Bermud üçübucağı təsirini bağışlayan dağıdıcı müxalifət düşərgəsində "liderlər" arasında cərəyan edən qarşıdurma prosesləri böyüməkdədir. Məhz bu kimi proseslər nəticəsində hər bir "liderin" keçmiş siyasi tarixi ifşa olunur, həmin ifşalardan doğan reallıqlar getdikcə cəmiyyətə daha aydın şəkildə bəlli edilir. Nəticədə, ölüm üçbucağı kimi də adlandırılan "Bermuddan" xilas olmaq şanslarını itirən "liderlər" batmamaq üçün bir-birlərini altlarına itələyirlər. Ölüm ayağında bir udum oksigen almaq belə, onlar üçün "əvəzolunmaz şansdır".
RƏSUL QULİYEV KİMİN "FAKTORDUR" ?
"ACP"-nin "lideri" kimi fəaliyyət göstərən Rəsul Quliyevin son zamanlar düşərgədəki opponentlərinə qarşı fərqli formalarda münasibət bildirməsi vəziyyətin gərginlikdən də ziyadəliyə doğru istiqamət almasına şərait yaradır. Hələ bir müddət öncə, R.Quliyevin vaxtilə təmsil olunduğu "Müqavimət Hərəkatı"nı hədəfə alması sözügedən vəziyyəti daha da gərginləşdirdi. Bu gün "Ümid" sədri İqbal Ağazadə ilə də gedən söz atışmaları da, "Azadlıq" sədri Əhməd Orucun "ACP" "liderinə" ittihamları da bu çərçivədəndir. Yəni başqa sözlə desək, yetənə yetib, yetməyənə daş atan R.Quliyev bu addımlarını "üçüncü qüvvə" tərəfindən təlimatlandırılmış qaydada icra edib. Nəticədə, bir neçə ay ərzində kifayət qədər reklam olunan "ACP" "lideri" kartlarını açıb. Məlum olub ki, onun müxalifət düşərgəsində "faktor" olmasına səbəb bilavasitə AXCP (i) sədri Əli Kərimovdur. Çünki müxalifətdə bu cür qarşıdurmaların yaşanması daha çox "cəbhə" sədrinə sərf edib. Beləliklə, R.Quliyev müxalifət düşərgəsinə "faktor" olaraq, Ə.Kərimov tərəfindən yeridilib. Hər halda, maraqlı nüansdır desək, yanılmarıq.
İKİNİN BİRƏ QARŞI GÜCÜ
Ancaq həmin nüansı təhlil edərkən, daha bir neçə amil ortaya çıxır ki, həmin amilin məntiqi nəticəsi ikinin birə qarşı güc göstərməsi kimi dəyərləndirilə bilinər. Belə ki, həm AXCP (i) sədrinin, həm də "ACP" "liderinin" barışmaz düşmənlərindən biri və əsası Müsavat başqanı İsa Qəmbərovdur. Əgər bunu da nəzərə alsaq, belə nəticəyə gəlmək mümkündür ki, R.Quliyevin "Müqavimət Hərəkatı"nı tez-tələsik tərk edərək, "İctimai Palata"ya meyillənməsi onun Ə.Kərimovla separat danışıqlara getməsidir. Bu gün Müsavata yaxın olan mətbuat səhifələrində, xüsusilə, "Yeni Müsavat" qəzetində gedən anti-Quliyev kampaniyası ilə "cəbhəyə" məxsus "Azadlıq"dakı pro-Quliyevçi yazılarını qarşı-qarşıya qoysaq, deyilənlərin nə qədər doğru olduğunun şahidlərinə çevrilərik. Məsələn, bu günlərdə AXCP (i) sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlının "ACP"-nin "palata"ya gəlməsində problemin olmamasını dilə gətirmələri Müsavat başqanının "şərəfinə" toxunub və o, həmin andaca R.Quliyevi "Yeni Müsavat"da tənqid edib.
"İsa Qəmbərdən Rəsul Quliyevə bir cümləlik cavab" yazısında "ACP" "liderinə" "o, 2005-ci ildən sonra bitmiş siyasətçidir" damğasının vurulması vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Beləliklə, Ə.Kərimovun R.Quliyevdən istifadə etməsi öz bəhrəsini verib. Yəni Müsavat "cəbhəyə" qarşı sərt çıxışlara başlayıb. "Bitmiş siyasətçi" ifadəsi isə İ.Qəmbərov tərəfindən R.Quliyevlə yanaşı, Ə.Kərimova da atılmış daşdır. Bu səbəbdən də, ikinin (Ə.Kərimovla R.Quliyevin) sövdələşməsi nəticəsində birə (İ.Qəmbərova) güc göstərmələri nəticəsini göstərib. Qalır sadəcə başladılan savaşın daha şiddətli hal almasına ki, bu da 2013-cü il seçkilərindən daha əvvəl baş verəcək. Bütövlükdə isə, dağıdıcı müxalifətin seçkilərə ən yaxşı halda pərakəndə vəziyyətdə getməsi mümkün ola bilər ki, burada da acınacaqlı məğlubiyyətin baş verməsi labüddür.
SÜQUTA OLAN SÜBUT
Düşərgənin hər iki qütbündə qarşısıalınmaz parçalanmanın sürətli dalğası daha bir tərəfdən də öz əksini tapır. Məsələn, buna sübut kimi həm AXCP (i)-nin, həm də Müsavatın bəzi məsələlərdə susmağa üstünlük vermələrini, bu barədə qərara gəlmələrini göstərmək mümkündür. Və məhz belə susqunluqları analiz edərkən həm bənzər, həm də müxtəlif məsələlər ətrafında müəyyən fikirlər səsləndirmək mümkündür.
İlk növbədə, AXCP (i)-nin "vahid namizəd" ideyasında danışmamaq haqqında qərarlarını təhlil edərkən qənaətə gəlmək mümkündür ki, "cəbhə" daxilində Ə.Kərimovun bu adı qazanması istiqamətində başqa müxalifət partiyalarına qarşı "piarlar" aparılır. Daha dəqiq desək, AXCP (i)-nin susması, əslində, saman altından su yeritmək mənasını verir. Hətta Ə.Kərimovun "Vahid namizəd" məsələsinin ictimailəşməsi müxalifət üçün ziyanlıdır" kəlməsini işlətməsi onun gizli planlarını gizlədə bilməyib. Məlum olub ki, sosial şəbəkələrdə "cəbhə" sədrinin lehinə, İ.Qəmbərovun isə əleyhinə yazılar gedir və həmin yazıları yazdıran da, şübhəsiz ki, Ə.Kərimovdur. Ancaq buna rəğmən, mətbuata "vahid namizədlik" haqqında danışmamaq prinsipinin ötürülməsi manipulyasiya və siyasi spekulyasiya, hətta siyasi biclik mənasını daşıyır. Bununla da "cəbhədə" Ə.Kərimovun namizədlik məsələsi istiqamətində gizli işlər aparılır.
Müsavatda isə susqunluq başqa məcrada inkişaf edir. Partiyanın qurultay keçirə bilməməsi, başqanlıq postunun hələ də İ.Qəmbərovun əlində qalması, partiyadaxili böhranın müxtəlif səpgilərdə ayaq açması, nəticədə, Arif Hacıyevin Tural Abbaslı ilə qruplaşma yaratması ilə sona çatıb. Onların həm AXCP (i)-yə, həm də öz başqanlarına qarşı qiyam qaldırmaları (burada aksiyaların keçirilməsindən başlayaraq, qurultay və başqanlıq məsələsinin qabardılmasına qədər proseslər nəzərdə tutulur - R.N.) Müsavat məclisinin rəhbəri Arzu Səmədbəylinin fikirləri ilə ört-basdır olunmağa cəhd edilib. Belə ki, A.Səmədbəyli müxtəlif saytlara verdiyi açıqlamalarında bildirib ki, Müsavat partiyası, hələlik, qurultay və başqanlığa namizəd məsələsində susmaq qərarına gəlib. Bənzər məsələlərdir desək, yanılmarıq. Həm AXCP (i), həm də Müsavat susur. Həmin susmalar isə həqiqətdə barışmaz müxlaifətin düşərgədəki vəziyyətini ifşa edir. Həm də süqutlarının sübutunu nümayiş etdirir.
RÖVŞƏN NURƏDDİNOĞLU
P.S. Qarşıdan gələn seçkilərə qədər ayaq üstündə dayana bilməyəcəklərini yəqin edən dağıdıcı müxalifət "liderlərinin" əsas hədəfləri də əldən verilməkdədir. Düşərgənin bu və ya digər şəkildə hansı xilas yolunu tutmaları da indidən öz nəticəsizliyi ilə görünməkdədir. Hər halda, "Bermud üçbucağı"ndan, hələ ki, heç bir qüvvə sağ-salamat çıxa bilməyib.