PDF Oxu

Müxalifət

  • 60

İsa Qəmbərov qurultay keçirmək üçün yer tapmır

İsa Qəmbərov qurultay keçirmək üçün yer tapmır

Tofiq Yaqublu:

Çirməndik keçməmiş böyük çayı biz,

Yarıya çatdırdıq artıq yayı biz,

Hələ gözləyirik qurultayı biz,

İsa bəy hələ də bina axtarır.


Gülağa Aslanlı:

Adam var doğulub ancaq lağ üçün,

Adam var can atır birlik, bağ üçün,

İsanın fikrini dağıtmaq üçün,

Bizdə yetkili var, mina axtarır.


Tofiq Yaqublu:

İsa bəy mükəddər, boğulur kindən,

Qurultay disk kimi ayrılır şindən,

Boylanıb Müsavat pəncərəsindən,

Elə yetkili var sona axtarır.


Gülağa Aslanlı:

İsa siyasətdə bilikli şaman,

Onun bu əməli deyildir roman,

Sən özün İsadan olma bədgüman,

İsa bu əməldə məna axtarır.


Tofiq Yaqublu:

İsa Müsavatı taladı, yedi,

İndinin özündə başqanam dedi,

Yüzillik gözləmə mövqeyindədi,

İstəyirsən məni qına, axtarır.


Gülağa Aslanlı:

Bu sual gündəmə gəlməli deyil,

O, bilir nə edir, heç dəli deyil,

Zal, otaq axtarmaq gülməli deyil,

Adam var kiçicik xana axtarır.


Tofiq Yaqublu:

Neçə namizədi qapmayıb hələ,

Qaç, nə qədər kələk yapmayıb hələ,

İsa axtarsa da, tapmayıb hələ,

Açıq görünür ki, fəna axtarır.


Gülağa Aslanlı:

İsa çox Qərb bossu yolmasa belə,

Kəramətdən cibim dolmasa belə,

Bu xına o xına olmasa belə,

Başqanım tərtəmiz xına axtarır.


Tofiq Yaqublu:

Ona verir fələk, namizədə yox,

Bənzəmir heç tülək namizədə, yox,

Xeyiri bizlər tək namizədə yox,

Rahatlığı yalnız cana axtarır.


Gülağa Aslanlı:

Üzü tək qaradı Mərvin qrantı,

Bərəkətli olur zərbin qrantı,

Ona çox lazımdı Qərbin qrantı,

İsa sormaq üçün şana axtarır.


Tofiq Yaqublu:

İsa bəy sol-sağa çox güzər edir,

Dad döyür aşkarda, o, həzər edir,

Başında binanı sərfnəzər edir,

Əslində, yağlı bir dana axtarır.


Gülağa Aslanlı:

Hələ qabaqdadı mitinqlər, vuruş,

Yığmaqda İsa bəy sent, qəpik-quruş,

Gətirmək çətindi meydanda duruş,

Narıncı libası dona axtarır.


Tofiq Yaqublu:

Kütləşdi get-gedə iti samımız,

Uçdu başımıza köhnə damımız,

İsanın gözündən düşdük hamımız,

Faydanı da ona-buna axtarır.


Gülağa Aslanlı:

Deyib erməniyə dayım əvvəli,

Oynadardı qrant, zayem əvvəli,

Yaxşı gətiribdi daim əvvəli,

İsa tək başlılar sona inanar.


Tofiq Yaqublu:

Başqan təkrarlayar şər işdə şəri,

Partlasa, əvəzlər təkər təkəri,

Dost tutar özünə nökər nökəri,

İsa da bir bəydi, xana inanar.


Gülağa Aslanlı:

Ləng tərpənən kəslər gümansız olur,

Qrant görməyənlər amansız olur,

İnamsız adamlar imansız olur,

İsa bəy xoruz tək bana inanar.


Tofiq Yaqublu:

Çoxlu qrant tutur qısa əlində,

Masa altındadı, kasa əlində,

Kasıbıq, gözümüz İsa əlində,

İsa Qərbdə şöhrət-şana inanar.


Gülağa Aslanlı:

Verməyibdi əsla loxma, məskəni,

Tutar arxasınca boğma, məskəni,

İsaya inanmaz doğma məskəni,

Ona Qvineya, Qana inanar.


Tofiq Yaqublu:

Bu adam nə insaf, nə mürvət qanmır,

Müsavat üzvünün halına yanmır,

İsaya nə kişi, qadın inanmır,

Ona hansı Qüdrət, Rəna inanar?


Gülağa Aslanlı:

Nədə müqəssirdi qaş qoyan İsa,

Qurumda özülə daş qoyan İsa,

Bərk sevməz yumşağa baş qoyan İsa,

Pambığa inanmaz, yuna inanar.


Tofiq Yaqublu:

Onu çəkindirməz nə soyuq, bürkü,

İsa bəy seçməkdə hər tükdən tükü,

Çiynində daşımaz heç kəs bu yükü,

Ana müxalifət, "ana" inanar.


Gülağa Aslanlı:

Başlanıb postunda vakantsız günlər,

Qayğılı keçməkdə variantsız günlər,

İsa yaşamaqda qrantsız günlər,

O, qrant gətirən ana inanar.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər