Hazırda Müsavat partiyasında baş verən ciddi ziddiyyətlərdən öz xeyirinə və siyasi dividendlərinin artırılmasına istifadə edən AXCP (i) sədri Əli Kərimov müttəfiqdən daha çox düşmən hesab etdiyi İsa Qəmbərova qarşı yeni və bu dəfə daha aqressiv hücum taktikası seçib. Əslində, burada qəribə heç nəyin olmamasını düşünsək də, nəticə etibarı ilə belə bir qənaətə gəlmək mümkündür ki, sözügedən yeni hücum taktikası AXCP (i) sədrinin köhnə iddialarının davamıdır. Ancaq bu dəfə daha sərt və barışmaz şəkildə. Xatırladaq ki, Ə.Kərimov İ.Qəmbərovla məlum sövdələşməsində ikincinin qəti etirazları ilə qarşılaşmış və həmin etirazlar qarşılığında "birləşmə" ideyaları bir müddət gündəmdən çıxarılmışdı. Lakin sakitlik dövrü AXCP (i)-də gizli planlaşmalar və müzakirələr aparılmış, sonda isə aparılan müzakirələrin nəticələri bu dəfə özünü daha qabarıq fonda sərgiləyir.
1-ci plan: "superpartiya" iddiasında gənclərdən istifadə
Bu gün Ə.Kərimovun Müsavat başqanına qarşı işlətdiyi əsas "güc" ətrafına topladığı aldadılmış azsaylı gənclərdir. Belə ki, "cəbhədən" sızan məlumatlara görə, bu kimi gəncləri küçələrə deyil, sosial şəbəkələrə istiqamətləndirən Ə.Kərimov onlara bir sıra tapşırıqlar verib. Təbii ki, həmin tapşırıqların yerinə yetirilməsi üçün, bir az ciblərini silkələməyə məcbur olub. Çünki sirr deyil ki, Ə.Kərimov bu günə qədər oynadığı bütün kirli oyunlarında əlində olan azsaylı gəncləri müxtəlif şirnikləndirici vədləri ilə istifadə edib və bu dəfə də həmin yolu tutmaqla öz ambisiyasını reallaşdırmağa cəhd göstərir. Ən azından, müxalifətdəki maneələrin qarşısını kəsmək üçün "cəbhə" sədrinin başqa əlacı qalmayıb.
AXCP (i) -nin əldəqayırma gəncləri adından Müsavat başqanına "sizlərlə bir partiyada üzərimizə düşən vəzifəni birlikdə və səmimi ortamda yerinə yetirməyə hazırıq" mesajını göndərən Ə.Kərimov həmin mesajında bilavasitə İ.Qəmbərovu hədələyir və ələ salır. Müsavat partiyasının məlum səbəblər üzündən ( İ.Qəmbərovun başqanlıqdan getməməsi, başqanlığa olan namizədlərarası ixtilaf, Arif Hacıyev faktoru və s.) baş tutmayan qurultayını əsas götürən AXCP (i) sədri burada "ana müxalifət" rolunun ağırlığının məhz onun özünün üzərinə düşdüyünü dolayısı ilə mehriban düşməninə çatdırıb. Çünki hələ də kağız üzərində qalan "superpartiya" məsələsi, eləcə də, həmin "superpartiyaya" sədrlik iddiası Ə.Kərimovun əsas arzularındandır.
2-ci plan: hədə-qorxuları artırmaq
Ehtiyat planları hazırlayan Ə.Kərimov bu çərçivədə müraciətlər, bəyanatlar səsləndirməyi də unutmayıb. Daha dəqiq desək, planın bu mərhələsində bəzi ağırlıqları öz üzərinə götürmüş AXCP (i) sədri bildirilib ki, guya AXCP (i) ilə Müsavat "siyasi-ideoloji" cəhətdən bir-birinə "yaxın siyasi mövqeləri" olan partiyalardır və buna görə də, məhz Ə.Kərimovun "egidası" altında birləşməlidir. O, hətta "Rəsulzadə-Elçibəy ideyaları"ndan da bol-bol misallar gətirərək, tələblərini Müsavat başqanına çatdırıb. Bu cür hədə-qorxularla da, hələlik, heç nəyə nail olmağı bacarmayan AXCP (i) sədri Müsavat daxilində yerləşdirdiyi emissarlarına hazır durumda olmağı tapşırıb. Onun nəzərincə, əgər heç bir plan baş tutmasa, onun əsas hədəfi Müsavatı daxildən və sürətlə parçalamaqdan ibarət olacaq. Bu minvalla Müsavatın qurultayının vaxtını gözləyən Ə.Kərimov həmin qurultayda hansı oyunlardan çıxacağını, yəqin ki, müəyyənləşdirib. Əgər qurultay baş tutsa belə, Ə.Kərimov İ.Qəmbərova bu göstərişləri verib: qurultayda iki partiyanın "birləşməsini" gündəmə çıxarmaq, "superpartiya"nın xeyirindən" danışmaq və s. Bunun "ideya" deyil, sadəcə, əmr olmasını isə sezməmək mümkün deyil. Çünki Ə.Kərimov bilavasitə İ.Qəmbərovun nəzərinə çatdırıb ki, "müraciət" sadəcə, Müsavatın parçalanmasının qarşısını ala biləcək tək xilasdır: "Hesab edirik ki, birlik sizlər tərəfindən müsbət qarşılanacaq".
İsa Qəmbərovun Əli Kərimova qarşı susqunluğu nə qədər inandırıcıdır?
Bu isə, bir daha onu deməyə əsas verir ki, 2013-cü ilə hesablanmış bu kimi siyasi oyunbazlıqların arxasında yalnız bir mövcudluq dayanıb - İ.Qəmbərovun Ə.Kərimov qarşısında aciz durumda qalmasını sübut etmək və "ana müxalifət" ambisiyasını reallaşdırmaq. Görünür, bu kimi ambisiya həm də Ə.Kərimovun özünə də zərbə olacaq. Çünki İ.Qəmbərovun da həmin planlara qarşı susqun davranacağı inandırıcı görünmür. Onun AXCP (i)-yə qarşı dəfələrlə apardığı hücumlarda "cəbhənin" parçalanmasını xatırlamaq deyilənlərin nə qədər əsaslı olmasını təsdiq edər. Ona görə də sıralama planlar hazırlayan Ə.Kərimov bu kimi faktorları unutmamalı idi. Ancaq necə deyərlər, qatar çoxdan gedib. Bu baxımdan, "cəbhəyə" qarşı gözlənilən və Müsavat tərəfdən başladıla biləcək hücumdan sonra dağıdıcı müxalifətdə nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq mümkündür.
RÖVŞƏN RƏSULOV