"Rəsul Quliyevin son açıqlaması uğursuzluqdan doğan eyforiyadan başqa bir şey deyil". Bunu öz açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Açıq Cəmiyyət Partiyası"nın "lideri", eks-spiker Rəsul Quliyevin son bəyanatlarına və məlum müsahibəsinə münasibət bildirərkən deyib.
Bəyanatlar düşərgəni çaş-baş qoyur
Xatırladaq ki, "ACP"-nin "lideri" R.Quliyev hələ bir müddət öncə, "İctimai Palata"da təmsil olunan Müsavat və AXCP(i) rəhbərləri İsa Qəmbərova və Əli Kərimova siyasi səhnəni tərk etməyi tələb etmişdi. Ancaq bir müddət sonra, daha dəqiq desək, bu günlərdə guya 93-cü ilin iyununda müxalifəti dəstəklədiyini, Əbülfəz Elçibəyin tərəfdarı olduğunu bildirmişdi. Bu baxımdan, eks-spikerin gah bir, gah da digər formada bəyanatlar səsləndirməsi düşərgəni də çaş-baş qoyub. Təbii ki, Müsavat və AXCP (i) sədrləri də Rəsul Quliyevi "öz gözündə tiri görməyib, başqalarının gözündə çöp" axtarmaqda ittiham edərək, siyasi səhnəni, ilk növbədə, onun özünün tərk etməli olduğunu deyiblər. Eyni zamanda, onun müxalifətə dəstək verməyini absurd hesab edirlər.
"Okeanın o tayından ittihamlar səsləndirməklə gündəmdə qalmaq olmaz"
ADP sədri S.Cəlaloğlu isə qətiyyətlə bildirib ki, R.Quliyevin son açıqlamaları uğursuzluqdan doğan eyforiyanın nəticəsidir: "Anlaya bilmirəm ki, o, nə demək istəyir? Bu məntiqlə yanaşsaq, Rəsul Quliyevin özü dərhal siyasətdən getməlidir. Məgər onun əlahiddə uğurları var ki, başqalarını da ittiham eləsin".
ADP sədri hesab edir ki, R.Quliyev bu yolla nəticə əldə edəcəyini düşünürsə, yanılır: "Bəlli reallıqdır ki, Azərbaycanda müxalifətin təsir imkanları azalıb. Kimsə önə belə bir məqamda çıxmağı düşünürsə, buyursun, estafeti ələ alsın. Okeanın o tayından ittihamlar səsləndirməklə gündəmdə qalmaq olmaz. Yaxşı olar ki, R.Quliyev özü bundan nəticə çıxarsın".
R.Hüseynova