Dağıdıcı müxalifət düşərgəsində görünməmiş düyünlü ilginc olaylar, hələ də, səbəbi açıqlanmayan qarşıdurmalar davam edir. Artıq bir neçə qütbə bölünmüş müxalifət cəbhəsində, demək olar ki, sabitlik tamamilə pozulub.
Əhməd Oruc yenə də ittihamçı rolunda
Artıq "Azadlıq" partiyasının sədri Əhməd Oruc müxalifət partiya sədrlərinin şəxsi maraqlardan çıxış etmələrinə kəskin münasibət bildirib. Ə.Oruc açıq şəkildə bəyantlarının sırf müttəfiqlərini ona qarşı yönəlmiş təxribatlarını alt-üst etməyə hesablandığını deyib. Qeyd edək ki, Ə.Orucun sərt açıqlamaları və müttəfiqlərini belə hədəfə alması təmsil olunduğu "DUİ" sədrlər şurasında, eləcə də, ayırıca olaraq, "KXCP"-də müzakirə olunub. Onun "KXCP" üzvlərinin addımlarına sərt mövqe ortaya qoyması, bu müstəvidə Mirmahmud Fəttayevə qarşı çıxması, olan münasibəti pisləşdirib. Artıq "KXCP" rəhbərliyi Ə.Orucla bağlı konkret qərar qəbul etmək fikrindədir. Partiyadan bildirilib ki, əgər partiya sədri müttəfiqləri ilə münasibətləri yoluna qoymasa, ittifaqdan kənarlaşdırıla bilər. Ə.Oruc isə növbəti dəfə mətbuata açıqlamasında bu informasiyanı təkzib edib.
Amma bütün bunlara baxmayaraq, Ə.Orucun təkzibi özünü təsdiqləməyib.
Mirmahmud Fəyyatev "Azadlıq" sədrinə qarşı açıq hücum taktikası seçib
"KXCP"-dən sızan məlumatlara görə, M.Fəttayev daha öncələr Ə.Orucun davranışları ilə bağlı üstüörtülü danışsa da, hazırda bunu açıq müstəvidə edir. Onun bu günlərdə "Əhməd Oruc siyasətini müəyyənləşdirərkən, tələskənliyə yol verir" açıqlaması da bunu deməyə əsas verir. Belə ki, hələ uzun müddət bundan öncə hər iki partiya sədləri arasında aparılan danışıqlarda M.Fəttayev Ə.Orucu müxalifətdə "nüfuz" qazandıracağına söz vermişdi. Amma müqabində, "Azadlıq" sədrinə ona işləməyi təklif edərək, qruplaşmasında iştirakını tələb etmişdi. Bununla razılaşmış Ə.Oruc sonradan vədinə xilaf çıxmış, "klassiklər"in özbaşına olduqlarını, sədrlərinin sözünə qulaq asmadıqlarını iddia etmişdi. Bu isə onun M.Fəttayevin yanında əbədi qalmayacağına işarə idi.
Bəlli olub ki, M.Fəttayev Ə.Orucun müxalifət düşərgəsindən silinməsi istiqamətində müəyyən tədbirlər görməkdədir. Onun həm qarşı düşərgədə - "İctimai Palata"da, həm də "DUİ"-də və "Müqavimət Hərəkatı"nda fəaliyyətinin kənarlaşdırılması istiqamətindəki planlarından növbətisi bu yaxınlarda bəlli olacaq.
R.Hüseynova