PDF Oxu

Müxalifət

  • 43

Əhməd Orucdan şərtsiz istefa çağırışı

Əhməd Orucdan şərtsiz istefa çağırışı

Müxalifət düşərgəsinin fəaliyyəti zəiflədikcə, orada təmsil olunan partiya sədrləri, birlik və qurum yetkililəri həmin zəiflik funksiyasını müxtəlif aspektlərdən izah etməyə çalışırlar. Sözügedən aspektlər timsalında isə cəmiyyətə bir amil agah olur ki, bu amilin mövcudluğu hazırkı müxalifətin siyasi arenadan getməsi labüdlüyüdür. Belə ki, bunu onların, yəni müxalifət təmsilçilərinin özləri də etiraf etməkdədirlər.

"Azadlıq" partiyasının sədri Əhməd Oruc isə bu kimi faktorları ən çox qabardan müxalifət partiyasının sədridir. Düzdür, o, belə açıqlamalar fonunda ən çox dağıdıcılıqla məşğul olan "ənənəvi müxalifət" rəhbərlərini ittiham etsə də, sədrlik etdiyi partiyasının da zəif qurum olduğunu qeyd edir. "İctimai Palata"nın müxalifət üçün bir növ əyləncəyə çevrildiyini deyən Ə.Oruc qurumu sağlam olmayan mövqe ortaya qoymaqda suçlayıb: "Bununla da müxalifət daxilində bu qüvvələrin bir araya gəlməsi üçün edilən bütün cəhdlər "İctimai Palata" tərəfindən dağıdılır".

Ə.Oruc Azərbaycandakı qondarma liderlərin siyasi səhnəni öz boylarının ölçüsünə görə uyğunlaşdırmağa cəhd göstərdiklərini bildirərək, deyib ki, bir sıra partiyalar, həmçinin, onları xaricdən idarə edən himayədarları ölkədə ciddi bir mərkəzin yaradılmasında maraqlı deyillər və yəqin həmin qüvvələrə seçkilərdə ya pərakəndə şəkildə iştirak etmək, ya da seçkini boykot etmək tapşırığı gəlib.

Müsavat partiyasının qurultayı ərəfəsində İsa Qəmbərovun başqanlıqdan gedəcəyi haqqında fikirlər təsdiqini tapdıqca, bu barədə müxtəlif səpgili açıqlamalar verən bəzi siyasilərin də yanlışlığa yol verdiklərini bildirən "Azadlıq" sədri bunun guya müxalifət üçün "ağır itki" olacağı fikirinə kinayə ilə yanaşıb: "Birincisi, dünyada əvəzedilməz insanlar yoxdur. Zaman keçdikcə, bu və ya digər siyasətçi könüllü şəkildə ya özü siyasi səhnədən çəkilir, ya da zaman onu siyasətdən kənara çəkir. Təbii ki, İsa Qəmbər üzdə olan siyasətçidir və bu kimi insanlar hansısa formada siyasi səhnədə təmsil olunmalıdırlar. Ancaq onu siyasi səhnədə mütləq birinci kimi dəyərləndirməyi doğru hesab etmirəm. Bir qədər kənara çəkilməli, başqalarının prosesi yönləndirməsinə, hər dəfə uğursuzluqlardan təngə gəlmiş cəmiyyətin başqa liderlər, qüvvələr ətrafında təmərküzləşməsinə şans tanınmalıdır".


R.RƏSULOV

Digər xəbərlər