PDF Oxu

Müxalifət

  • 76

"İP"-in süqutu ətrafında söhbət

"İP"-in süqutu ətrafında söhbət

Qabil Hüseynli:

Gedən kəs özündən şübhəli getsin,

Bir ağıllı qalsın, min dəli getsin,

Getmək istəyirsə, qoy Əli getsin,

İsa "palata"nı möhkəmləndirər.


Razi Nurullayev:

Üsyan Məcnununa olubdu Leyli,

Potensialı var arxada xeyli,

İndi dağıtmağa yönəlib meyli,

Əli İsanı da zökəmləndirər.


Qabil Hüseynli:

Gedər arxasınca kütlə-cəmisi,

Gözləmə ki, batar İsa gəmisi,

"İP"-dən üz döndərir Əli kimisi,

Bu amil İsanı ötkəmləndirir.


Razi Nurullayev:

Hirslənər, nə qədər çevirsə valı,

Yenə bəd gətirdi başqanın xalı,

İsanın gördüyün bu müdhiş halı,

Əlini gün-gündən lap dəmləndirir.


Qabil Hüseynli:

Öndədi İsanın xoş uğur yolu,

Uzundu, Qərbə də çatmaqda qolu,

Qərargahın önü kütləylə dolu,

Yeni bir komanda da cəmləndirir.


Razi Nurullayev:

Matəm çalmasıdı başda çalması,

Olacaq bossdan da töhmət alması,

Artıq "palata"da tənha qalması,

Bilirik, İsanı çox qəmləndirir.


Qabil Hüseynli:

"İP"-in bədənində Əli bir zəli,

"İsa, əsil başqan" sözün əzəli,

Əlbəttə, yüksəkdi İsanın zili,

Uğur zənguləsi həm bəmləndirir.


Razi Nurullayev:

Başqana diriykən Əli gor verdi,

Balıq ovu üçün əvvəl tor verdi,

Elə ki İsaya sərt otpor verdi,

Əli hamamında ruh nəmləndirir.


Qabil Hüseynli:

Başqan qrantını xaricdən alar,

"İP"-də də daima kürsüdə qalar,

"Yurd" Əli tezliklə qrantsız qalar,

İsanı Qərbdəki şef yemləndirir.


Razi Nurullayev:

Kilsədə yandırdı Əli şamları,

Çevirdi başına dolu camları,

Əlinin çox haqlı ittihamları,

İsanın ruhunu lap simləndirər.


Qabil Hüseynli:

Bossun ünvanına hey mələr İsa,

Əlinin bağrını həm dələr İsa,

"İP"-in kürsüsündə yüksələr İsa,

Qərbə xoş səfəri qədəmləndirir.


Razi Nurullayev:

Əli məqamında hellədi tiri,

Süqut meydanıdır yeganə yeri,

Sənin İsa bəyin simicin biri,

Özünü gözlərdə Hətəmləndirər.


Qabil Hüseynli:

Daşdan keçəsidi İsa qınağı,

Sədrindi keçirən indi sınağı,

Çəkib sinəsinə Əlinin dağı,

Başqan "Yurd" sədrini sitəmləndirir.


Razi Nurullayev:

Sorğusuz-sualsız həddi aşaraq,

Cızığından çıxan İsa coşaraq,

Sizin kimiləri Qərbə qoşaraq,

Bossları önündə sələmləndirir.


Qabil Hüseynli:

Donoslarla dolu şəxsi köşəsi,

Viskidən artıbdı xeyli nəşəsi,

Tükəndiyi üçün işi-peşəsi,

Əli donosları qələmləndirir.


Razi Nurullayev:

"İP"-də olan andan həddi aşıbdı,

İsa cılızlaşıb, xeyli çaşıbdı,

Son vaxtlar bir qədər xırdalaşıbdı,

İsa öz başını kələmləndirir.


Qabil Hüseynli:

Fillər qulağında yatmaqda Əli,

"İP"-i də, iti də atmaqda Əli,

Macalı-macala satmaqda Əli,

İndi zamanı da dönəmləndirir.


Razi Nurullayev:

Qrant nəğməsini oxuyub pəstən,

Cəbhəyə nifrəti qabardır qəsdən,

Xətt çəkib Əlinin-Vəlinin üstdən,

İsa xidmətini önəmləndirir.


Qabil Hüseynli:

Əlinin puladı yalnız marağı,

Çoxdan itib onun saqqal darağı,

Heç zaman olmayıb "Yurd"un bayrağı,

Rəmzimizi tutub ələmləndirir.


Razi Nurullayev:

Hər yerdə başını qaldırıb yoxdan,

Yapışıb dördəlli sönən blokdan,

Narıncı libası soyunub çoxdan,

Rəmzi qərənfili İsa endirir.


Qabil Hüseynli:

Ordunu dombaldıb neçə min kərə,

İsa bəy çəkərək bir dəli nərə,

Sizin "Yurd"çuları düşürüb yerə,

Bossun maşınına bizi mindirir.


Razi Nurullayev:

"İP"-də başqanını alıbdı azar,

Bu qurum olacaq onunçün məzar,

Artıq Qərb bossu da İsadan bezar,

İndi "Yurd"a gəlib bizi dindirir.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər