Dağıdıcı müxalifət düşərgəsində gedən aqressiv qarşıdurmalar təkcə həmin çərçivədə deyil, eləcə də, sosial şəbəkələrdə davam etdirilməkdədir. "Facebook" və "Tvitter" kimi şəbəkələr vasitəsilə diskussiyadan daha çox partiyalararası söz savaşı təsiri bağışlayan yazışmalarda həm "cəbhə", həm də Müsavat partiyalarına yxınlıqları ilə seçilən şəxslər arasında ciddi nifaqlar yaşanmaqdadır. Əlbəttə ki, əsas mövzu yenə də hər prezident seçkilərindən öncə olduğu kimi, vahid namizəd məsələsi üzərində cərəyan edir. Bu baxımdan, AXCP (i)-nin toruna düşmüşlər Əli Kərimovun, Müsavatın toruna düşənlər isə İsa Qəmbərovun "vahid namizəd" kimi daha üstün şanslara malik olduqlarını müxtəlif dırnaqarası arqumentlərlə sübut etməyə cəhd göstərirlər. Nəticədə, baş verənlər özündə bir çox görünməyən tərəfləri gün işığına çıxarır ki, bu amil həqiqətən də, "palata"nın 2013-cü ilə gedib çıxmayacağını təsdiq edir.
Pənah Hüseynov "dovşana qaç, tazıya tut" deyir
Digər tərəfdən, "İctimai Palata"nın daha bir funksioneri oradakı vəziyyəti gərgin saxlamaqda davam edir. Bu, adıçəkilən qurumun koordinasiya şurasının üzvü Pənah Hüseynovdur. Məsələ ondadır ki, onun gah bir, gah da digər tərəfin mövqeyini dəstəkləməsi özündə bir növ belə bir misalı xatırladır. Həmin misal isə "dovşana qaç, tazıya tut" kəlamıdır. Düzdür, o, təmsil olunduğu düşərgənin vahid namizədi müəyyənləşdirməsinin vaxtı çatdığını desə də, əslində, bunun baş verməyəcəyini də dərk edir. Bu baxımdan, gündəmdə qalmaq xatirinə yenidən "kölgə kabinet"i məsələsini qabardır . Bu vasitə ilə o, müxalifətin "vahid namizədi"nin kim olacağını, nəhayət ki, müəyyənləşdiriləcəyini iddia edir: "Mənim fikrimcə, biz nəhayət, alternativ komandamızı, kölgə kabinetimizi yaratmalıyıq, eləcə də, 2013-cü ildə müxalifətin namizədinin kim olacağıyla bağlı sual üzərində düşünməliyik. Bəziləri bunu aktual saymır, ancaq biz istəməsək belə, bu sual qarşımıza çıxacaq".
Göründüyü kimi, P.Hüseynovun belə bir açıqlama ilə çıxış etməsi onun özünün də deyilənlərin reallaşmayacağına inamsızlığını ifadə edir. Yəni qarşıya çıxacaq sualın cavabsız qalacağını yəqinləşdirir. Eyni zamanda, P.Hüseynov "vahid namizəd" məsələsini gündəmə gətirsə də, "palata"nın 2013-cü il seçkilərində namizədi olaraq kimi gördüyünü açıqlamayıb.
Arif Hacıyev nə qədər səmimidir?
Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyevin bu günlərdə ortaya daha konkret mövqe qoyması da bəzi məsələləri üzə çıxarır. Belə ki, o, 2013-cü il prezident seçkilərində özünün müdafiə edəcəyi namizədin İsa Qəmbərov olduğunu bildirib. Lakin dediklərinin heç də səmimi omadığı üzə çıxıb. Çünki hələ həbsdə olarkən, A.Hacıyev partiya başqanlığına namizədliyini irəli sürüb və bununla da başqanı İ.Qəmbərova qarşı iddiasını sərgiləyib. O, həmçinin, "İctimai Palata"nın parçalanacağını da istisna etməyib. Çünki qurumun parçalanması həm də onun daha rahat şəkildə fəaliyyətinə səbəb olacaq faktordur: "Əgər vahid namizəd problemi müzakirə olunacağı halda, "İctimai Palata"nın parçalanması təhlükəsi mövcuddursa, o, indi baş verməlidir. Biz əgər "İctimai Palata"nın bu sınaqdan çıxacağına əmin deyiliksə, bu problemi konservləşdirib sonrakı dövrə saxlamalı deyilik".
AXCP (i)-nin planı nədir?
Müsavatdan fərqli olaraq, "cəbhəçilər" guya vahid namizəd məsələsində "korrekt" davranmağa, bununla da müəyyən dividendlərə nail olmağa çalışırlar. Sanki keçən il gündəmə gətirilən Müsavat və AXCP (i)-nin birləşməsi məsələsində olduğu kimi. Xatırladaq ki, həmin dövrdə AXCP (i) ali məclisi Müsavatla birləşmə barədə qərar qəbul etdi və Müsavatı müəyyən fakt qarşısında qoydu. Lakin Müsavatla birləşmək məsələsində heç də maraqlı olmayan AXCP (i) təmsilçiləri "birləşmə oyunu"nda düzgün tərəf kimi görünmək, Müsavat rəhbərliyini birləşməyə maneəçilik törətməkdə günahlandırmaqdan ötrü bu cür qərar verdilər. Bütövlükdə isə, birləşmənin baş tutmayacağı həmin məsələ gündəmə gələn gündən həm Ə.Kərimova, həm də İ.Qəmbərova kifayət qədər bəlli idi. Yəni baş verənlər Ə.Kərimov səmimiyyətsizliyinin bir tərəfi kimi başa düşüldü.
Bitərəfələr artıq "İP"dən istefa barədə düşünürlər
"İctimai Palata"da bir çoxları haqlı şəkildə hesab edirlər ki, vahid namizəd məsələsinin müzakirə olunmasının vaxtı deyil. Onlar bu müzakirənin əleyhinədir. Hətta bu mövqe bir ara "İctimai Palata"nın koordinasiya şurası tərəfindən də bəzi şəxslər tərəfindən dəstəkləndi. Belə ki, koordinasiya şurası vahid namizəd məsələsinin gündəmdən çıxarılması barədə qərar verdi. Ancaq buna baxmayaraq, vahid namizəd məsələsi ilə bağlı "cəbhəçilər" və müsavatçılar arasında davam edən amansız sosial şəbəkə savaşları daha da kəskin xarakter almaqdadır.
Zaman-zaman müxalifətin parçalanmasına, partiyalar arasına təfriqə salınmasına səbəb olan vahid namizəd məsələsi isə bu yolla "İP"-in tükdən sallanmasına rəvac verir.
RÖVŞƏN RƏSULOV