Hələ bir müddət bundan öncə, ölkə mətbuatında "Azərbaycan İslam Partiyası"nın siyasi fəaliyyətində anti-milli, dövlətçiliyə zərər vura biləcək təbliğatların aparılması barədə məlumatlar səsləndirilirdi. Hətta bununla bağlı qeyd edilirdi ki, partiyanın fəaliyyəti bilavasitə İranın dini dairələri tərəfindən istiqamətləndirilir, eləcə də, həmin istiqamətləndirilmələr fonunda maliyyələşmələr aparılır. Bu kimi siyasi fəaliyyət sferasının isə Azərbaycan qanunlarına zidd olması, təbii ki, cəmiyyətin də ciddi narazılığına, hiddətinə səbəb olurdu. Onu da qeyd edək ki, "AİP" rəhbərliyinin anti-milli addımlarına partiya sıralarında yer alan insanlar da etiraz edir, siyasi təşkilatın düzgün kursda olmaması qurum rəhbərliyinin diqqətinə çatdırılırdı.
Məsələ ondadır ki, xüsusilə, cənub bölgələrində baş qaldıran bu kimi hadisələr fonunda daha bir rayon təşkilatı buraxıldığını elan edib. Bu barədə qərar partiyanın Lerik rayon təşkilatının toplantısında verilib. Rayon təşkilatının rəhbərliyi və üzvləri son zamanlar partiyanın fəaliyyətini, siyasi kursunu və İrandan sifarişlər aldığını əsas gətirərək, partiyanı buraxmaq qərarına gəliblər.
"Azərbaycan İslam Partiyası" islam dininə deyil, "İran dini"nə mənsubdur"
Rayon təşkilatının buraxılması haqqında verilmiş bəyanatında bildirilir ki, partiyanın rayon təşkilatının üzvləri "AİP"-in İranmeyilli siyasətini qınayırlar. Onlar bildiriblər ki, son zamanlar ölkədə baş verən xoşagəlməz, arzuolunmaz hadisələrdə, eləcə də, digər siyasi məsələlərdə İranın adı hallandırılsa da, cənub qonşumuz nəinki bunu təkzib edir, əksinə, Azərbaycanı təhdid etməkdən belə çəkinmir. Lakin "İslam Partiyası" isə nəinki ona qarşı edilən ittihamları rədd edir, əksinə, İranın Azərbaycandakı şöbəsi kimi bu müdaxilələrə haqq qazandırmağa çalışır. Belə ki, bu partiya mövqeyini müstəqil bir təşkilat kimi deyil, İranın Azərbaycandakı şöbəsi kimi ortaya qoyub: "Biz düşünürük ki, Azərbaycan müstəqil bir ölkədir, vətəndaşları da (təbii ki, başqa dinlərə mənsub olanlar da var) islam dininə mənsubdur. Ona görə də müstəqil bir ölkənin müstəqil islam partiyası olmalıdır. "Azərbaycan İslam Partiyası" islam dininə deyil, "İran dini"nə mənsubdur. Son olaylar da bizə bəlli etdi ki, bu qurum cənub qonşumuzdan sifarişlər alır. Əsas məsələ də odur ki, gələn sifarişlərin heç biri Azərbaycan dövləti və xalqı üçün xeyirli deyil. Çox istərdik ki, ölkəmizdə "Azərbaycan İslam Partiyası" olsun, "İran İslam Partiyası" yox".
Müstəqil Azərbaycanın İran mollalarından ötrü qurulmadığını bildirən keçmiş "islamçılar", ümumiyyətlə, heç bir xarici ölkənin Azərbaycanın daxili işinə qarışmaq haqqının olmadığını bildiriblər. Onlar xarici qüvvələrdən dəstək alan heç bir təşkilatı dəstəkləmədiklərini bəyan ediblər: "Bizə xarici qüvvələrdən dəstək alan bir təşkilat lazım deyil və onu dəstəkləmirik də" .
Qeyd edək ki, yaxın günlərdə "AİP"-in Lənkəran, Masallı, Astara, Yardımlı və Ağstafa rayon təşkilatları da partiyanın İranmeyilli siyasətinə etiraz edən bəyanatlarını ictimailəşdirəcəklər. Artıq sözügedən rayon təşkilatlarında "AİP"-in İrana xidmətləri partiya üzvləri arasında ciddi fikir ayrılığının yaşandığı haqda məlumatlar yer almaqdadır.
R.NURƏDDİNOĞLU