Müxalifət partiyaları fəaliyyətdə olduqları uzun illər ərzində nəyə isə nail ola bilməyiblər. Bunun səbəb isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Bir sözlə, bu qüvvələrin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda, nəyə görə, 2013-cu ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində təmsil olunan qüvvələr vahid namizəd müəyyənləşdirmələri ilə bağlı fikir ayrılığı aparır? Bəs müxalifət qüvvələri vahid namizədlərini müəyyənləşdirə biləcəklərmi? Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bizimlə söhbətində vurğuladı ki, 2013-cu ildə keçiriləcək növbəti prezident seçkilərinə müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderlərinin vahid namizəd müəyyənləşdirmələri reallığı əks etdirmir. Çünki onlar heç bir siyasi gücə malik deyillər. Müxalifət deyilən cəbhədə çoxlu sayda müxtəlif siyasi palitra var. Demək olar ki, heç vaxt müxalifət vahid namizəd ortaya qoya bilməyib. Bunun da müxtəlif səbəbləri var. Yəni, təkcə bu, ideoloji məsələlərlə bağlı deyil. Müxalifətdə təmsil olunan partiya liderlərinin əksəriyyəti bu və ya digər qütblərə bağlıdılar. Ona görə də, heç vaxt sözügedən qüvvələr bir araya gələrək, nə isə bir iş görə bilməyəcəklər. Çünki həmin qüvvələrin bağlı olduqları qütblər ayrı-ayrı fərqli qüvvələrdir. Bu baxımdan, müxalifət qüvvələrinin bir araya gəlməsi mümkün olmayıb və olan da deyil. Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan qüvvələr vahid namizəd ortaya qoya bilən deyil.
Partiya sədrinin sözlərinə görə, müxalifət qüvvələri vahid namizədlə 2013-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq imkanında deyil. Çünki həmin qüvvələrin xalq tərəfindən dəstəyi yoxdur. Sadəcə olaraq, müxalifət elektoratı o fikirdədir ki, guya müxalifət vahid bir namizəd ortaya qoya bilsə, onlar seçkilərdə uğur qazana bilər. Amma bunun özü-özlüyündə əsası yoxdur. Çünki müxalifəti dəstəkləyən elektorat Azərbaycan cəmiyyətinin və seçicilərinin çox cüzi bir hissəsini təşkil edir. Əgər adıçəkilən qüvvələr vahid bir namizəd ortaya qoysalar, yenə də keçiriləcək həmin o seçkilərdə uğur qazana bilməyəcəklər. Həmin partiyalardı ki, indiyə qədər ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər. Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan qüvvələr 2013-cü ildə keçiriləcək seçkilərdə uğur qazana biləcək qüvvəyə malik deyillər.
GÜLYANƏ