PDF Oxu

Müxalifət

  • 71

2013-cü ildə "ənənəvi müxalifət" olacaqmı?

2013-cü ildə "ənənəvi müxalifət" olacaqmı?

2013-cü ildə keçiriləcək prezident seçkilərinə gedəcəklərini iddia edən "ənənəvi müxalifət" təmsilçiləri həmin addımları ilə özlərinin siyasi arenadan silinmələri üçün əlverişli şərait yaradırlar. Düşərgədə bir neçə partiyanın eyni anda "vahid namizəd" ideyası ətrafında var-gəl etmələri, eləcə də, partiyadaxili problemlərin baş qaldırması onsuz da yaranmış böhranlı vəziyyəti daha da gərginləşdirməkdədir. Bu baxımdan, bir sıra siyasi belə qənaətə gəlirlər ki, müxalifətin böyük kəsimini öz ətrafında topladığını iddia edən "İctimai Palata" növbəti seçkilərə vahid namizədlə qatılacaq. Çünki ötən seçkilərin təcrübəsi də təsdiq etdi ki, müxalifət seçkiyə pərakəndə qatıldığı üçün hər hansı nailiyyət qazana bilmək imkanını tamamilə itirir. Lakin müxalifətin bu addımı başa düşülən olsa da, "palata" daxilində "vahid namizəd" məsələsində hər hansı razılığın əldə olunacağı bəri-başdan səmimi və inandırıcı görünmür. Ona görə ki, uzun illər özünü cəmiyyətə "demokratiya aşiqləri" kimi yamayan AXCP (i) və Müsavat rəhbərliyi öz aralarında bu məsələ ilə bağlı ümumiyyətlə razılaşa bilmir. Məhz Müsavat qurultayının bilərəkdən keçirilməməsi də bilavasitə vurğulanan fikirlərə əyani sübutdur. Bu kimi bənzər səhnələrdən doğan təhlillər onu göstərir ki, Müsavat qurultayını keçirməməklə prezident seçkilərində İ.Qəmbərovun namizəd olacağını demək istəyir. Fəqət, digər tərəfdən qurultayda AXCP (i) və Müsavatın birləşmək məsələsinin də gündəmdən silinmədiyini nəzərdə saxlamaq lazımdır. Yəni, sözdə "birlik" istiqamətində onların iddia etdiyi "yeni superpartiyanın" sədrinin kim olacağı məsələsi açıq qaldığı kimi prezident seçkilərində də namizədin kim olacağı böyük suallar altındadır. Baş verənlərdən isə belə bir nəticəyə gəlmək mümkündür ki, "İP" seçkiyə qatıldığı təqdirdə də, seçkini məğlub başa vuracaq. Buna əyani sübutu bir müxalifət saytlarının müxalifətin "vahid namizəd"inin müəyyənləşdirilməsi ilə bağlı keçirdiyi sorğuları göstərmək mümkündür. Xatırladaq ki, sorğunun nəticələrinə görə, "Vətəndaş və İnkişaf Partiyası"nın ("VİP") sədri Əli Əliyev səsvermə siyahısına daxil edilmiş müxalifətçi həmkarlarını, hətta adları vahid namizəd olaraq daha çox hallandırılan iddialıları - böyük fərqlə qabaqlayaraq, qalib gəlib. Sorğuda səs vermiş 778-i seçimini Əli Əliyevin xeyirinə edib.

Bununla yanaşı, müxalifət qütbündə digər cəbhələşmə yəni, "Ümid" və ADP-nin də seçkidə iştirakını nəzərə alsaq, qeyd etmək olar ki, bu iki partiya potensial namizəd ortaya qoyduğu təqdirdə, "İP"-in namizədi qaranlıq kölgədə qalacaq. Sonda onu da ifadə etmək mümkündür ki, müxalif düşərgədə olan fikir ayrılıqlarına baxmayaraq, siyasi ekspertlər seçki dəyərləndirməsi edən zaman qeyd edirlər ki, iqtidarın şansları yüksəkdir. Bu iqtidarın həyata keçirdiyi uğurlu siyasətin ölkə ictimayyətinin geniş təbəqəsi tərəfindən bəyənilməsi faktoru ilə də özünü göstərir. Müxalifət isə öz uğursuzluğu ilə barışmağa məhkumdur. Daha dəqiq desək, 2013-cü ildə "ənənəvi müxalifət" olacaqmı sualına cavab olaraq, orada cərəyan edən hadisələr fonunda "yox" cavabı üzərində dayanılır.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər