Qiyas Sadıxov:
Yalan olanlardadı, dedim düzü mən,
Bu adamda gördüm sırtıq üzü mən,
İndi AXP-nin sədri özüməm,
Pənah Hüseynovsa "İP"-ə bağlıdı.
Pənah Hüseynov:
AXP-də onu sıxmaqda təklik,
Müftə versəydilər yeyərdi kəklik,
Bu Qiyas verməmiş ağıllı təklif,
Tormozlayan onu bədnam ağıldı.
Qiyas Sadıxov:
20 il ərzində salıbdı on diş,
"İP"-ə urcah etdi onu bu gərdiş,
Bizim partiyada görməzdi bir iş,
Yalan danışmaqsa mifdi, nağıldı.
Pənah Hüseynov:
Bir qurtum viskiyçün məni də mindi,
Sən bir işə bax ki, Qiyas da dindi,
Əksimə çıxmağa köklənib indi,
Ağzı içkilidi, boğaz yağlıdı.
Qiyas Sadıxov:
Pənahın intiqam almaq arzusu,
Önünə çıxanı çalmaq arzusu,
"İP"-in birincisi olmaq arzusu,
Əlidən, İsadan qəlbi dağlıdı.
Pənah Hüseynov:
Qiyas kimisinə qalmamış sözüm,
Uzağı görmədim, çıxaydı gözüm,
Onu sədr postuna seçmişəm özüm,
Deyirəm üzvlərin dinci, mağıldı.
Qiyas Sadıxov:
Aqil bel bağlamaz belə tupoya,
Ondan odun çıxmaz yanar sobaya,
Pənah bağlanmamış elə, obaya,
O, boss arkadaşı, Qərbin oğludu.
Pənah Hüseynov:
Bundan sonra çətin onun udması,
Bəzən möhkəm tutur onun tutması,
Kiçik partiyada qərar tutması,
Qiyasın yeganə böyük uğurudu.
Qiyas Sadıxov:
Çatıb əməlləri başa talanla,
Çox-çox oxşarı var qatır-qulanla,
Onun nəfəsi də çıxır yalanla,
Ağ yalan olardı, desəm, doğrudu.
Pənah Hüseynov:
Bu adam bədnamın şən naqisidi,
Rəzillik, pisliklə tən naqisidi,
Qiyas paxılların ən naqisidi,
Onun ürəyini sıxan ağrıdı.
Qiyas Sadıxov:
Cibində qəpiyi yox çaya versin,
Gözləmə, təklifi pul-maya versin,
İnanmıram, yaxşı ideya versin,
Bu yolda Pənah bəy məşhur oğrudu.
Pənah Hüseynov:
Çoxdan aparıbdı gilliyə axın,
Heç bir kəs Qiyası buraxmır yaxın,
Mənim bu uğursuz sədrimə baxın,
Gözləri yumulu, özü yuxuludu.
Qiyas Sadıxov:
Adını vurdurub "İP"-də çələngə,
Pənahın özü bir yabı, ələngə,
Özünü bənzədir filə, pələngə,
"İP"-in sorulmayan acı noğuludu.
Pənah Hüseynov:
Adı Qiyassa da, özü tüfeyli,
Artıb çıxışında kobudluq xeyli,
Son illə bağlıdı siyasət meyli,
Uğuru az, onda qüsur çoxludu.
Qiyas Sadıxov:
Pənaha inanan üzü ağ olmaz,
Ondan nə sehrbaz, nə də maq olmaz,
Onu günaşırı tapdamaq olmaz,
Bədəni üfunət, özü qoxuludu.
Pənah Hüseynov:
Hətta AXP-də az-az guruldar,
Çətin siyasətdə Qiyas parıldar,
Bir-iki həftəyə səsi xırıldar,
Ümidsiz parlayan gözün çuxurudu.
Qiyas Sadıxov:
Qalmaqal, davayla doldurulubdu,
Barak Obamayla doldurulubdu,
Bu adam havayla doldurulubdu,
Pənah satılan mal... o bir toğludu.
Pənah Hüseynov:
Qiyas fərqlənmədi heç həya itlə,
Postundan qovular düz paya ilə,
Onu bənzətməyin daş-qaya ilə,
Karyerin əzilmiş adi suxurudu.
Qiyas Sadıxov:
Onun siyasətdə quru adı var,
Xaricdə nüfuzsuz bossu, yarı var,
Sanmayın Pənahda viski dadı var,
O, Qərb süfrəsinin suxoy çaxırıdı.
Pənah Hüseynov:
Bu cavan yaşında başı da dazdı,
Siyasi meydanda yonulmuş qazdı,
AXC-də onu sevənlər azdı,
Çox keçməz görərsiz onun axırıdı.
Qiyas Sadıxov:
Sanır əməlini bir blat kimi,
"İP"-in özündə də qalıb mat kimi,
Aparır özünü qaçar at kimi,
Bu adam qoyundu, bossun naxırıdı.
Pənah Hüseynov:
Bilmir mənasını əsla qisasın,
Çaşıb arasında iri miqyasın,
Xəbislik gözünü örtüb Qiyasın,
İndi üzə çıxan onun paxırıdı.
MİRZƏ QƏRƏNFİL