Son zamanlar "ACP" lideri Rəsul Quliyevin bütövlükdə
dağıdıcı müxalifətə qarşı ittihamlarla çıxış etməsi həm "İctimai Palata"ya
həm də partiyasının təmsil olunduğu "Müqavimət Hərəkatı"na savaş elan
etməsi düşərgənin hər iki qütbü tərəfindən hiddətlə qarşılanmaqdadır. Belə ki, hələ
bir müddət bundan öncə "İP" təmsilçisi, qurumun koordinasiya şurasının
üzvü Pənah Hüseynovun R.Quliyevi siyasi təlxək adlandırması, eləcə də, AXCP (i)
sədr müavini Fuad Qəhrəmanlının onun siyasətdən getməsi haqqında fikirlərini açıqlaması
deyilənlərdə öz təsdiqini tapmaqdadır.
Bəybala Əbilov: "Rəsul Quliyev tərəfindən sərgilənən
münasibət çox qeyri-ciddidir"
Lakin "ACP" liderinin öz qütbü tərəfindən də hücumlara
məruz qalması artıq, onun həqiqətən də, yarasız fərd olduğunu sübut edir. Məsələ
ondadır ki, baş verənlərə şərh verən "Müqavimət Hərəkatı"nın üzvü,
"KXCP" Ali Məclisdinin sədri Bəybala Əbilov məhz R.Quliyevin təşəbbüsü
ilə yaradılan "hərəkat"ın etimadları doğrultmamasını, qurumun separatçı
adlandırmasını və ümumiyyətlə ləğv edilməsini bu cür izah edib: "Müqavimət
Hərəkatı" bir neçə partiyanın birləşməsindən əmələ gəlib və onun başında konkret
bir orqan, sədrlər şurası dayanıb. R.Quliyev hərəkatda yalnız bir partiya vasitəsilə
təmsil olunur. Ona görə də qurumda islahatların aparılması, yaxud onun buraxılması
sədrlər şurasının səlahiyyətindədir. Bu, bir nəfərin mətbuata açıqlaması ilə həll
oluna bilməz. Bu cür məsələlərin mətbuata çıxarılmasını düzgün hesab etmirəm".Bu kimi açıqlama isə, onu deməyə əsas verir ki, hazırda
"hərəkat"da heç də normal mühit mövcud deyil və hazırda "ACP"-nin
oradan uzaqlaşdırılması istiqamətində planlar hazırlanır. "Hesab edirəm ki,
R.Quliyev tərəfindən sərgilənən münasibət çox qeyri-ciddidir" deyən B.Əbilov
verilən proqnozların həqiqətə uyğunluğunu istisna etməyib.
Mirmahmud Fəttayevin məqsədi nədir?
Məsələ ondadır ki, R.Quliyevin maliyyəsi əsasında yaradılmış
"hərəkat"ın mövcudluğu bundan sonra onsuz davam etdiriləcək. Əldə etdiyimiz
məlumatlata görə, bu barədə qərara "KXCP" sədri Mirmahmud Fəttayev gəlib.
Məhz bu səbəbdən də ilk öncə öz müavin funksioneri - B.Əbilovun mətbuata açıqlama
verməsini istəyib. Çünki onun əsas məqsədi sonrakı situasiyaya qiymət verməkdən
ibarətdir. Yəni M.Fəttayev R.Quliyevin maliyyəsini əldən vermək istəmədiyi üçün,
B.Əbilov vasitəçiliyindən istifadə edib. Əgər R.Quliyev B.Əbilovun onun ətrafından
uzaqlaşmasını istəsə, bu, baş verəcək. Nəticədə, öz funksionerini itirməyə hazır
olan M.Fəttayev ikili oyun oynamaqda davam edib.
RƏFİQƏ