Bir-birlərindən xəlvəti gizli görüşlər keçirən AXCP (i) və Müsavat rəhbərləri sonradan həmin görüşlərdən möhkəm xoflanmağa başlayırlar. Belə xoflardan, yəni narahatlıq keçirməyə başlayanlardan biri də İsa Qəmbərovdur. Məsələ ondadır ki, AXCP (i) sədri Əli Kərimov REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovla gizli görüş keçirib və həmin görüşdən sızan məlumatlara görə, hər ikisi müəyyən razılıq əldə ediblər. Xatırladaq ki, bir müddət bundan öncə, İ.Məmmədov Müsavat partiyasının başqanı İ.Qəmbərovu hədəfə almışdı. O, Müsavat başqanını beynəlxalq qurumlarla görüşlərdə Qarabağ münaqişəsindən söz açmamaqda günahlandırıb: "Onun başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub".
Əldə etdiyimiz məlumatlara görə, iki gün əvvəl AXCP (i) sədri REAL rəhbəri ilə birlikdə futbol matçı seyr edib, birgə çay içiblər. Nəticədə, Ə.Kərimovun bu görüşü Müsavat rəhbərliyində qısqanclıqla qarşılanıb və İ.Qəmbərov narahat olub. Hətta bu məsələ partiyanın toplantısında da müzakirə edilib və "cəbhə" sədri qınanılıb.
Ətrafı Əli Kərimovu diktator adlandırır, "cəbhədə" isə Müsavat başqanına qarşı kampaniyaya start veriləcək
AXCP (i) rəhbərliyi ilə vaxtilə yaxın olan satirik şair Mirzə Sakit əvvəllər üzv olduğu partiyanı və onun sədrini ağ yuyub, qara sərib. Verdiyi müsahibədə, eləcə də, sosial şəbəkələrdə yazdığı misralarında Ə.Kərimovu "diktator" adlandıran şair İ.Qəmbərovu yaxını kimi xarakterizə edib. Bu hadisə də AXCP (i)-yə pis təsir edib. Onlar M.Sakitin bu tonda danışmasının arxasında Müsavat partiyasının durmadığını bilsələr də, onun bəzi müsavatçılar tərəfindən qızışdırıldığını iddia ediblər. Artıq AXCP (i) rəhbərliyi öz yaxınlarına Müsavat partiyasını və şəxsən İ. Qəmbərovu hədəfə almaq haqqında göstəriş verib. Yaxın günlərdə kimlərsə mətbuatda İ.Qəmbərovun əleyhinə açıqlamalar verəcək, sosial şəbəkələrdə saxta profillərdən istifadə olunacaq.
R.NURƏDDİNOĞLU