Xəbər verdiyimiz kimi, Rəsul Quliyev yerli mətbuat orqanlarından birinə verdiyi müsahibəsində 2003-cü ilin seçki dönəmi ilə bağlı bəzi məsələlər barədə danışıb. Onun sözlərinə görə, həmin vaxt Rəsul Quliyevin təklifləri İsa Qəmbərova çatdırılıb: "İsa bəyə dəstək verirəm, o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbərov müvəqqəti prezident olur. İkincisi, mən baş nazir oluram, bütün nazirləri baş nazir təyin edir... Bundan sonra İsa Qəmbərova dəstək verdim".Rəsul Quliyev vurğulayıb ki, İsa Qəmbərovun namizədliyini dəstəkləməsi faktı Müsavat başqanının xeyirinə olub - eks-spikerin tərəfdarlarının hesabına keçirilən mitinqlərdə vətəndaşların kütləvi iştirakı müşahidə edilib. O, bunu mənsub olduğu klanın müxalifətə dəstəyi kimi qələmə verib: "Nəticədə, İsa Qəmbərovun mitinqinə gələnləri sayı digər namizəd Etibar Məmmədovun mitinqinə gələnlərdən 3-4 dəfə çox oldu".Lakin R.Quliyev sonradan İsa Qəmbərovun naşılığı üzündən yanlış addım atdığını anladığını bildirir: "Seçki günü İsa Qəmbərov Rusiya telekanallarına müsahibəsində növbəti prezidenti 2013-cü il seçkilərinə hazırlaşmağa çağırdı. Bununla da böyük səhvə yol verdiyimi başa düşdüm". Rəsul Quliyev, həmçinin, müsahibəsində deyib ki, İsa Qəmbərov heç vaxt prezident ola bilməyəcək.Müsavat partiyasının başqanı İsa Qəmbərov isə, öz növbəsində, deyilənlərlə bağlı bildirib ki, siyasi fəaliyyəti bitən bir şəxsin söylədiklərinə zaman ayırmaq fikrində deyil: "2005-ci ildə, o özü siyasi fəaliyyətinə son qoydu".Xatırladaq ki, hələ 2005-ci il parlament seçkiləri ərəfəsində Rəsul Quliyevin Azərbaycana qayıdışı gündəmdə idi. O zaman Rəsul Quliyev Azərbaycana yola çıxsa da, onu gətirən təyyarə Ukrayna ərazisində Simferopol şəhərində yerə endirildi. O zaman Müsavat başqanı İsa Qəmbərov Simferopola gedərək, eks-spikerlə görüşdü və onu yolundan dönməməyə, Azərbaycana gəlməyə dəvət etdi. Ancaq həbs edilmə ehtimalının yüksək olduğunu əsas gətirən Rəsul Quliyev bundan imtina edərək, qısa zamanda yenidən Amerika Birləşmiş Ştatlarına qayıtdı.Beləliklə də, bu mənzərədən ortaya çıxan məntiq ondan ibarətdir ki, Rəsul Quliyevlə İsa Qəmbərov bir-birinə "potensial rəqib" və "sirlərin xəzinəsi" kimi baxırlar. Rəsul Quliyev yenidən Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmək niyyətinə düşdüyü üçün İsa Qəmbərov da çalışır ki, onu bitmiş siyasətçi kimi təqdim edərək, bu yoldan döndərsin. Amma əslində, vəziyyət ondan ibarətdir ki, hər iki "siyasətçi" 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi kimi irəli çıxmaq istəyir. Bu mənada da, Rəsul Quliyevlə İsa Qəmbərov açıq şəkildə bir-biri haqqında ictimaiyyət üçün gizli qalmış bəzi məqamları açıqlamağa başlayıblar. Görünür, bundan sonra da bu cür açıqlamalar gündəmdə olacaq və cəmiyyətimiz İsa Qəmbərovla Rəsul Quliyevi daha yaxşı tanıyıcıq.Lakin bütün bunlara baxmayaraq, nə Rəsul Quliyev, nə də İsa Qəmbərov nəinki prezident, hətta namizəd olmağa belə layiqdirlər. Onların Azərbaycan dövləti və xalqı qarşısındakı "xidmətləri" hər kəsin yaddaşındadır. Torpaqlarımızın işğal edilməsi, iqtisadiyyatımızın dağılması və sənaye müəssisələrinin hissə-hissə satılması, məhz bu şəxslərin sayəsində baş tutmuşdu. Bu səbəbdən də, Azərbaycan xalqı Rəsul Quliyevlə İsa Qəmbərovu hələ 1990-cı illərin əvvəllərindən siyasi tarixin arxivin küncünə göndərib və onları ciddi siyasətçilər kimi qəbul etmir.