Dünən "ACP" sədri Sülhəddin Əkbərin "ACP"-dən istefa verməsi ilə bağlı xəbər yayılıb. Məlumatlarda bildirilir ki, tək "ACP" sədri yox, başqa şəxslər də partiyadan ayrılıb. Buna səbəb isə "ACP" lideri R.Quliyevin partiyaya etinasızlığıdır. Çünki R.Quliyev S.Əkbəri "ACP"-yə gətirəndə, ona vəd vermişdi ki, o, partiyanın formalaşdırılması istiqamətində ciddi işlər görəcək. Amma R.Quliyevin bu vədi də yalan çıxıb. Əksinə, S.Əkbər "ACP"-yə sədr gətiriləndən sonra partiyada dözülməz bir vəziyyət yaranıb və bu da partiyadan qopmalarla nəticələnib.
Eyni zamanda, "ACP"-də təmsil olunan şəxslər arasında fikir ayrılığının da olmasını qeyd etsək, yanılmarıq. Çünki "ACP"-nin toplantılarında bu məsələ daim gündəmdə olub. "ACP"-yə formal olaraq müavinlər, şöbə müdirləri, müşavirlər təyin olunsalar da, onların heç biri partiyanın toplantılarında iştirak etmirlər. Bununla yanaşı, məlumatlarda o da bildirilir ki, "ACP"-nin yerləşdiyi qərargah sahibi də onlara xəbərdarlıq edib ki, qərargahı boşaltsınlar. R.Quliyev bu məsələdən xəbərdar olsa da, hələ ki, bir addım atmayıb. R.Quliyevin nəzərdə tutulan texniki xərcləri ödəməməsi ucbatından "ACP"-dəki vəziyyət çox acınacaqlı olub. S.Əkbər də bununla bağlı R.Quliyevi xəbərdar etsə də, hələ ki, məsələ qaranlıq qalıb. Bu səbəbdən də, S.Əkbər artıq bir neçə gündür ki, "ACP"-yə getmir.
"ACP" sədri narahatdır
Bir müddət öncə, "təmtəraqla" "ACP"-yə sədr gətirilən S.Əkbərə qarşı R.Quliyevin etinasızlığı onu məyus edib. Çünki ona verilən vədlər başqa idi. R.Quliyevə aldanan S.Əkbər indi meydanda tək qalıb. Hətta 8 partiyanın iftar süfrəsi adı altında keçirilən görüşə "ACP"-nin dəvət olunmaması S.Əkbərdə ciddi narahatçılıq yaradıb. Bunun səbəbini də S.Əkbər R.Quliyevdə görür. Çünki o qədər ittihamlarla çıxış etdi ki, S.Əkbərin "İP"-ə gedən yolunu bağladı. Əvvəlcədən də "ACP"-nin formalaşdırılması istiqamətində işlər görəcəyini desə də bunu yerinə yetirmədi. Məcburən Sərdar Cəlaloğlunun fikirləri ilə razılaşmalı oldu. Çünki S.Cəlaloğlu qeyd etmişdi ki, biz iftar süfrəsinə formalaşmış partiyaları dəvət etmişik. Bütün baş verənlər "ACP"-nin sıradan çıxarılmasına və ümumiyyətlə, R.Quliyevin siyasi səhnədən getməsinə hesablanıb. Çünki dağıdıcı müxalifət təmsilçiləri hesab edirlər ki, "ACP" sadəcə ortalığı qarışdırmaq məqsədi üçün saxlanılır. Əgər "ACP" ilə AXCP (i)-nin münasibətlərinin normal olduğunu qeyd etsək, o zaman məsələ sadələşər.
Babək Hacıyev