Uzun illədir ki, Azərbaycan müxalifəti adı altında fəaliyyət göstərən və özlərinə "ənənəvi müxalifət" adını verən siyasi qüvvələrin uğursuzluq sindormundan çıxa bilməmələri müxtəlif zamanlarda müxtəlif düşərgədaşları, eləcə də, özləri tərəfindən etiraf edilib. Lakin düşdükləri qara zolaqdan çıxa bilməyən, buna müyəssər olmayan partiyalar hər dəfə yaşadıqları həmin situasiyaları daim iqtidarın üzərinə yıxmağa çalışmış, bununla da özlərini təmizə çıxarmağa cəhd göstərmişlər. Bu kimi iddialarla çıxışlar edən dağıdıcı müxalifət partiyalarının sədrləri hər zaman çıxış yollarının aksiyalarda, mitinqlərdə, piketlərdə axtarsalar da, həmin versiyalar özünü doğrultmamış, əksinə olaraq, radikalizm siyasətlərini ifşa etmişdir. Təbii ki, burada xarici təsirlərin də rolu az deyil ki, həmin təsirlər vasitəsi ilə ölkənin maraqlarını satmaq istəyən radikallar sağlam düşüncəli ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmışdır. Bu dəfə də dağıdıcı müxalifət düşərgəsində, xüsusilə, "İctimai Palata"da mitinq-piket eyforiyasının gündəmə çıxması müəyyən xarici təsirlərin olmasından xəbər verən amil kimi dəyərləndirilməkdədir. Xatırladaq ki, "palata"nın daxilində iki qütbə parçalanmış qüvvələr bir-birlərinə zidd fikirlərlə gündəmdədirlər. Belə ki, onların bir hissəsi mitinqlərin keçirilməsini tələb edir, digərləri isə bunun lüzumsuzluğunu bildirirlər. Düşərgədə dağıdıcı qütbü ən çox ittiham edənlər arasında ADP sədri Sərdar Cəlaloğludur desək, yanılmarıq. Çünki bu dəfə də "İctimai Palata"da yaranmış mövcud situasiyanı qiymətləndirən partiya sədri oranı idarə edənləri sərt qaydada günahlandırıb. O, aksiyaların keçirilməsi ilə bağlı yaşanan qarşıdurmalara bu cür münasibət bildirib: "İndiki halda kimsə subyektiv olaraq mitinq keçirmək istəyirsə, bu, uğursuzluqla nəticələnəcək. Təəssüf ki, Azərbaycan müxalifətində daşlaşmış stereotiplər var, onlar fərqli düşünə bilmirlər".
RÖVŞƏN