PDF Oxu

Müxalifət

  • 52

Yada düşər xatirələr...

Yada düşər xatirələr...

"Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyev müxalifət qəzetlərindən birinə verdiyi müsahibəsində 2003-cü il prezident seçkilərində müxalifət daxilindəki prosesləri yenidən qabartmaqla od üzərinə benzin töküb. Belə ki, o, həmin dövrlərdə Müsavat başqanı İsa Qəmbərovu dəstəkləməklə çox kobud səhvə yol verdiyini bildirib. Əgər nəzərə alsaq ki, hazırda R.Quliyev Müsavat başqanına qarşı aparılan kampaniyada AXCP (i) sədrinə dəstək göstərir, bu zaman baş verənlərin haradan və necə qaynaqlandığını aydın şəkildə görə bilərik.

Digər tərəfdən, R.Quliyev məlum müsahibəsində bildirib ki, AMİP-in o zamankı sədri, hazırkı "lideri" Etibar Məmmədovu dəstəkləmədiyinə görə, təəssüf hissi keçirir: "Mənim təklifim bundan ibarət idi ki, İsa Qəmbərə dəstək verirəm və o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbər müvəqqəti prezident olur. İkinci, mən Nazirlər Kabinetinin sədri oluram və bütün nazirləri baş nazir təyin edir. Amma bunlara o dəqiqə razılıq vermədim, bir qədər müzakirə getdi, yenidən müqavilə hazırlandı və imzaladım. Bundan sonra xalqa müraciətimdə dəyişiklik etdim, Etibar Məmmədovun adını çıxarıb İsa Qəmbəri saxladım. Nəticədə, İsa Qəmbərin mitinqinə gələnlərin sayı Etibar Məmmədovun keçirdiyi mitinqlərdə iştirakçılardan 3-4 dəfə artıq oldu. Çünki dəstəyimdən sonra İsa Qəmbərin mitinqinə xeyli adam qatıldı. Amma mənim səhvimi başa düşməyim uzun zaman çəkmədi. Cəmi 1 gün sonra, yəni seçki günü başa düşdüm ki, səhv etmişəm".


Arzuxan Əlizadə: "Üstündən çox illər keçsə belə, Rəsul Quliyev səhv etdiyini etiraf edib"


Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə R. Quliyevin bu açıqlamasını səhvlərinin etirafı sayır: "Rəsul Quliyev, əslində, müsahibəsi ilə çox şeyi deyib. Söhbət səhvlərin etiraf olunmasından gedir. Üstündən çox illər keçsə belə, R. Quliyev səhv etdiyini etiraf edib. Çox təəssüflər olsun ki, prezident seçkiləri öncəsi Rəsul Quliyev İsa Qəmbəri dəstəklədiyi barədə bəyanat verdi".

AMİP baş katibinin fikrincə, R.Quliyev özü qeyd edir ki, o zaman ADP rəhbərliyi onu bu addımı atmağa sövq edib: "Görünür, o zaman partiyanın rəhbərliyində olan şəxslər situasiyanı və öz liderlərini düzgün istiqamətləndirməyiblər".


"Həmin günün acı nəticəsidir ki, müxalifət düşərgəsində süstlük, durğunluq erası başlayıb"


AMİP baş katibi R.Quliyevin İ.Qəmbərovun mitinqinə gələnlərin sayının Etibar Məmmədovun keçirdiyi mitinqlərin iştirakçılarından 3-4 dəfə artıq olduğu fikri ilə razılaşmayıb: "Düşünmürəm ki, həmin ərəfədə Etibar Məmmədovun mitinqinə az adam qatılmışdı. Çünki həmin mitinq bir gün fərqlə olmuşdu. "Qələbə" meydanında oktyabrın 11-də Etibar Məmmədovun çağırışı ilə, 12-də isə Müsavatın mitinqi baş tutdu. Mitinqlərdəki insanların sayında elə ciddi fərq yox idi. Əslində, heç ora nə qədər adamın yığılıb-yığılmaması seçkilərin nəticəsinə təsir göstərmədi. Ən böyük səhv oktyabrın 16-da baş verdi. İsa Qəmbər və tərəfdarları "Azadlıq" meydanına çıxdılar. Həmin günün acı nəticəsidir ki, müxalifət düşərgəsində süstlük, durğunluq erası başlayıb".


Arif Hacıyev: "ACP lideri heç öz qohum-əqrəbasını ətrafına toplaya bilməyən adamdır"


Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev R. Quliyevin bu açıqlamasını hiddətlə qarşılayıb: "Əgər üzərindən illər keçdikdən sonra Rəsul Quliyev belə bir fikir səsləndirirsə, bu da onun fikirlərinin səmimi olmadığını göstərir. Çünki 2003-cü ildə tutduğu mövqeyə görə düzgün və ya səhv addım atdığını müəyyənləşdirmək üçün ona 9 il lazım gəlməməli idi. O, 2003-cü ildə də, sonrakı illərdə də fikirlərini açıqlaya bilərdi. Rəsul Quliyevin hər dəfə seçki ərəfəsində fəallaşması, əsas hədəf olaraq, müxalifəti seçməsi bu məsələlərdə müəyyən fikirlər yaradır. 2005-ci ildə "Azadlıq" bloku yaratmışdıq, həmin dövrdə də Rəsul Quliyev yenə bizimlə bir arada olmuşdu. O, öz təşəbbüsü ilə "Azadlıq" blokuna qoşulmuşdu. Təəssüf ki, 2005-ci ildə Rəsul Quliyevin buraxdığı səhvlər ucbatından, nəinki Azərbaycan müxalifətinə, bütövlükdə, Azərbaycan cəmiyyətinə ağır zərbələr dəydi. İndi də o, seçki ərəfəsində fəallaşıb. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, R.Quliyev özünü müxalifət adlandırsa da, hədəfi heç də hakimiyyət yox, müxalifətdir... Bu cür mövqe sərgiləməklə Rəsul Quliyev, əslində, olmayan nüfuzuna bir qədər də zərbə vurur. Real olaraq hansı düşərgənin mənafelərinə xidmət etdiyini göstərir".

A.Hacıyev daha sonra R.Quliyevi falçı adlandıraraq, onun lazım olanda öz qohum-əqrəbasını belə, öz ətrafına toplaya bilməyən adam kimi qiymətləndirib: "ACP lideri heç öz qohum-əqrəbasını ətrafına toplaya bilməyən adamdır".

Göründüyü kimi, artıq partiyalar daxilində artan savaş xətti o qədər inkişaf edib ki, hətta 10-20 ilə yaxın keçmiş dövr ərzində baş verənlər yenidən gündəmə çıxarılır. Vaxtilə kimin "düz", kiminsə əyri olması polemikaları ən sərt şəkildə ziddiyyətlərlə müşahidə olunur. Bu isə, həm də dağıdıcı müxalifətin tükənməsini, hətta məhvini sübut edən faktdır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər