PDF Oxu

Müxalifət

  • 53

Sərdar Cəlaloğludan daha bir ittiham

Sərdar Cəlaloğludan daha bir ittiham

Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə müxalifətin ittihamçısı rolunda çıxış edib. Partiya sədrinin budəfəki hədəfləri "Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyev və sədri Sülhəddin Əkbər olub. O, "ACP"-nin fəaliyyətini kifayət qədər tənqid edib və bildirib ki, bu kimi partiyalar cəmiyyətə heç bir yararlılığı ilə seçilmir. Çünki belə partiyaların başında R.Quliyev, S.Əkbər kimi mövqe tuta bilməyən adamlar dayanıb. S.Cəlaloğlu qısa xatırlatma ilə çıxış edərək, bildirib ki, bu adamlar zamanında ADP-də də yüksək mövqelər tutublar. Ancaq xəyanətkar, səmərəsiz fəaliyyətləri səbəbindən partiyadan uzaqlaşdırılıblar: "Rəsul Quliyev və Sülhəddin Əkbər vaxtilə ADP-dən qovulublar".

Sülhəddin Əkbər: "Sərdar Cəlaloğlu qeyri-ciddi və qəbuledilməz adamdır"

"ACP"-nin sədri S.Əkbər S.Cəlaloğlunun onun haqqında səsləndirdiyi ağır ittihamları cavabsız qoymayıb və həmkarına sərt şəkildə təpki göstərib. Partiya sədri S.Cəlaloğlunun onun və R.Quliyevin ADP-dən qovulması ilə bağlı fikirlərinin qeyri-ciddi olduğunu bildirib. Eyni zamada, ADP sədrinin qəbuledilməz adam olduğunu deyən "ACP" sədri cavabında təhqiramiz ifadələr işlədib: "Sərdar Cəlaloğlu gündəmdə qalmaq üçün bilmir nə etsin. Yəqin bu adam başını itirib. İndi də durub bizim haqqımızda belə fikir söyləyir. S.Cəlaloğlu durduğu yerdə belə fikir səsləndirməklə mənə və "Açıq Cəmiyyət Partiyası"na qərəzli münasibətini ortaya qoyur. Mən təəccüblənmirəm ki, Sərdar belə fikri söyləyib. Burada qeyri-adi şey yoxdur. Görünür, artıq dözə bilməyib öz neqativ hisslərini ortaya qoydu. Nə onun kimi qeyri-ciddi adama, nə də onun mənasız ittihamlarına cavab vermək istəyirəm. Gündəmdə qalmağın başqa yollarını tapa bilmədiyi üçün kimlərisə ittiham etməyə başlayıb. Belə qeyri-ciddi adama cavab vermək düzgün olmaz".

Maraqlıdır ki, seçkilər ərəfəsində müxalifət daxilində yaşanan bu kimi halların intensivləşməsi digər partiya sədrləri arasında da yaşanır. Görünür, onları maraqlandıran əsas olaraq, 2013 seçkiləri deyil, həqiqətən də, gündəmdə qalmaq məsələsidir ki, onlar bu cür imkanlardan geniş istifadə etməklə şəxsi dividendlərini güdürlər. Təbii ki, bu kimi hadisələr düşərgənin qürublu çöküşünü reallaşdırır.

R.RƏSULOV

Digər xəbərlər