PDF Oxu

Müxalifət

  • 56

Müxalifət düşərgəsində qarşıdurmalar güclənir...

Müxalifət düşərgəsində qarşıdurmalar güclənir...

Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Əlbəttə, ölkədə bu seçkilərə rəsmi şəkildə start verilməsə də, müxalifət daxilində artıq indidən qarşıdurmalar başlayıb. Əsasən, vahid namizəd problemi ətrafında cərəyan edən proseslərdə bütün kartların açılması ilə yanaşı, hətta təhqirlərə də yol verilir. Təbii olaraq, bu cür hadisələrin baş verməsi müxalifət üçün normal hal hesab olunur. Çünki Azərbaycanın müxalifəti hələ də 1992-ci ildəki ab-hava ilə yaşayır və hələ düşünür ki, hakimiyyəti silah gücünə qəsb etmək olar.

Qeyd edək ki, bir müdət öncə müxalifət düşərgəsində vahid namizədlə bağlı İsa Qəmbərov, Əli Kərimov, Lalə Hacıyeva və Rəsul Quliyev aktiv çıxışlara başlamışdılar. Lakin hər bir tərəfdən səslənən fikirlərin bir-birilə ziddiyyət təşkil etməsi və qarşılıqlı anlaşmanın olmaması sonda açıq təhqirlərə yol açdı. Artıq indidən müxalifət daxilində hər hansı birləşmənin və ya vahid namizədin müəyyənləşdirilməsi üçün ortaq qərarın olmayacağının bəlli olması intriqaları labüdləşdirir. Belə ki, Rəsul Quliyev İsa Qəmbərovla Etibar Məmmədovun inanılacaq siyasətçilər olmadıqlarını sübut etməyə çalışır, həmçinin, "ACP" ADP və AXCP (i) arasında münasibətlər kəskinləşir, eyni zamanda, Müsavatla AXCP (i) birgə qərar qəbul edə bilmirlər.

Bu qarşıdurmada görünən odur ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP (i) sədri Əli Kərimov Rəsul Quliyevi oyundan kənarlaşdırmaq və vahid namizəd məsələsini öz aralarında həll etmək istəyir. Lakin Rəsul Quliyev də okeanın o tərəfində sakit durmur və tarixi faktları açıqlamaqla, həm İsa Qəmbərovun, həm də Əli Kərimovun əsil fikirlərini açıqlamaq istəyir.

Rəsul Quliyevin Azərbaycan media orqanlarından birinə müsahibəsində açıqlamağa çalışdığı məsələlərdən biri ondan ibarətdir ki, İsa Qəmbərov yalnız şəxsi maraqlarını diqqətdə saxlayır. İsa Qəmbərovla əldə etdiyi sazişdən "sıfır nəticə" əldə edən Rəsul Quliyev Müsavat başqanının yalançı olduğunu isbatlamağa çalışıb: "Mənim təkliflərim bundan ibarət idi: İsa bəyə dəstək verirəm və o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbərov müvəqqəti prezident olur. İkinci, mən Nazirlər Kabinetinin sədri oluram və bütün nazirləri baş nazir təyin edir. Amma bunlara o dəqiqə razılıq vermədim, bir qədər müzakirə getdi, yenidən müqavilə hazırlandı və imzaladım. Bundan sonra müraciətimdə dəyişiklik etdim, Etibar Məmmədovun adını çıxardıb, İsa Qəmbərovu saxladım. Nəticədə, İsa Qəmbərovun mitinqinə gələnlərin sayı Etibar Məmmədovun keçirdiyi mitinqlərdə iştirakçılardan 3-4 dəfə artıq oldu. Çünki dəstəyimdən sonra İsa Qəmbərovun mitinqinə xeyli adam qatıldı. Amma mənim öz səhvimi başa düşməyim uzun zaman çəkmədi. Cəmi 1 gün sonra, yəni seçki günü başa düşdüm ki, səhv etmişəm".

"İsa Qəmbərə münasibətlə Müsavata mövqeyimi niyə eyniləşdirirsiniz?" deyən Rəsul Quliyev əlavə edib ki, partiya onun namizədliyini dəstəkləsə də, mən onu dəstəkləməyəcəm, bu məsələ bitdi: "Mən bilə-bilə ki, Azərbaycanda İsa Qəmbərov adlı adam heç zaman prezident ola bilməz, necə onu dəstəkləyə bilərəm. Axı bu, gülüncdür!"

Eyni münasibəti Əli Kərimova qarşı da bəsləyən Rəsul Quliyev onunla da eyni yolun gedilməsinin qeyri-mümkünlüyünü söyləyir. Çünki Əli Kərimovun daha çox maddi ambisiyalar haqda düşündürdüyündən, onun Rəsul Quliyevi yarı yolda qoyması haqqında düşüncələr də ortada olmaqdadır.

Bir sözlə, görünən odur ki, müxalifət düşərgəsində qarşıdurmalar artıq genişlənmək üzrədir. Prqnozlaşdırıla bilər ki, bu qarşıdurmalar daha da böyüyəcək və yeni faktlar ortaya çıxacaq.


"Səs" Analitik Qrupu

Digər xəbərlər