PDF Oxu

Müxalifət

  • 62

Sərdar Cəlaloğlunun "vahid namizəd" təklifi

Sərdar Cəlaloğlunun "vahid namizəd" təklifi

Uzun müddətdir ki, dağıdıcı müxalifət düşərgəsində ən problemi və həlli mümkün olmayan məsələ 2013-cü ilin seçkilərinə "vahid namizəd"in müəyyən olunmasıdır. Müsavat-AXCP (i)-nin birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata" hələ də "vahid namizəd" axtarışındadır. Bununla bağlı tez-tez dağıdıcı düşərgədə səsləndirilən fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Əgər bir vaxtlar "vahid namizəd"ə İsa Qəmbərov və ya Əli Kərimov məsləhət bilinirdisə, artıq "İP" bu fikirdən daşınıb. Çünki həmin şəxslər öz aralarında güzəştə gedə bilmədi. Bunun üçün kənardan başqa şəxsin namizədliyi məsələsi gündəmə qoyulsa da, hələ ki, bu da öz həllini tapa bilməyib. "İctimai Palata"da təmsil olunmayan, amma "İP"-in "vahid namizəd" məsələsinə müdaxilə edən ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə cəfəng fikirlər səsləndirib. S.Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, guya Rafiq Əliyev və Rüstəm İbrahimbəyov "vahid namizəd" kriteriyasına cavab verir. Adları çəkilən şəxslər isə Eldar Namazovun dəstəsi kimi tanınan "Ziyalılar Forumu"nun üzvləridir. Bu, "İctimai Palata"nın alt qurumu hesab olunsa da, əslində, son zamanlar "Ziyalılar Forumu" ilə "İP" arasında bir ziddiyyət yaranıb. Bunun səbəbi "Ziyalılar Forumu"nun "vahid namizəd" olmağa iddialı olmasındadır. Belə bir iddia ilə "İctimai Palata" təmsilçiləri, xüsusilə, onun təşəbbüskarları razılaşmır, bunu özlərinə qarşı təxribat kimi qəbul edirlər. Maraqlıdır ki, İ.Qəmbərovun və ya Əli Kərimovun "vahid namizəd" olması ilə bağlı "Ziyalılar Forumu"ndan heç bir təklif səsləndirilməyib. Məqsəd isə "Ziyalılar Forumu"nu "İctimai Palata"dan üstün mövqeyə gətirməkdir. Bu məsələdə S.Cəlaloğlu katalizator rolunu oynayır. Açıq şəkildə "İctimai Palata"nı qıcıqlandırır. S.Cəlaloğlu yaxşı bilir ki, dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" olmağa iddialı olan çox olsa da, amma layiqli bir şəxs yoxdur. Xüsusilə, S.Cəlaloğlunun bu açıqlaması onu göstərir ki, "İctimai Palata" daxilində yeni çaxnaşmalar baş versin. Hər halda, S.Cəlaloğlunun məlum açıqlaması dağıdıcı müxalifət düşərgəsində birmənalı qarşılanmayacaq. Bu da S.Cəlaloğlunun işinə yarayır. Və ümumilikdə, S.Cəlaloğlunun fikri "İctimai Palata"nı dağıtmağa yönəlib. Burda "vahid namizəd" məsələsinin müəyyən olunmasına səy göstərməkdən söhbət gedə bilməz. Seçkidə əsas faktor xalqın səsini qazanmaqdırsa, xalqdan onlara dəstək gəlməyəcək. Çünki xalqın vahid namizədi var. Özünü müxalifət adlandıran cılız qüvvələr isə hər zaman seçkidə uduzub və bu rüsvayçılığı özün üçün "şərəf" hesab edib. Bu səbəbdən də, istər Rafiq Əliyev olsun, istərsə də Rüstəm İbrahimbəyov. Yenə də həmin rüsvayçı vəziyyət onları gözləyir.


Babək Hacıyev

Digər xəbərlər