İşğalçı Ermənistanın son illər açıq tənəzzüllə, kütləvi miqrasiya, ciddi demoqrafik artım problemləri ilə üzləşdiyi barədə ən müxtəlif səviyyələrdə danışılıb. Konkret faktlara istinadən, media bu forpost ölkədə baş verən eybəcərlikləri geniş işıqlandırıb. Rəsmi Yerevan isə hər dəfə bütün bunları təkzib etməyə çalışıb, bu ölkənin inkişaf etdiyini, hətta "yağ-bal içində üzdüyünü" sübut etməyə səy göstərib. Hər dəfə əhalinin fəlakətli durumu ilə bağlı tutarlı faktlar açıqlananda yerli hakimiyyət deyilənlərin həqiqətəuyğun olmadığını iddia edib və ölkə əhalisinin durumunun normal olduğunu bildirib. Lakin iş o yerə çatıb ki, artıq hökumət də mövcud problemləri gizlədə, əvvəlki kimi ört-basdır edə bilmir.
İşğalçı ölkənin baş nazirinin son açıqlamaları buna əyani misaldır. O, bu dəfə isə ölkənin problemlər içində çabaladığı ali tribunadan səsləndirib. Ermənistanın baş naziri Tiqran Sarkisyan etiraf edib ki, ölkənin əsas problemləri mühacirət, yoxsulluq, işsizlikdir və bununla bağlı əsas məsuliyyət də mövcud hökumətin üzərinə düşür. Bəlli olduğu kimi, son 6-7 ildə Ermənistan əhalisinin yarıdan çoxu ölkənin tərk edib. Buna baxmayaraq, işsizlik və yoxsulluq həddi azalmayıb, əksinə, artmaqda davam edib.
Ermənistan hər gün bir kəndin əhalisini itirir...
Belə ki, hökumətin rəsmi etirafına görə, Ermənistanda əhalinin 36 faizindən çoxu yoxsulluq həddində yaşayır. Eyni zamanda, xaricə üz tutanların axını da davam edir. Statistikaya görə, may-iyun aylarında Ermənistanı tərk edənlərin sayı 53 min nəfərdən çox olub. Qeyri-rəsmi mənbələrə görə isə, əslində, bu göstərici 65 min nəfərdən çoxdur. Çünki digər məlumatlara görə, hər gün Ermənistanı bir orta statistik kəndin sakinlərindən daha çox əhali tərk edir.
Başqa sözlə, Ermənistan baş naziri, əslində, etiraf edir ki, indiki Ermənistan hakimiyyəti ölkəni dalana dirəyib və mövcud problemlərin öhdəsindən gələ bilmir. Onun sözlərinə görə, təcili həllinə ehtiyac olan məsələlərin sırası kifayət qədər genişdir və işsizlik, yoxsulluq, miqrasiya ölkənin əsas problemləri olaraq qalır: "Biz korrupsiyanın tam ləğv edilməsinə, sahibkarlar üçün bərabər rəqabət şəraitləri yaradılmasına nail ola bilməmişik, cəmiyyətdə məhkəmə sisteminə etibar etmirlər. Hökumət bu istiqamətlərdə işləməlidir".
Cinayətkarların rəhbərlik etdiyi ölkə
Baş nazirin söylədiklərindən aydın olur ki, cinayətkarların rəhbərlik etdiyi bu ölkədə, faktiki olaraq, hüquqi nihilizm hökm sürür. Digər tərəfdən, ölkə iqtisadiyyatının əsas istiqamətləri bilavasitə məmurlar tərrəfindən inhisara alınıb. Bu səbəbdən, azad sahibkarlar təbəqəsinin mövcudluğundan və az-çox normal, sağlam rəqabətdən, ümumiyyətlə, danışmaq mümkün deyil. Doğrudur, işğalçı ölkənin hökuməti deklorativ xarakterli müxtəlif sosial-iqtisadi proqramlar qəbul edir. Belə proqramlarda adətən sürəkli inkişafdan, tərəqqidən söhbət açılır, əhaliyə "böyük rifah, işıqlı gələcək" vəd edilir. Reallıqda isə əhalinin sosial-iqtisadi vəziyyəti tragikomik, həddən artıq acınacaqlıdır.
Məsələn, T.Sarkisyan bildirir ki, hökumətin beşillik (2012-2017) proqramı üzrə ümumi daxili məhsulun inkişaf etmiş ölkələrlə müqayisədə 5-7 faiz artımını və idxalata nisbətən ixracatın qabaqlayıcı artım templərinin təmin edilməsi nəzərdə tutulur. Müvafiq proqrama əsasən, minimal əmək haqqının iki dəfə, minimal əmək haqqının 140 faiz artırılmalı, doğum sayının yekunlayıcı əmsalı 1,8, orta təqaüdün səviyyəsi yoxsulluq səviyyəsinə nisbətən 125-135 faizə çatdırılmalı, yoxsulluğun 8-10 vahid aşağı salınmalı, 100 min iş yerləri aşılmalıdır.
Reallığa söykənməyən, aldadıcı vədlər
Lakin Ermənistan hökumətinin bütün bu tədbirləri necə həyata keçirəcəyi, başqa sözlə, proqramın icra mexanizmi qətiyyən bəlli deyil.
Eyni sözləri ötən may ayında keçirilən parlament seçkilərindən sonra formalaşan hökumətin təqdim etdiyi beşillik fəaliyyət proqramına da aid etmək mümkündür. Amma bu proqram iqtidaryönlü partiyaların çoxluq təşkil etdiyi parlamentdə müsbət qarşılanmayıb.
Hakim Respublikaçılar və hakim koalisiya üzvü "Qanunçuluq Ölkəsi" partiyalarından başqa parlamentdə təmsil olunan Daşnaksütyun, İrs, Erməni Milli Konqresi və "Çiçəklənən Ermənistan" fraksiyaları hökumətin proqramını tənqid ediblər və onun əleyhinə səs verəcəklərini bildirirlər. İrs fraksiyasının üzvü Aleksandr Arzumanyan hökumət proqramını "xoş niyyətlər bəyannaməsi" və "tost məcmuəsi" kimi qiymətləndirib. "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndəsi Naira Zohrabyan əvvəlki tərkibdə tərtib olunmuş "yeni hökumət"in yoxsulluq səviyyəsini azaltmağı vəd etdiyini, lakin bu göstəricinin 36 faizə qədər artdığını xatırladıb.
Xanım N.Zohrabyan "hökumətin siyasəti üzündən" hər gün Ermənistanı "bir kənd əhalisi sayında" əhali tərk etdiyini də vurğulayıb. Erməni Milli Konqresinin parlament fraksiyasının üzvü Levon Zurabyan isə parlamentin tribunasından bildirib ki, hazırkı hakimiyyətə və hökumətə ölkənin gələcəyin etibar etmək mümkün deyil: "Onlardan tez bir zamanda yaxa qurtarmaq gərəkdir". Parlamentdə keçirilən müzakirələr zamanı müxalifətçi deputat bəyan edib ki, Konstitusiyaya görə, hökumətin proqramı qəbul olunmursa, bu icra strukturunun istefasına gətirib çıxara bilər: "Deputatlar tək hökumət proqramının keyfiyyətini deyil, daha çox icra strukturuna etimadı müzakirə edirlər".
Hakim koalisiya parçalanıb
Bu, parlamentdə açıq qütbləşmə yarada bilər
L.Zurabyan onu da qeyd edib ki, seçkilərdən sonra hökumətin tərkibində heç bir dəyişiklik baş verməyib. "Praktiki olaraq bütün nazirlər ("Çiçəklənən Ermənistan"da təmsil olunan nazirlərdən başqa) öz portfellərini qoruyub saxlaya biliblər". Hökumətə etimada gəldikdə, o bildirib ki, indiki halda bu, çox çətindir. Çünki hazırkı hökumət seçki saxtakarlıqlarına və pozuntular hesabına hakimiyyətini qoruyub saxlayıb.
Ermənistanda hakim koalisiyanın tərkibinin dəyişməsi, "Çiçəklənən Ermənistan" fraksiyasının hakimiyyət bölgüsündən kənarda saxlanılması, əslində, Serj Sarkisyan rejiminin tərəfdarları arasında ciddi fikir ayrılığının yarandığından xəbər verir. Məhz bu səbəbdən, Ermənistan parlamentində növbəti açıq qütbləşmənin yaranması istisna edilmir. Qeyd edək ki, hazırda burada özünü göstərən ixtilafları, mövcud ziddiyyətləri razılaşdırılmış taktiki oyun kimi dəyərləndirənlər də az deyil. Bununla yanaşı, hökumətin təşkilində iştirak imkanını itirən keçmiş koalisiya iştirakçısının hazırkı davranışı taktiki oyunlardan daha çox açıq müxalifətə keçidə bənzəyir.
Əhalinin narazılığı getdikcə artır
Mövcud hökumətdən siyasi qurumların və əhalinin əksəriyyəti olduqca narazıdır. Yerli ictimaiyyətin nümayəndələri narazılıqlarını heç də gizlətmirlər. Onlar açıq şəkildə bildirirlər ki, indiki hökumətə etibar etmək çətindir. Bundan əlavə, ötən il dövlət xərclərinin 4 faizinin necə xərcləndiyini araşdıran Nəzarət Palatası 8 mlrd. dram (20 milyon dollar) həcmində vəsaitin müxtəlif bəhanələrdə büdcədən çıxarıldığını aşkarlayıblar. Başqa sözlə, ilkin qiymətləndirməyə görə, dövlət büdcəsinin azı, 4-5 faizinin məmurlar tərəfindən mənimsənildiyi ortaya çıxıb. Reallıqda isə bu rəqəm dəfələrlə böyükdür. Yerli QHT-lər bu göstəricinin, əslində, 22 faizdən artıq olduğunu bildirirlər.
Göründüyü kimi, Ermənistanın onsuz da məhdud olan büdcəsi məmurlar tərəfindən total şəkildə mənimsənilir. Bu isə, onu göstərir ki, yerli məmurların islahat vədləri, əslində, reallıqdan uzaqdır və daha çox ictimai rəylə spekulyasiya etmək niyyəti güdür. Bu isə siyasi fikir ayrılıqlarının artmasına, mövcud iqtisadi tənəzzülün və geriləmənin daha da dərinləşməsinə gətirib çıxarır.
Naib NİFTƏLİYEV