Hər zaman müxalifət partiyaları ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib. Bunun da səbəbi onların xalq tərəfindən qəbul edilməməsi və heç bir dəstəyə malik olmamasıdır. Belə olan halda, nəyə görə, 2013-cu ildə keçiriləcək növbəti Prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində təmsil olunan qüvvələr vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılığı aparır? Bəs müxalifət qüvvələri vahid namizədlərini müəyyənləşdirə biləcəklərmi? Nəyə görə, müxalifət partiya liderləri üzdə gülüb, içdə isə bir-birinə qarşı qısqanclıq hissi ilə yanaşırlar? Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Zöhrab Abdullayev bizimlə söhbətində qeyd etdi ki, hər zaman müxalifət düşərgəsində fəaliyyət göstərən partiya sədrləri arasında hər hansı bir məsələ ilə bağlı fikir ayrılığı aparılıb və aparılır da. Bir sözlə, müxalifət partiyaları 2013-cü ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq, öz aralarında vahid namizədlərini müəyyənləşdirmələri bir az çətin məsələdir. Qaldı ki, sözügedən qüvvələrin gələn il keçiriləcək Prezident seçkilərində uğur qazanmalarına bu, heç də inandırıcı görünmür.
Sədr müavininin sözlərinə görə, hər zaman müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderləri bir-birilərinə qarşı qısqanclıq hissi ilə yanaşıblar. Bunun da səbəbi ictimai şurun tam formalaşmaması ilə bağlıdır.
Z.Abdullayev müxalifət partiyalarına rəhbərlik edən liderlərin yeniləşməsi məsələsinə də toxunaraq, qeyd etdi ki, müxalifət partiyalarına yeni əhval-ruhiyyəyə malik olan yeni və gənc liderlərin gəlmələri çox yaxşı olardı. Çünki dünya da belə bir qayda var ki, hər hansı bir ölkədə əgər hər hansı bir siyasi partiya lideri 10 il ərzində hakimiyyətə gələ bilmirsə, onda həmin partiyaya rəhbərlik edən sədrin özü öz istəyi ilə yerini yeni sədrə verir. Çünki həmin partiya lideri irəliliyə doğru heç bir addım ata bilmir. Bir sözlə, Azərbaycanda da bu cür olmalıdır. Ona görə ki, siyasi durum yeniləşdikcə, siyasi partiyalar da yeniləşməyə doğru getməlidir.
GÜLYANƏ