvlərinin iradəsindən irəli gəlir və keçmiş liderin səriştəsizliyi tarixin arxivinə göndərilmək üçün reallaşdırılır. Əlbəttə ki, bəzi hallarda elə partiya liderləri olur ki, onlar siyasi təşkilatın səmərəsiz fəaliyyətini aradan qaldıra bilmədiyindən özləri istefa verirlər. Lakin bu cür prosedur addımlar, deyəsən, Müsavat partiyasından yan keçib.
Son günlər ərzində bu partiya daxilindəki qarşıdurmalar və maraqların uzlaşmaması tendensiyası sezilməkdədir. Başqanlığa iddialı olanlarla hazırkı sədr arasında olan fikir ayrılıqları Müsavat daxilində ikitirəliyin yaranmasına səbəb olub. Birincisi, İsa Qəmbərovun başqan kimi qalmasını istəyənlər, ikincisi, onun başqanlıqdan getməsini gözləyənlər partiya daxilində ciddi çatlar yaradıblar. Arif Hacıyevin ikincilərin başında durması, eyni zamanda, onun AXCP (i) sədri ilə gizli sövdələşməyə getməsi bu çatı daha da dərinləşdirir. Həmçinin, əvvəllər İ.Qəmbərovun yanında olmuş bəzi funksionerlərin isə partiyadan uzaqlaşması və hazırkı başqana qarşı çıxması Müsavat partiyasının vəziyyətini daha da ağırlaşdırır. Belə olan şəraitdə, Müsavat partiyasının ölkənin siyasi palitrasındakı yeri daha da geriləyir, həmçinin, onun olan-qalan sosial bazası da dağılmağa başlayır. Ona görə də, Müsavat partiyası qurultaya gedə bilmir.
Bu partiyanın qurultaya gedə bilməməsini İ.Qəmbərov və onu dəstəkləyənlər yer məsələsilə pərdələməyə çalışsalar da, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov əsil səbəbləri açıq şəkildə cəmiyyətə çatdırıb. Millət vəkili bildirib ki, Müsavat partiyasında ciddi fikir ayrılığı var və başqan kimi çox adam namizədliyini irəli sürməyə hazırdır. Partiyanın daxilində də, regional təşkilatlardan da məlumatımız var ki, ciddi şəkildə İ.Qəmbərovun partiyanın sədri seçilməsinin əleyhinədirlər. Onun fikrincə, İ.Qəmbərov bu partiyanı geri aparır: "Partiyanın tərkibində hər hansı bir islahat yoxdur, partiyaya gənclər cəlb olunmur, eyni insanlardan ibarət bir qurumdur. Bu baxımdan da, onlar 2013-ci ilin seçkilərinə qədər qurultayı uzadacaqlar. Əksəriyyət istəyir ki, İ.Qəmbərov getsin, ona görə də qurultay keçirilmir".
Deputat deyib ki, İ.Qəmbərov hər seçkidə məğlub olur: "Azərbaycanda nümunə var. Etibar Məmmədov Milli İstiqlal Partiyasından qırağa çəkildi. Dedi ki, "buyurun, partiyanın fəaliyyətini mən tənzimləyə bilmirəm". Ona görə də partiya lideri kimi qalır və qalan hallarda partiyanın sədri var və idarə edən sturuktur var. İ.Qəmbərov də nümunə göstərsin.
Müsavata qurultay üçün yer ayrılıb, ayrılan yerdə də gedib qurultaylarını keçirsinlər. Orda-burda mitinq keçirmək bəhanəsi ilə gah oranı, gah buranı istəyirlər, sosial bazası olmayanda, həmişə elə olur. Yer ayrılıb getsinlər ora, Maştağa Azərbaycan deyil? Rəsulzadənin də abidəsinə yaxındır ora, getsinlər".
Qurultay nümayəndələrinin Maştağada ayrılan zala yerləşməyəcəyi məsələsinə gəlincə, deputat deyib ki, say baxımından Müsavatın o qədər üzvü yoxdur: "Ora 300 nəfər tutur. Onlar bu zalı doldurmaq üçün 300 nəfər ordan-burdan, o biri partiyalardan borc alacaqlar. Mitinqə 40 partiya, "İctimai Palata" 1500 adam gətirə bilmirsə, Müsavat haradan gətirəcək 300 nəfəri qurultaya".
S.Novruzov onu da qeyd edib ki, onda məlumat var ki, Müsavat Partiyası qurultay keçirməyəcək. Qurultay keçsə, İ.Qəmbərovu partiyadan uzaqlaşdıracaqlar.
Göründüyü kimi, siyasilərin fikrincə, Müsavat partiyasının daxilində vəziyyət gərgindir və tez bir zamanda bu, özünü partlayışla büruzə verəcək. Çünki Müsavat partiyasının diktator başqanı özündən başqa heç kəsi kreslosunda görmək istəmir. Məhz ötən illər ərzində onlarla insanın Müsavat partiyasını tərk etməsi və öz istəkləri əsasında başqa partiyalara üzv olmaları bir daha sübut edirdi ki, İ.Qəmbərovun Müsavatın başında başqan kimi qalması qəbul edilmir. Düşünürük ki, İ.Qəmbərov artıq başqanlığı təhvil verib, hətta siyasətdən də uzaqlaşmalıdır. Ona görə ki, siyasətlə məşğul olmaq elə İsa Qəmbərovluq deyil.
"Səs" Analitik Qrupu