PDF Oxu

Müxalifət

  • 71

Əhməd Oruc "real müxalifət"

Əhməd Oruc "real müxalifət"

Müxalifət düşərgəsində təmsil olunan hansı siyasi partiyanın "real müxalifət" olması iddiaları həmin düşərgədə fəaliyyət göstərən digər siyasi təşkilat sədrlərinin də qınaqlarına səbəb olmaqdadır. Belə ki, "Azadlıq" partiyasının sədri Əhməd Oruc bu barədə fikirlərini bildirərkən, əslində, həmin tendensiyanın mövcud olmadığını, eləcə də, "real müxalifət" anlayışının, ümumiyyətlə, heç bir önəm daşımadığını deyib. Onu da xatırladaq ki, Ə.Oruc müxalifətdə təmsil olunsa da, bu düşərgənin səhvlərini ciddi surətdə tənqid edən şəxslərdəndir. O, nəinki "İctimai Palata"nı, hətta təmsil olunduğu "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"nı da ciddi qurum kimi qəbul etmir.


"Mən Rəsul Quliyevin hərəkatla bağlı işlətdiyi fikirlərlə razılaşmıram"


"Hərəkat"da fikir ayrılıqlarının olduğunu istisna etməyən partiya sədri burada bilavasitə "ACP" lideri Rəsul Quliyevi ittiham edib: "Mən onun hərəkatla bağlı işlətdiyi fikirlərlə razılaşmıram. O, hesab edir ki, Azərbaycanda siyasi fəallıq göstərilsə, on minlərlə insan meydana çıxar və s. R.Quliyevin gözləntiləri ilə real durum bir-birinə adekvat deyil. R.Quliyev ona verilən doğru olmayan hesabatlar və təhlillər nəticəsində belə qənaətə gələ bilər".

Qeyd edək ki, Ə.Oruc "Müqavimət Hərəkatı" ilə "İctimai Palata" arasında münasibətlərə də toxunub və bildirib ki, onlar keçirdikləri mitinqlərdə "Müqavimət Hərəkatı"nın nümayəndələrinə söz verməmiş və pis münasibət göstərmişdi: "Onlar görüntü yaratmaq istəyirlər ki, guya "İctimai Palata"dan kənarda müxalifət yoxdur və müxalifətin vahid namizədi ideyası ilə İsa Qəmbərlə Əli Kərimlinin adı ətrafında müzakirələrin aparıldığını nümayiş etdirirlər. Açığını deyim ki, bu şəxslərin heç biri prezident səlahiyyətlərini həyata keçirmək qabiliyyətində deyil. Onlardan biri Milli Məclisin sədri, digəri dövlət katibi kimi yüksək post tutub. Konkret detallara getməklə, mən bunların kadr kimi də yararsız olduğunu sübuta yetirə bilərəm. Onların digər blok və partiyalarla əməkdaşlıq etməməsi, bloka girməməsi də bununla bağlıdır".


R.NURƏDDİNOĞLU

Digər xəbərlər