PDF Oxu

Müxalifət

  • 58

"KXCP" hər şeydən əlini üzüb

Mirmahmud Fəttayev müxalifətin "koalisiyasına" inanmadığını deyir

"KXCP" hər şeydən əlini üzüb

Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlunun səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət etməsi və həmin görüşdə koalisiya yaratmaq təklifi fiaskoya uğrayıb. Belə ki, həmin görüşdə iştirak etmiş Müsavat başqanı İsa Qəmbərov, "Ümid" partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP (i) sədri Əli Kərimov, ALP sədri Əvəz Temirxan, və "VİP" sədri Əli Əliyev görüş ərəfəsində müəyyən razılığa gələ bilinəcəyini desələr də, nəticə sıfır həddindən o tərəf keçməyib. Çünki 2013-cü ilin prezident seçkiləri ətrafında mövcud olan şəxsi ambisiyalar bunun reallaşmasına imkan verməyib. Məsələ ondadır ki, ADP sədri yaratmaq istədiyi "koalisiyada" bəzi üstünlükləri əldə etməyə cəhd göstərib və liderliyini bəyan etməyə səy göstərib. Amma buna baxmayaraq, partiya sədrləri "etiket" qaydalarını pozmayaraq, həmin vaxt S.Cəlaloğluya qarşı ittihamlar irəli sürməyiblər.

Lakin ilk ittiham nə qədər də maraqlı görünsə, "KXCP" sədri Mirmahmud Fəttayevdən gəlib. Partiya sədri səkkiz partiyanın koalisiya yaradacağına inanmadığını dilə gətirib: "Səkkiz müxalifət partiyasının seçki koalisiyası yaradacağı, hələlik, inandırıcı görünmür".

M.Fəttayev bildirib ki, toplantıda iştirak edən səkkiz partiya sədrinin müxalifətin seçki koalisiyasının yaradılmasına istək nümayiş etdirəcəyinə də inanmır. Onun sözlərinə görə, tədbiri keçirən, təklif səsələndirən və bunu təqdir edən partiya rəhbərləri, hətta reallaşdırmaq imkanları olsa belə, bu məsələni müsbət dəyərləndirməyəcəklər: "Çünki buna əməkdaşlığın formalarının axtarılması istiqamətində təşəbbüs kimi yanaşırlar".M.Fəttayev onu da qeyd edib ki, ötən həftə səkkiz müxalifət partiyası sədri arasında keçirilən görüşdə seçki koalisiyasının yaradılması ilə bağlı təklif birmənalı şəkildə irəli sürülməyib.

AXCP (i) də Müsavata sərt mesaj yollayıb

ADP sədri S.Cəlaloğlunun müxalifətdaxili rıçaqlara sahib olmaq istədiyini görən "cəbhə" sədri buna imkan verməmək üçün dərhal "İctimai Palata" adından mesaj yollayıb. Belə ki, həmin mesaj yalnız ADP və onu dəstəkləyə biləcək digər partiyalara qarşı deyil, həm də S.Cəlaloğlunun təklifini dəyərləndirəcəklərini deyən Müsavat başqanı İsa Qəmbərovadır. Məsələ ondadır ki, "İctimai Palata"nın koordinasiya şurasının son toplantısında "cəbhə" sədri bildirib ki, "İctimai Palata"dan kənarda fəaliyyət göstərən müxalifət partiyaları və onlarla münasibətlərin hansı istiqamətdə qurulması məsələsi onlarla məsləhətləşmədən həyata keçirilməməlidir. O bildirib ki, kənar partiyalarla əməkdaşlıq ancaq "İctimai Palata" müstəvisində baş tuta bilər.Nəticədə isə, belə qənaətə gəlmək mümkündür ki, həm ADP sədri S.Cəlaloğlunun "koalisiyası", həm də onunla əməkdaşlıq etməyə cəhd göstərmək istəyən yeganə partiya sədri - Müsavat başqanı İ.Qəmbərov Ə.Kərimov üçün ciddi problemə çevrilməkdədir. Və belə bir kontekstdə, digər yerdə qalan partiyaların S.Cəlaloğlunun "koalisiya" təklifindən imtina etməsi, Müsavatın isə həmin təklifə dəstək verməsi 2013-cü ilə qədər müxalifətdə baş verən prosesləri indidən proqnozlaşdırmağa imkan yaradır. Zaman isə hər şeyi öz vaxtında göstərəcək.

R.RƏSULOV

Digər xəbərlər