Hibrid təfəkkürlə, qarışıq düşüncə ilə yaranan ədəbiyyat istər ideya, istər forma baxımından millətə sırına bilməz. Bu baxımdan Rüstəm İbrahimbəyovun son zamanlar anti-Azərbaycan meyilli çıxışları Azərbaycan ziyalılarının səbrini daşırıb. Milli Məclisin komitə sədri, akademik Nizami Cəfərov məsələ ilə bağlı münasibət bildirərək, vurğuladı ki, Rüstəm İbrahimbəyovun Azərbaycana münasibətində, onun yanaşmasında genetik yanlışlıq var: "Rüstəm İbrahimbəyovu elə də böyük yazıçı hesab etmirəm. Bilirsinizmi, yazıçının bir milli kökü olmalıdır. Yazıçının qəlbinin, düşüncəsinin genotipi olmalıdır. Hibrid təfəkkürlə, qarışıq düşüncə ilə yaranan ədəbiyyat istər ideya, istər forma baxımından millətə sırına bilməz. Nəticə etibarı ilə millətin yaddaşında qalmır və millət də müəllifi yazıçı hesab eləmir. Mən Rüstəm İbrahimbəyovu millətin yazıçısı saya bilmirəm. Millətin yazıçısı olmaq yazı texnologiyasının özündə görünür. Onların yaratdığı ədəbiyyatın nə texnologiyası, nə də o ədəbiyyatda əks olunan düşüncə tərzi bizim millətlik deyil. Onlar üçün dünyanın harası gözəldirsə, ora vətəndir. Bəlkə də insan kimi bu, onun haqqıdır. Bu millətin də o qədər tarixi, taleyi ilə yaşayan şəxsiyyətləri var ki. Bir-ikisinin fərqli olması faciə deyil. Azərbaycan xalqı tarix boyu dünya mədəniyyətinə böyük töhfələr verən dahi şəxsiyyətlər yetişdirib. Rüstəm İbrahimbəyov isə nə millətinə, nə də dünya mədəniyyətinə töhfə verə bilib. Azərbaycana bu təfəkkürdə övlad lazım deyil".
Milli-mənəvi dəyərləri siyasi biznesə dəyişən "ziyalı"
Azərbaycanın milli-mənəvi dəyərlərini siyasi biznesə dəyişən Rüstəm İbrahimbəyov Azərbaycan xalqına, dövlətinə olan kini, onu siyasi uğursuzluğu, xəyanəti özünə siyasi karyera edən Eldar Namazovun dəstəsinə qoşuldu. Bununla da, R.İbrahimbəyovun kimliyi və əsil niyyəti üzə çıxdı... "Mən demişdim ki, Azərbaycanda ziyalılıq yoxdur" sözünü deyən R.İbrahimbəyov özünün "bazar təfəkkürlü" olduğunu bir daha nümayiş etdirdi. Bu, belə də olmalı idi. Çünki öz ölkəsini bəyənib orada yaşamayan, Moskvada oturub Bakıda istədiyini reallaşdıracağını düşünən, milli dəyəri bazar təfəkkürünə qurban verən R.İbrahimbəyov indiyə kimi ermənilərə qarşı hansı yazılarla çıxış edib? Millət vəkili N.Cəfərovun sözlərinə görə "Ziyalılar Forumu"na yığışanlar öz şəxsi problemlərini həll etmək istəyində olanlardır: "Özünü böyük düşüncə sahibi hesab edən bir adamın bilmədikləri haqqında belə danışması şəxsən bir ziyalı kimi mənim qüruruma toxunur. R.İbrahimbəyov deyir ki, Azərbaycanın demoqrafiyası pozulub. 90-cı illərin əvvəllərində Azərbaycanda dünya dağılırdı, Rüstəm İbrahimbəyov bunu başa düşmür. Çox mürəkkəb bir situasiya yaranmışdı. Ölkə məhv olmaq təhlükəsi ilə üz-üzəydi, müstəqilliyimiz məhv olurdu. Elə bir şəraitdə demoqrafiyamı normaya salına bilərdi?"
"Rüstəm İbrahimbəyovun çıxışları onun erməni təəssübkeşi olduğunu aydın göstərir"
Millət vəkili, tarixçi-alim Yaqub Mahmudov isə R.İbrahimbəyovun fikirlərini arxadan vurulan ağır zərbə kimi dəyərləndirib: "Onun fikrincə, Azərbaycanda ziyalı elitası yoxdur. Bakı və Azərbaycan başqa-başqa məfhumlardır. O, iddia edir ki, Bakı adlı paytaxt yoxdur və köhnə Bakı "yoxa çıxıb". R.İbrahimbəyov çıxışlarında Azərbaycanın qazandığı uğurlara da şübhə edir. Kinorejissorun sözlərinə görə, 1990-cı ilin əvvəllərində Bakının 1,5 milyon əhalisinin yarısı çıxıb gedib. O, gedənləri insan, gələnləri isə "talpa" adlandırır. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun çıxışları onun erməni təəssübkeşi olduğunu aydın göstərir. Çünki Azərbaycan ziyalıları hər zaman baş verən hadisələrin, proseslərin, dövlətçiliyin inkişafında öndə gediblər. Ziyalılar Azərbaycanı, onun zəngin mədəni irsini, milli məfkurəsini yaşadıb, gələcək nəsillərə ötürüb, tarixi inkişafımızın hər bir mərhələsində öz elmi, ədəbi, mədəni yaradıcılığı ilə bəşəriyyətin nailiyyətlərini zənginləşdirib, onun misilsiz irsinin inkişafına xalqımız adından öz töhfəsini veriblər. Amma R.İbrahimbəyov kimilər "ziyalı" adını özünə yarlıq edərək şəxsi mənafeyi, marağı uğruna bu ada ləkə gətirirlər. Onun anti-Azərbaycan meyilli çıxışları göstərir ki, bu şəxsin milli və siyasi təfəkkürü nə qədər cılızdır.
RƏFİQƏ HÜSEYNOVA