Dağıdıcı müxalifət düşərgəsində baş verən davamlı qalmaqallar vaxtilə bu düşərgəyə işləyən eks-müxalifətçilərin də kəskin qınağına səbəb olub. Onlar, xüsusilə, "İctimai Palata"da gedən proseslərə iradlarını bildirərək, qurumu diktatura üsul-idarəçiliyində günahlandırır, ələlxüsus, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovu tənqid atəşinə tuturlar. Baş verənlər isə, bir daha onu deməyə əsas verir ki, həm siyasi, həm elektorat, həm də sosial baza baxımından tükənmiş dağıdıcı müxalifət "liderlərinin" istefa zamanları artıq yetişib.
Hazırda Belçikada yaşayan və bundan sonra, ümumiyyətlə, müxalifətə qayıtmayacağını bəyan edən "Azadlıq" qəzetinin keçmiş yazarı, Ə.Kərimova xidmət etmiş şəxslərdən biri - Mirzə Sakit bu kimi olaylara mətbuat vasitəsilə münasibətini bildirib.
"Bekarçılıqdan domino oynayırıq"
M.Sakit hazırda da "İP" üzvü olmasına baxmayaraq, sözügedən qurumu ən çox tənqid edənlər sırasındadır. Belə ki, bu və ya digər hallarda "palata"nı avaralar yığıncağı kimi qələmə verən M.Sakit bu dəfə daha dəqiq ifadə işlədərək, oranı "dominoxana" adlandırıb. O, adıçəkilən qurumdan hər hansı yaxşı əməl gözləməyi sadəlöhvlük kimi qiymətləndirib: "Mən özüm "İctimai Palata"nın üzvü olmağıma baxmayaraq, yaranan gündən o qurumu "dəryada boğulan adamın saman çöpündən yapışması"na bənzətmişəm. Qocaların bir sözü var: "Bekarçılıqdan domino oynayırıq".
"İctimai Palata"nın sıfır dərəcəsində olduğunu deyən M.Sakit onun belə sözlərindən qəzəblənə biləcək insanların da olmasını gizlətməyib. Görünür, bu vasitə ilə M.Sakit qurumu inhisarlarında saxlayan "liderləri" və onların ətrafında olanları nəzərdə tutub: "Ola bilər ki, bu sözüm kimlərdəsə qəzəb yaratsın. Lakin qəzəb gələndə göz qızarır, qəzəb gedəndə üz qızarır. "İctimai Palata"da illərlə qalıb üz qızartmaqdansa, gerçək bir əməli işə başlamaq lazımdır. Əgər kimsə "İctimai Palata"nın fəaliyyətindən hansısa müsbət nəticə gözləyirsə, o adam binəvadır".
"Vaxtilə bu partiyanın məndən inciyən üzvləri indi mənimlə yazışaraq, haqlı olduğumu deyirlər "
Müxalifət düşərgəsinin bütün cinahlarında gedən proseslərdən tam məlumatlı olduğunu deyən və oralarda cərəyan edən hadisələrə üsyan edən M.Sakit xatırladıb ki, o da uzun müddət AXCP (i)-nin üzvü olub. Amma zamanında onu qınayanlar indi onun haqlı olduğunu bildirirlər: " Neçə illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. Vaxtilə bu partiyanın məndən inciyən üzvləri indi mənimlə yazışaraq, haqlı olduğumu deyirlər".
Keçmiş "cəbhəçi" baş qaldıran yeni qarşıdurmaya - Ə.Kərimovla Ə.Əliyev ziddiyyətinə belə bir münasibət bildirib: "Eşitmişəm ki, adıçəkilən sorğuda bir Əlinin birincilik qazanması, başqa bir Əlini bərk məyus edib. Bunu eşidəndə, əvvəlcə xeyli güldüm. Bir adam başqasının birinciliyinə qısqanclığla yanaşırsa, həmin adamın beyin hüceyrələri ya tərsinə işləyir, ya da, ümumiyyətlə, işləmir. Hüceyrələr isə qorxulu viruslarla çox zəngindir".
"Qoyunları hər il kryanel vannalarında çimizdirirdilər ki, onların bütün bitləri-birələri təmizlənsin"
M.Sakit "liderlərin" bulaşdıqları mikrobları qoyun xəstəlikləri ilə müqayisə edərək, deyib ki, onların bitlərini-birələrini təmizləmək vaxtı çatıb: "Yadımdadır, sovet dönəmində kəndlərdəki qoyun fermalarındakı bütün qoyunları hər il kryanel vannalarında çimizdirirdilər ki, qoyunların bütün bitləri-birələri təmizlənsin. Eyni zamanda, bu vannalar onları qotur xəstəliyindən də qoruyurdu. İndi gözləyirik, görək, o vannalardan kəndlərdə qalıbsa, bəzi adamları da çimizdirək".
Göründüyü kimi, vaxtilə hakimiyyətə qarşı sərt çıxışları ilə yadda qalan keçmiş "cəbhəçi", "Azadlıq" qəzetinin sabiq yazarı M.Sakit çalışdığı dövrlərdə yanlış siyasi kursa xidmət etdiyini etiraf edib. Məhz bu səbəbdən də, gec də olsa aldadıldığını, sədri Ə.Kərimov, eləcə də, digər dağıdıcı müxalifət "liderləri" tərəfindən istifadə olunduğunu dərk edərək, onlara qarşı yaranmış hiddətini, nifrətini daha sərt, daha təhqirli formada ifadə edib. Hər halda, müxalifətdə onun kimi düşünənlərin, "liderlərinə" qarşı üsyan etməyə hazır olanların az olmadığını da söyləmək mümkündür.
RÖVŞƏN RƏSULOV