Əli Kərimov-İsa Qəmbərov dilemmasının "kimdir güclü" sualına aydınlıq gətirməkdən ötrü "Cəbhə"-Müsavat qarşıdurması yaşandı
D.O.
149-50
Uzun müddətdir ki, "İctimai Palata"nın daxilində müxtəlif mövzularda aparılan müzakirələr qarşıdurmalar fonunda özünün son nöqtəsinə qədər gəlib çatdı. Belə ki, həmin mövzular çərçivəsində son vaxtlar ən çox müzakirə obyektinə çevrilmiş məsələlərdən biri də aksiyalarla bağlı idi. "Palata"nın bir hissəsi bunun lehinə, digər hissəsi isə əleyhinə çıxış edərək, qurumdaxili intriqalı situasiyanın yaranmasına daha çox şərait yaradırdı. Söz yox ki, "İP"-in ziddiyyətli məqamları təkcə bu kimi kəskin və çarpaz xətlərdə toqquşmurdu. Burada təmsil olunan partiyalar, siyasiləşmiş QHT-lər və azsaylı elektorat kəsimi arasında baş qaldıran digər mövzular da bolluq təşkil edirdi. Çünki "İctimai Palata" bir-birinə düşmənçilik münasibəti bəsləyən, zaman-zaman soyuq münasibətlərini gizlədə bilməyən iki partiyanın - AXCP (i)-nin və Müsavatın egidası altında avtoritar idarəçilik üsulu ilə yaradılmış bir qurum idi. Bu gün "İP"-in faliyyətinin yox dərəcəsində olmasının da əsas baiskarları məhz Əli Kərimov və İsa Qəmbərovdur. Yuxarıda qeyd etdiyimiz kimi, bu qurumda yaşanan intriqaların hər biri monopoliyanı əldə saxlamaq cəhdlərinin kökündə dayanmışdı ki, burada ümumi razılığa gələ bilməyin mümkünlüyü zatən, qeyri-müəyyənlik təsiri bağışlayırdı. Bəs nə idi digər səbəblər? Ümumiyyətlə, 2010-cu ilin parlament seçkilərindən sonra "İctimai Palata"nın yaradılması qarşıya qoyulan məqsəd və məramları reallaşdırmağa müvəffəq ola bildimi? Məhz bu kimi suallara aydınlıq gətirməkdən ötrü yaxın tarixdə baş verənləri bir daha təhlil etmək istərdik.
2010-cu ilin "2003"- və "2005" davamı və ya 2013-çü görə bilməyənlər
Müxalifətin hər seçki öncəsi və seçkisonrası proseslərdə fəaliyyət sosteminə nəzər salsaq, düşərgədə elə də ciddi dəyişikliklərin olmamasının şahidlərinə çevrilərik. Çünki 20 ildən artıq bir müddətdir ki, müxalifətdə olan "liderlərin" ciddi siyasi nailiyyətlər əldə edə bilməmələri arxasında əsas olaraq, "ana müxalifət" ambisiyaları dayanıb. Əslində, bu kimi faktoru hazırkı müxalifətin iqtidarda olduğu zaman hakimiyyətdaxili intriqalarından da sezmək mümkündür. Daha dəqiq desək, sağalmaz xəstəlik halını almış "birincilik" savaşı artıq "liderlərin" siyasi peşələrinə çevrilib. Xatırlatmaq mümkündür ki, 92-ci ildə hakimiyyətə yiyələnmiş AXC iqtidarı sonradan siyasi partiya kimi formalaşmağa başladı. Lakin həmin iqtidarın daxilində gedən proseslər iqtidar içində iqtidar funksiyasını reallaşdırdı. Belə ki, Müsavat partiyasının yaradılması hakimiyyətdaxili ziddiyyətləri pik həddinə çatdırdı. Söz yox ki, sonradan Müsavatın İsa Qəmbərov tərəfindən ələ keçirilməsi onun opponenti, gözünü Ə.Elçibəyin kreslosuna dikmiş Əli Kərimova yaxşı təsir göstərmədi. Nəticədə, öz arzusuna çatan Ə.Kərimov Elçibəyin müəmmalı ölümündən sonra partiyanı ələ keçirməyə nail oldu. Və nəticədə, İ.Qəmbərova qarşı güc göstərməyə başlandı ki, həmin güc göstərmə amili bu günə qədər davam etməkdədir.
Yaxın tarixin başqa səhifələrinə müraciət etsək, nə görərik? İlk növbədə, post-seçki ərəfələrində adları çəkilən hər iki şəxs arasında kifayət qədər kəskin münasibətlərin yaşandığını, müxtəlif bloklarda, birliklərdə birləşib ayrılmaqlarını, hətta son anda bir-birlərinə arxadan zərbə vurduqlarını görmək mümkündür.
2003-cü ilin prezident seçkiləri həm Ə.Kərimov üçün, həm də İ.Qəmbərov üçün müxalifətdə "liderlik" mövqeyi sərgiləmək üçün kifayət qədər şans yaratmışdı. Bir-birlərini yarım addım olsa belə, bağışlamaq istəməyən partiya sədrlərinin mövqelərinin və nəzərlərinin torruşması o zaman fəaliyyət göstərən "Müxalifətin Koordinasiya Mərkəzi"nin (MKM) parçalanması ilə nəticələndi. Xalq həmin seçkilərdə öz haqlı seçimini etdikdən sonra, müxalifət uzun müddət aldığı zərbədən ayıla bilmədi. Ancaq qarşıda 2005-ci ilin parlament seçkiləri dayanmışdı...
Məhz həmin seçkilərə bir neçə müddət qalmış, yenidən üzə çıxmağa başlayan müxalifət "liderləri", xüsusilə, AXCP (i) sədri Ə.Kərimov və İ.Qəmbərov bugünkü "İctimai Palata"nın prototipi olan "Azadlıq" blokunu yaratdılar. Həmin blokda da, bu gün olduğu kimi, müxtəlif partiyalar cəmləşmiş, eləcə də, siyasiləşmiş QHT-lər fəaliyyət göstərməyə başlamışdı. Amma buna baxmayaraq, parlament seçkilərində də toqquşan maraqlar müxalifətin hər hansı ciddi uğurlar əldə etməsinə şərait yaratmadı. Qeyd edilən hər iki halda, parçalanmanın baiskarları bu iki "lider" oldu. Yəni "ana müxalifət" ambisiyası onsuz da bərbad vəziyyətdə olan müxalifəti pərən-pərən saldı.
Nəzərə alsaq ki, artıq 2013-cü ilin prezident seçkiləri ərəfəsində çaba göstərən "İctimai Palata" məhz "2003"-"2005" və "2010" hadisələrini bir daha yaşayacaq, bu zaman onların bir müddət öncə uzaqgörənlik haqqındakı iddialarının nə qədər gerçəkliyə bağlı olmamasını növbəti dəfə seyr etməli olacağıq.
İstər uzun, istərsə də qısa zaman kəsimində belə proqnozun gerçəklik həddinə çatacağı, təbii ki, baş verməli idi
Bu günlərdə "İctimai Palata"nın Sumqayıtda keçirmək istədiyi icazəsiz aksiyanın təfərrüatları da yuxarıda aparılan təhlilin məntiqi nəticəsi kimi başa düşülməkdədir. Məsələ ondadır ki, Sumqayıt "cəbhəçilərinin" sədrlərinin Ə.Kərimovun təlimatı ilə aksiya keçirmək cəhdləri baş tutmayıb. Onlar baş tutmayan aksiyanın əsas baiskarı kimi Müsavat başqanı İ.Qəmbərovu gördüklərini bəyan edirlər. Məsələn, AXCP (i)-nin Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu müsahibəsində deyib ki, Müsavat partiyası və partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas "cəbhənin" mövqeyini dəstəkləməməkdə İ.Qəmbərovun təlimatlarını həyata keçirib. O deyib ki, piketin "İctimai Palata" səviyyəsində keçirilməsinə çalışıb. Buna nail ola bilmədikdə, partiyaların yerli şöbələrinə müraciət edib. Lakin müsbət nəticəsi olmayıb: "Biz Sumqayıt müsavatçılarını, başda təşkilatın sədri Fəxrəddin Abbası aksiya ilə bağlı müzakirəyə dəvət etdik, söhbətləşdik. Bildirdik ki, birgə aksiya keçirək... Amma onların mövqeyi mənim üçün anlaşılmaz oldu. O mənada ki, aksiyaların keçirilməsinin hələ tez olduğunu, havaların istiliyi, hətta "aksiyaların keçirilmə zamanı var" deyə qəribə "arqument" səsləndirdilər. Mən bu səbəbləri əsassız hesab etdim".
F.Abbas isə öz açıqlamasında "cəbhəçi" K.Vilayətoğlunun özünüreklamla məşğul olduğunu bildirib: Onun bu hərəkətləri, başa düşmürük, hardan qaynaqlanır. Onun mətbuatda əsassız açıqlamaları və hərəkətləri, yəqin ki, müzakirə olunacaq. Çünki artıq onun mövqeyi İP-in zərərinə işləyir. Heç bir hazırlıq görmədən guya aksiya elan etdi. Əslində isə, piket keçirə bilmədi. Klubun qarşısında çəkilən şəkillərdə bir nəfər də olsun müxalifətçi yox idi. Cəmi beş nəfər Sumqayıtdan, 5 nəfər isə AXCP-nin mərkəzi rəhbərliyindən aksiyaya gəliblər. Onlar da kənarda durublar və piket-filan olmayıb. Kəmaləddinin özünü polis maşınına oturtmuşdular. Sanki baş verənlər ancaq onun reklamına xidmət edirdi. Bizim mövqeyimizin haqlı olduğu həmin gün sübuta yetdi. Kəmaləddin bəyin qərarından dönməməsi nəticəsində polisdə və yerli hakimiyyətdə belə fikir yarandı ki, İP elə ancaq həmin 5 nəfərdən ibarətdir. Kəmaləddin bəy deyirdi ki, yüzlərlə adamı aksiyaya çıxaracaq, şəhəri silkələyəcək. Hardaydı onun dediyi yüzlərlə adam? İndi buna cavab verməlidir".
Məhz bu qarşıdurmaya lazımi rakursdan nəzər yetirsək, hansı qənaətə gələ bilərik?
İlk növbədə, "İP"-in Sumqayıt biabırçılığı arxasında da Ə.Kərimovla İ.Qəmbərovun bir-birlərinə qarşı yaranmış tarixi antipatiyaları dayanıb. Sirr deyil ki, AXCP (i) sədri hazırda "palata"nın parçalanmasını daha məqbul hesab edir. Çünki onun əsas məqsədi "vahid namizəd" olmaqdır. Müsavat başqanının onun yolunu kəsməsi isə planlarını pozur. İ.Qəmbərov isə, əksinə, "palata"nın parçalanmamasını arzulayır. Çünki onun başqa çıxış yolu da yoxdur. Əgər başqan "İP"-i əldən versə, onun nəinki prezident seçkilərində "vahid namizədlik" arzusu, eləcə də, Müsavatın başqanlıq postunda qalmaq istəyi də puç olacaq. Bu kimi hadisə isə Müsavatın həm parçalanması, həm də özünün siyasi arenanı birdəfəlik tərk etməsi ilə nəticəsini tapacaq.
Sözsüz ki, Ə.Kərimovun da vəziyyəti heç də İ.Qəmbərovun durumundan yaxşı deyil. "Cəbhə" daxilində tükənməyən intriqaların artıq "köhnə qavardiya" təmsilçiləri tərəfindən səsləndirilməsi, Fuad Qəhrəmanlının, Xaliq Bahadırın, Həsən Kərimovun, Nurəddin Məmmədlinin müxtəlif mövqelərdən çıxış etmələri Ə.Kərimovun hələ də məngənədə sıxılıb qalmasını təsdiq edir.
Bu əsnada, məlum Sumqayıt intriqasının yaşanması arxasında da iki "liderin" barışmazlıq faktorları dayanıb. Bu faktor isə onların 2013-cü il gözləntilərini puça verməklə yanaşı, özlərinin də siyasətin qaranlıq arxivinə gömüləcəklərini sürətləndirir. İstər uzun, istərsə də qısa zaman kəsimində belə proqnozun gerçəklik həddinə çatacağı, təbii ki, baş verməli idi. Ən azından, Əli Kərimov-İsa Qəmbərov dilemmasının "kimdir güclü" sualına aydınlıq gətirməkdən ötrü "Cəbhə"-Müsavat qarşıdurmasının sonuncu mərhələsinin yaşanması bunu deməyə kifayət qədər əsas verir.
R.NURƏDDİNOĞLU