Tofiq Yaqublu:
Qərb yandırıb bizə yaşıl gur işıq,
Birliyə dəvətli Cünun tək aşıq,
İsa ilə Əli "İP"-ə yaraşıq,
Bizim potensial tükənən deyil.
Nurəddin Məmmədli:
Təcrübə toplayıb, qocalıbdı "İP",
Şərqdən Qərbətək gur səs salıbdı "İP",
Bossların gözündə ucalıbdı "İP",
Bir çox qurumlar var "İP"-ə tən deyil.
Tofiq Yaqublu:
"İP"-dəki post özü post ödəyirsə,
Bədxahlar adi bir kos ödəyirsə,
Qrantı bizlərə boss ödəyirsə,
Deməli, vətən də o vətən deyil.
Nurəddin Məmmədli:
Əli Qərb arzular zərif gül üçün,
Tonqal eşələyir İsa kül üçün,
Boss hörmət göstərir təkamül üçün,
Etdiyi hörmət də heç itən deyil.
Tofiq Yaqublu:
İş aşmaz bir umu, bir küsü ilə,
Liderlər tanınar zər kürsü ilə,
Qurum getməkdədi düz relsi ilə,
"İP" öz düz yolundan yan ötən deyil.
Nurəddin Məmmədli:
Qərbdə var maraqlı, sirli nüanslar,
Bizim "İP" zər, gümüş mədənşünaslar,
Əli ilə İsa gödənşünaslar,
Boss payı yeməyən heç gödən deyil.
Tofiq Yaqublu:
Bir vaxt qırğın getdi boz boyaq üstə,
Yüksələ bilmədi "İP" dayaq üstə,
Boss saxlar bizləri düz ayaq üstə,
Gücdən düşən bədən şux bədən deyil.
Nurəddin Məmmədli:
"İP"-də problemlər dizə dirənib,
Liderlər ümidsiz, bizə dirənib,
Son vaxtlar İsa bəy üzə dirənib,
Sentini almasa, o, gedən deyil.
Tofiq Yaqublu:
İsa dediyini yeritmək istər,
Toxtamayan bəyi kiritmək istər,
"İP" böyük məbləği əritmək istər,
Nahaq pul xərcləməz, Qərb mədən deyil.
Nurəddin Məmmədli:
Boss "İP"-ə həmişə bol çiyid verib,
Çiyid də bəhrəsiz yüz söyüd verib,
İsaya Əli bəy çox öyüd verib,
Deyib boss töhfəsi boş mədən deyil.
Tofiq Yaqublu:
Hər alət xoş ruhlu zərb ola bilməz,
Bir əsas olmasa, hərb ola bilməz,
Hər sərvətli ölkə Qərb ola bilməz,
Hər bədəvi mülkü, bil, Ədən deyil.
Nurəddin Məmmədli:
Üzvləri sədrlik üstə yoluşan,
Bir "Yurd"du qrantçün yanan-alışan,
Əlidi tərəqqi üçün çalışan,
"İP"-də İsa bunu heç edən deyil.
Tofiq Yaqublu:
Qrantçün bükülüb iki qat duran,
Qərbin hüzurunda hey rahat duran,
İsadı çinar tək farağat duran,
Əli boss yolunda heç bitən deyil.
Nurəddin Məmmədli:
"İP"-in özünə də töhfəsi soyuq,
Sənin liderinin həvəsi soyuq,
Həmişə İsanın nəfəsi soyuq,
Əli yandırandı, o, ütən deyil.
Tofiq Yaqublu:
Əli qurudardı ümman, dəryanı,
İsa bəy çəkərdi burda ziyanı,
Cibinə doldursan düzü-dünyanı,
Sənin Əlin üçün o, yetən deyil.
Nurəddin Məmmədli:
Əli bəy cəbhədə şirəli olub,
İsa ölgün, bitli-birəli olub,
Cəbhə Müsavatdan irəli olub,
İsa bəy Əliyə heç də tən deyil.
Tofiq Yaqublu:
Təqsirkar bir zaman yanacaq burda,
Yalançı iddia sınacaq burda,
Sənin-mənim fikrim donacaq burda,
Onlar bir-birini heç didən deyil.
Nurəddin Məmmədli:
Hökm, sərtlik damır mizlərimizdən,
Qərb tanıyır bizi izlərimizdən,
Yağır mehribanlıq gözlərimizdən,
İşıldayan göz də heç didən deyil.
Tofiq Yaqublu:
Dığa təklif edir ancaq hərb bizə,
Bosslar da endirir güclü zərb bizə,
Çox parça göndərir indi Qərb bizə,
Narıncı kətən də o kətən deyil.
Nurəddin Məmmədli:
Bossların önündə çox vaxt tək qalıb,
İsa boyun əyib, daim alçalıb,
Bossun qabağında Əli əl çalıb,
Natiq bülbül kimi heç ötən deyil.
Tofiq Yaqublu:
İsaya Qərbdəki bosslar dayaqdı,
Gecə də, gündüz də daim oyaqdı,
Burda İsa qəlbi əsil mayakdı,
"İP"-in yolu üstü duman-çən deyil.
Nurəddin Məmmədli:
İsa əvvəlki tək nəfsinin qulu,
Cibində qurtarıb sonuncu pulu,
Yaman bağlanıbdı başqanlıq yolu,
Sənin İsa bəyin nəsə şən deyil.
MİRZƏ QƏRƏNFİL