"İctimai Palata"da baş verən proseslər artıq düşərgənin digər qütbünə - "Müqavimət Hərəkatı"na da sıçrayıb. Belə ki, maraqlı nüanslardan biri də odur ki, bir zamanlar "palata"nı kəskin ittiham edən "ACP" lideri Rəsul Quliyev problemi adıçəkilən "hərəkat"a daha ciddi zərbələr vurmaqdadır. Artıq hər iki qurum tərəfindən R.Quliyevə iradlar və təpkilər gəlsə də R.Quliyev həm özünün, həm də ətrafındakıların vasitəsi ilə vəziyyəti daha da gərginləşdirir. Bu baxımdan, "ACP"-"Ümid" arasında gedən söz duellərini göstərmək mümkündür.
İqbal Ağazadənin artıq R.Quliyevi heç nə saymaması onun dediyi fikirlərdən də bəlli olur: "R.Quliyevi nə özümə düşmən sayıram, nə də rəqib. Amma söhbət siyasi iddiadan gedirsə, burada bir neçə məsələ var: birincisi, bu gün R.Quliyevi təbliğ edənlər onu nəzərə alsınlar ki, biz mövcud Azərbaycan qanunları ilə yaşayırıq. Mövcud qanunlar çərçivəsində R.Quliyev prezidentliyə namizəd ola bilməz".
"Onlar səmərəsiz bir mübarizə yolu tutublar"
"Ümid" sədri R.Quliyevin prezidentlik iddiasına da toxunaraq, bildirib ki, onun bu limiti çoxdan tükənib: "Azərbaycan Konstitusiyasında yazılıb ki, prezident seçkilərində iştirak etmək üçün son on ildə ölkədə yaşamaq tələb olunur. R.Quliyevdə isə bu yoxdur. Demək, onlar səmərəsiz bir mübarizə yolu tutublar. R.Quliyev üçün 2003-cü ildə də, 2005-ci ildə də tarixi şanslar vardı və o da həmin şansların hamısını buraxdı. İndi R. Quliyevin Azərbaycana gəlməsi üçün ortada bir dənə müsbət element yoxdur. O necə gələcək ölkəyə, necə fəaliyyət göstərəcək? R.Quliyev Azərbaycanı tanımır, bilmir ki, Azərbaycanda hansı proseslər gedir".
"Getsinlər, oxusunlar, öyrənsinlər ki, siyasət nə olan şeydir"
"ACP" liderinin müşaviri Ağasif Şakiroğlunu da sizi ciddi siyasətçi saymadığını deyən İ.Ağazadə qarşı tərəfin onu "falçı" deyə adlandırmasına da cavab verərək deyib ki, belə adamların dil açmalarında ən başlıca günahkar da məhz R.Quliyevdir: "R.Quliyev özünə hörmət eləyirsə, ən azı, o adamlara "sus" deməlidir. Bu tipli siyasətə gəliş olmaz. Siyasət qul bazarı deyil. Siyasət ciddi elm tələb edən bir yerdir. Getsinlər, oxusunlar, öyrənsinlər ki, siyasət nə olan şeydir. Hər yerindən duran iki kəlmə söz danışa bilir, poza verə-verə qəzetlərə açıqlama vermək gülməlidir".
Baş verənlərdən isə bir daha belə qənaətə gəlmək mümkündür ki, müxalifətin müxtəlif qütblərində baş verən və bir-birinə oxşar hadisələr 2013-cü ilin prezident seçkilərinə hesablansa da, nəticədə, əsas məqamın iflas olduğu üzə çıxır. İflasla isə hakimiyyətə gəlmək arzusunu reallaşdırmaq, təbii ki, mümkün deyil.
Rəfiqə Hüseynova