Gülağa Aslanlı:
Rəsul siçan, bizim liderlər dələ,
Sülhəddin bizlərə qurmaqda tələ,
Müzakirə etmək istəmir hələ,
"İP" vahid namizəd məsələsini.
Sülhəddin Əkbər:
"İP"-ə vermək istər öz ruzusundan,
Yapışıb dördəlli puç arzusundan,
Deyin Rəsul kimi əl quzusundan,
"Palata"ya sədr çıxmazmı yəni?
Gülağa Aslanlı:
Aşırın dənizə o saldan onu,
Kənarda saxlayın baş yoldan onu,
Daşındırın o puç xəyaldan onu,
Vurmamış beyninə İsanın kini.
Sülhəddin Əkbər:
Rəsul liderlikdə dərinə enib,
Sanma siyasətə marağı sönüb,
Mahir, Şahbaz, Solmaz yanına dönüb,
"Hərəkat" yaradıb Rəsul bəy yeni.
Gülağa Aslanlı:
Xaricdə "kəsilir" neçənci rübdü,
İndi yumaq kimi o, büzüşübdü,
Xaricdə qocalıb əldən düşübdü,
Azalıb Rəsulun məhsuldar dəni.
Sülhəddin Əkbər:
"İP" başçısı kimi xoş niyyətinə,
Alış deməlisiz qətiyyətinə,
Rəsul bəyin bircə şəxsiyyətinə,
Dəyməzdi Əlinin, İsanın mini.
Gülağa Aslanlı:
Əsas məqsədini qrifləməklə,
Məni başdan edib hərifləməklə,
Rəsulu bu qədər tərifləməklə.
Kövrəltmək istədin yəqin ki, məni.
Sülhəddin Əkbər:
Yazıqsan, qaç "İP"-dən canını qurtar,
Bu quyu səni də mənim tək udar,
Əli də, İsa da tezcə unudar,
Əgər bircə anlıq burulsan tini.
Gülağa Aslanlı:
Bir onamı qalıb məgər qarğalıq?
Nədən etmək istər indi darğalıq?
Rəsul qocalıqda edir yorğalıq,
Köhnə maşın kimi boşalıb şini.
Sülhəddin Əkbər:
Vaşinqton, Avropa qolları kimi,
Şüuru parlaqdı yolları kimi,
Artıb müdrikliyi pulları kimi,
Aşıb-daşmaqdadı liderlik çəni.
Gülağa Aslanlı:
Rəsul boğulmaqda xaricdə kindən,
Narahat oluram kobud səsindən,
Çıxıbdı gövdəsi əndəzəsindən,
Axı heç bilinmir uzunu-eni.
Sülhəddin Əkbər:
Mənim liderim tək şişə bilməzsən,
Təcrübə toplayıb bişə bilməzsən,
Onun kimi başa düşə bilməzsən,
Həyat yollarında darlığı, geni.
Gülağa Aslanlı:
Rəsulda köhnəlib, boşalıb tabaq,
Onun fikri qara, bizimki apağ,
Ayırd da etmişik Rəsuldan qabaq,
Kədərli kəslərlə nikbini, şəni.
Sülhəddin Əkbər:
"Palata" çökübdü, tabı qalmayıb,
Onun tək yorulmuş yabı qalmayıb,
İsanın bir dolu qabı qalmayıb,
Rəsulun əlində doludu sini.
Gülağa Aslanlı:
Bəyanatı belə yatmadı döşə,
Rəsul hazır deyil mitinq-yürüşə,
Əsla mən İsanı qoşmuram işə,
Olmaz "ACP"-də Əlinin təni.
Sülhəddin Əkbər:
Özümə gəlmədim, çox içsəm də həb,
İsanın Əliylə sözü gəlir çəp,
Sizin "palata"da qarışıb məzhəb,
Məlumdu Rəsulun məramı, dini.
Gülağa Aslanlı:
Nədəndi "ACP" "şiri" qayıtmır,
Yəqin çox rahatdı yeri, qayıtmır,
Rəsul çox söz verir, geri qayıtmır,
Dabbaqda gönündən tanıdım səni.
Sülhəddin Əkbər:
"İP"-in uğurları nərd tasındadı,
Gəlişi sizlərin faydasındadı,
Rəsulun sənədi qaydasındadı,
Gedin ələk-vələk eyləyin XİN-i.
Gülağa Asanlı:
Bizi eşitməsin, qoy Rəsul karsa,
Gəlib papağını "İP"-də asarsa,
O, bizim quruma ayaq basarsa,
Xəbərdar edərik təcili DİN-i.
Sülhəddin Əkbər:
Rəsulu pisləsə-pisləməsə də,
Nifrət bəsləsə də, bəsləməsə də,
"İP" onu görməyi istəməsə də,
Rəsul qayıdacaq, açıqdı önü.
Gülağa Aslanlı:
Nyu-York səmasında şimşəklər çaxdı,
Bəlaya tuş etdi həmin "badbaxtı",
Rəsulun o yerdə bitsəydi vaxtı,
Gözaltı edərdi yəqin ki, Çini.
Sülhəddin Əkbər:
Üzü dayanıbdı bəriyə Rəsul,
Gələcək yeriyə-yeriyə Rəsul,
Qayıtmaq istəyir geriyə Rəsul,
Diaqnoz qoşmuşuq: saflaşıb geni.
MİRZƏ QƏRƏNFİL