"İctimai Palata"nın parçalanması ilə yanaşı, oranı tərk edənlərin "ACP"-yə üz tutmaları özündə bir sıra maraqlı məqamları üzə çıxarır. Belə ki, istefa verənlərin əksər hissəsi həm Müsavatın, həm də "cəbhənin" üzvləridir ki, artıq, onların yeni ünvanları "ACP"-dir. Sözsüz ki, bu planı işləyib hazırlayan "ACP" sədri Sülhəddin Əkbər eks-"palataçıları" müəyyən vədlərlə şirnikləndirərək, özünə tərəf çəkib.
Vəzifə təyinatları Müsavat və AXCP (i)-ni bir-birinə qatıb
Hətta onların çoxuna partiyada vəzifələr də verilib. Adıçəkilən partiyanın mərkəzi aparatının iclasında baş tutan təyinatlardan da bunu görmək mümkündür. Müsavat məclisinin keçmiş üzvü, "İctimai Palata"nın təsisçilərindən olan Ramiz Mirzəoğlu "ACP" sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri təyin olunub. Eyni zamanda, bir neçə gün əvvəl "ACP" sıralarına qəbul olunan AXCP (i) təşkilat komitəsinin keçmiş üzvü Salman Əliyev isə "ACP" sədrinin informasiya siyasəti üzrə müşaviri təyin olunub. Qeyd edək ki, S.Əliyev də "İctimai Palata"nın üzvü olub. Həmçinin, bundan başqa S.Əkbərin rəhbərlik etdiyi partiyanın mərkəzi aparatının iclasında 19 şəxsin "ACP"-yə üzvlük üçün müraciəti müsbət cavablandırılıb. Onların arasında ADP, Müsavat və AXCP (i)-nin keçmiş üzvləri çoxluq təşkil edir.
Düşərgə ciddi qarşıdurmalar astanasında
Bu kimi səbəblərdən, sıralarının sürətlə boşaldığını görən Müsavat və AXCP (i) funksionerləri baş verənlərin qarşısını almaqda aciz görünürlər. Məsələ ondadır ki, həm də "İP"-də saxlaya bilmədikləri adamların da onları tərk etmələri vəziyyəti kifayət qədər qəlizləşdirib. Bu baxımdan, artıq siyasi iflasın astanasında olan monopolist "liderlər" açıq hücuma keçmək qərarına gəliblər. Buna misal kimi, son zamanlar həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun Rəsul Quliyev barədə kəskin fikirlər bildirmələri buna sübutdur. R.Quliyev isə, öz növbəsində, həm "palata"nı, həm də monopolist partiya sədrlərini hər tərəfdən baltalayır. Hələ ki, səthi təsir bağışlayan qarşıdurmaların getdikcə daha kəskin xarakter almasına isə elə də çox zaman qalmayıb. "ACP"-nin müxalifətdaxili irəliləməsi proseduru verilən proqnozları doğrultmaqdadır.
R.Hüseynova