Dağıdıcı düşərgə reallıqdan uzaq böyük iddialarına rəğmən, növbəti dəfə məyusluq və uğursuzluqla üzləşib. Söhbət ondan gedir ki, bu dəfə ölkəmizdə səfərdə olmuş Avropa Birliyinin prezidenti Herman van Rompey müxalifət təmsilçiləri ilə görüşmək istəməyib. Halbuki o, Ermənistanda və Gürcüstanda olanda tamam fərqli davranıb. Başqa sözlə, Herman van Rompey də bir müddət öncə ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı etdiklərini təkrarlayıb. Bu, bir daha onu göstərir ki, Azərbaycanın destruktiv müxalifəti okeanın o tayında - ABŞ-da qəbul edilmədiyi kimi, Avropada da bəyənilmir, ciddi qüvvə hesab edilmir. Başqa sözlə, dağıdıcı müxalif partiyalar həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kənarda siyasi perspektivi olmayan, qeyri-ciddi qurum kimi dəyərləndirilir.
Növbəti məyusluq...
Və ya boşa çıxan ümidlər
Bu mənada, Avropa Birliyinin (AB) prezidenti Herman van Rompeyin Cənubi Qafqaz regionuna səfəri artıq arxada qalıb. Müxalifətin isə ənənəvi gözləntiləri bu dəfə də məyusluqla əvəz edilib. Belə ki, destruktiv düşərgənin ciddi-cəhdlərinə baxmayaraq, onların Avropa Birliyinin lideri ilə görüşmək cəhdləri baş tumayıb. Bəziləri, məsələn, ADP sədri Sərdar Cəlaloğlu görüş üçün açıq şəkildə müraciət etsə də, ona bildirilib ki, müxalifət nümayəndələri ilə görüş protokolda nəzərdə tutulmayıb və AB prezidentinin müxalifətlə görüşməyə, sadəcə, vaxtı yoxdur. Bəlli olduğu kimi, o, əvvəlcə Ermənistanda, sonra Azərbaycanda olub, səfərin sonunda isə Gürcüstana baş çəkməyi də unutmayıb. Aydındır ki, onun səfəri bölgədə çox mühüm, əhəmiyyətli hadisə kimi dəyərləndirilir. Bəllidir ki, hər üç ölkə "Yaxın Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa Birliyi ilə fəal əməkdaşlıq edir. Geosiyasi maraqlar və Xəzər hövzəsinin zəngin enerji resurslarına çıxış baxımından, Cənubi Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsi Avropa Birliyi üçün prioritet əhəmiyyət kəsb edir. Bu baxımdan, səfərin gedişatı və yekunları hər 3 ölkədə geniş şəkildə müzakirə və təhlil olunur, səfərlə bağlı ən müxtəlif məqamlar təfsilatı ilə şərh edilir. Səfərdə verilən bəyanatlar, keçirilən görüşlərin hər biri konkret mesaj kimi qiymətləndirilir.
Bu baxımdan, müxalif düşərgədə təmsil olunan hər bir siyasi qurumun bu səfərdən öz gözlədikləri vardı. Azərbaycanın destruktiv müxalifət partiyaları ümid edirdilər ki, Avropa Birliyinin prezidenti səfər əsnasında hökmən onlarla görüşəcək, onların "şikayət"lərini dinləyəcək, "danos"larından məmnun qalacaq. Lakin əksinə oldu. Səfər əsnasında ictimaiyyət nümayəndələri və tələbə gənclərlə görüşüb geniş söhbət edən Herman van Rompey müxlifəti heç yada da salmadı. Herman van Rompeyin səfər zamanı səsləndirdiyi fikirlər, keçirdiyi görüşlər destruktiv müxalifətin gözləntiləri, onunla görüşə bəslədikləri ümidlər, sadəcə, alt-üst oldu.
Avropanı enerji, təhlükəsizlik, inkişaf maraqlandırır
Avropalı diplomat Bakıda əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, regiondakı durum, enerji məsələləri və təhlükəsizliklə bağlı problemlərə diqqət yetirdi. Keçirilən görüşlərdən sonra mətbuata verilən açıqlamalar da bilavasitə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivi ilə əlaqədar oldu. Bu səfərdən öncə dağadıcılar inanırdılar ki, Hillari Klintondan fərqli olaraq, Herman van Rompey hökmən onlarla görüşüb fikirlərini dinləyəcək. Bununla da necə deyərlər, "tilsim, buz" qırılacaq, müxaliflər də özlərini öyə, qürrələnə biləcəklər. Nəhayət, deyə biləcəklər ki, görürsünüz, Avropanın siyasi strukturlarına rəhbərlik edən bir şəxs bizi sayır, eşidir, sözümüzə, fikrimizə əhəmiyyət verir. Amma bu dəfə də alınmadı.
Son zamanlar baş verənlərlə bağlı maraqlı təzad yaranıb. Belə ki, destruktiv düşərgə, nəyin bahasına olursa olsun, varlığını sübut etməyə, xüsusən. bunu beynəlxalq əhəmiyyətli tədbirlər, görüşlər zamanı müxtəlif dağıdıcı hərəkətlərlə isbat etməyə çalışır. Xarici qurumlar, xüsusən, nüfuzlu liderlər və dövlət xadimləri isə mümkün qədər destruktiv düşərgə ilə təmaslardan uzaq durmağa, özlərini radikal adlandıran müxaliflərlə ünsiyyətdən mümkün qədər qaçmağa çalışırlar. Sözsüz, bunun ardıcıl hal alması, Avropa Birliyi prezidentinin Bakıya səfəri zamanı təkrarlanması heç də təsadüf deyil və burada təbii bir qanunauyğunluq var. Müxalifətin təhrif olunmuş, gerçəkliyi, reallığı əks etdirməyən, qərəzli, cılız ambisiyaları gerçəkləşdirmək niyyəti üzərində qurulmuş qərəzli məlumatlarından, böhtan xarakterli danoslarından Qərbdə və Avropada çox yaxşı xəbərdardırlar.
İşğalçı Ermənistan sərt tənqid olunur
AB rəsmisi Ermənistanda səfərdə olanda isə tamam fərqli davranıb. Maraqlıdır ki, Avropa Birliyinin prezidenti Ermənistanda səfərdə olarkən demokratiya və insan hüquqlarının qorunması məsələsinə xüsusi diqqət yetirib. Vətəndaş cəmiyyəti təmsilçiləri ilə müzakirələr aparan diplomat deyib ki, vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verməkdə üzərinə mühüm rol düşdüyünü anlamalıdır. Rompey Ermənistanda mayda keçirilən parlament seçkiləri ilə bağlı tənqidlərini açıq şəkildə dilə gətirib. O, qeyd edib ki, keçirilən seçkilərdə qanun pozuntularının baş verdiyi barədə yayılan hesabatlarla tanışdır.
AB rəhbəri Ermənistandakı ictimai təşkilatların rəhbərləri ilə görüşündə bu ölkədə demokratiya, insan haqlarının müdafiəsi, idarəetmə məsələlərinə dair fikir mübadiləsi aparıb. Ermənistan hüquq müdafiə təşkilatları insan haqlarının təmin olunması mexanizmləri ilə bağlı ciddi problemlər olduğunu qeyd ediblər. Hüquq müdafiə təşkilatları AB prezidenti ilə görüş zamanı Ermənistanın hakim partiyasından olan millət vəkilinə məxsus "Harsnakar" restoranında hərbi həkim Vahe Avetyanın mühafizəçilər tərəfindən döyülüb öldürülməsi məsələsini də qaldırıblar.
Bakıda isə avropalı diplomat, əsasən, rəsmi şəxslərlə görüşlərə, fəal müzakirələrə, Dövlət Dillər Universitetində gənclərlə görüşə üstünlük verib. Bu mənada, tərəflər arasında müzakirələr fəal, konstruktiv, müsbət məcrada, qarşılıqlı maraqlara uyğun şəkildə keçib. AB rəsmisi ölkədə insan hüquqları və demokratiyanın durumu ilə bağlı hər hansı tənqidi fikirlər səsləndirməyib, əksinə, hakimiyyətin bu istiqamətdə apardığı islahatları dəstəklədiyini vurğulayıb. Bütün bunlar onu göstərir ki, ölkəmizdəki destruktiv siyasi qurumlar Avropa Birliyi tərəfindən heç də dəstəklənmir. Əksinə, AB ölkəmizdə mütləq əksəriyyət təşkil edən, iqtidarın pozitiv, məqsədyönlü xəttini dəstəkləyən sağlam qüvvələrlə, bilavasitə, yeni nəslin qabaqcıl nümayəndələri ilə təmaslarda, sıx əməkdaşlıqda maraqlı görünür.
NAİB