Son günlər Müsavat partiyasında baş verən partiyadaxili qalmaqallar növbəti mərhələyə keçməklə yanaşı, orada yaşanan mühitin bütövlükdə avtoritar idarəçilik fonunda inkişaf etməsi daha qabarıq tərzdə görünməkdədir. Belə ki, partiya yetkilisi, təşkilatın icra aparatının rəhbəri Arif Hacıyev azadlığa çıxdıqdan dərhal sonra, hələ məhkəməsi dövründə, irəli sürdüyü iddialarını reallaşdırmağa başlayıb. Onun bu addımları isə başqan İsa Qəmbərovu çıxılmaz vəziyyətdə qoyub. Belə ki, məlum olduğu kimi, Müsavat başqanı A.Hacıyevin azadlığa buraxılmasını istəməyən qüvvələrdən biri kimi, daim öz ambisioz fikirləri ilə partiyadaxili diqqəti üzərində cəmləşdirməyə çalışırdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi, A.Hacıyevin başqanlığa nazmizəd kimi özünü irəli sürməsi hazırkı başqanın planlarını tamamilə alt-üst edib. Müsavat başqanının sədrlik kürsüsündən ikiəlli yapışması, gah bu, gah da digər formalarda arqumentsiz bəyanatlar səsləndirməsi isə, ümumiyyətlə, sözügedən ifşanı pərdə arxasına keçirə bilmir.
Arzu Səmədbəyli - Arif Hacıyev dilemması
Əslində, növbəti partiyadaxili münaqişəyə səbəb ola biləcək hadisələrin də baş qaldırmasını artıq indidən ehtimal etmək mümkündür. Belə ki, Müsavat partiyası mərkəzi nəzarət- təftiş komissiyasının üzvü Məzahir Məmmədli deyib ki, partiyanın nizamnaməsinə görə köhnə başqan hesabatını verib və yeni başqan seçilibsə, sabiq başqan səlahiyyətlərini davam etdirmir. Yeni seçilən başqan hansısa səbəblərdən səlahiyyətini icra edə bilmirsə, nizamnaməyə görə, başqan səlahiyyətlərini müvəqqəti olaraq partyanın ikinci şəxsi - məclis sədri həyata keçirir: "İ.Qəmbərov o halda yeni seçilən başqanın səlahiyyətlərini icra edə bilər ki, məclis sədri olsun. Çünki əgər Arif Hacıyev həbsdə olduğu zaman başqan seçilsə, o həbsdən çıxana qədər başqan səlahiyyətlərini məclis sədri yerinə yetirməlidir".
Sözügedən açıqlamanı təhlil edərkən, belə bir qənaətə gəlmək mümkündür. Əgər A.Hacıyev başqan seçilərsə, buna müvafiq səlahiyyətlərini icra etmək mümkün olmayacaqsa, onda İ.Qəmbərovun partiyada ikinci şəxs kimi fəaliyyət göstərəcəyi istisna olunmur. Bunun üçünsə, hazırkı məclis sədri Arzu Səmədbəyli istefaya getməlidir ki, İ.Qəmbərov onun yerini tutsun. Bu addımın atılması isə heç də demokratik dəyərlərə cavab vermir. Onu da nəzərə alsaq ki, başqanlıq postuna namizədliyini verəcək insanlardan biri də məhz A.Səmədbəylidir, bu zaman Müsavatda hansı hadisələrin baş verəcəyini təsəvvür etmək mümkün deyil. Daha dəqiq desək, A.Hacıyevə görə, İ.Qəmbərovun partiyanın ali məclisinə sədrlik etməsi A.Səmədbəylinin Müsavat rəhbərliyindən çıxdaş olması deməkdir. Ona görə də, dilemma qarşısında qalan İ.Qəmbərov bundan sonra nə edəcəyini müəyyən edə bilmir və demokratiyaya zidd addımlar atır. Ortada olan real həqiqət isə budur ki, cəmiyyətə "demokratiya dərsi" verdiklərini iddia edən müsavatçı başbilənlər, əslində, İ.Qəmbərovun avtoritar, antidemokratik, monopolist idarəçiliyinin girovundadırlar və ondan qurtula bilmirlər.
R.Hüseynova