PDF Oxu

Müxalifət

  • 70

Müsavatın düşərgə dairəsi daralır

Partiya parçalanmaq, başqan isə siyasi arenadan getmək üzrədir

Müsavatın düşərgə dairəsi daralır

Müsavat partiyası sonuncu dəfə hələ 2003 və 2005-ci illərdə öz ağır dövrünü yaşamışdı. Lakin həmin illərdəki məlum olaylardan sonra müəyyən vasitələrlə siyasi arenada qalmağı bacaran partiya bu dəfə elə bir çətin vəziyyətə düşüb ki, həmin vəziyyətdən çıxmağa İsa Qəmbərovun nə siyasi iradəsi, nə də ki, siyasi gücü qalıb. Məsələ ondadır ki, partiyanın daxilində fəaliyyət göstərən bir neçə qrupun müxtəlif proseslər çərçivəsində intriqalara getmələri ilə yanaşı, Müsavata qarşı digər müxalifət partiyaları tərəfindən də total hücumların başladılması başqanın çıxış yolu tampasına xeyli əngəllər yaradıb. Total hücumlardan biri də məhz "cəbhə" sədri tərəfindən başladılıb ki, burada Müsavat həm müxalifətin toplantılarına qatılmamaqda, həm də düşərgədaxili birliyin formalaşmasında əngəllər yaratmaqda suçlandırılır. Təbii ki, burada "İctimai Palata"da yaranmış gərginlik də vurğulanmaqdadır.

Xatırladaq ki, bu ərəfələrdə 8 partiyanın AMİP qərargahında keçirilən toplantısında Müsavatın iştirak etməməsi də partiyaya qarşı başladılmış hücumların bir hissəsidir.

Sumqayıt "partlayışının" nəticələri və "Arif bəy, gəl qurtar müsavatçıları İsanın əlindən!"

Başqa tərəfdən, Müsavatın Sumqayıt təşkilatı ötən günlərdə AXCP (i)-nin "İctimai Palata" adından keçirmək istədiyi aksiyanı pozmaqda ittiham edilir və bilavasitə İ.Qəmbərovun həmin təlimatı verdiyi iddia olunur. Onsuz da iki partiya arasında gərgin olan münasibətlərin daha kəskin şəkil alması istiqamətində "partlayış" təsiri bağışlayan sözügedən ittihamlar həmin "partlayışın" dağıdıcı gücünü artırmaqla, bütövlükdə, müxalifət düşərgəsinə təsir edir. Sumqayıt qarşıdurması yaşandıqdan sonra, "cəbhə" funksionerləri sədrləri Əli Kərimovun tapşırığı əsasında yerlərdə Müsavatın "İctimai Palata"nın vahid namizədinin müəyyən edilməsinə qarşı olduğu təbliğatını aparırlar. Onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl Müsavat başqanı İ.Qəmbərov müalicə məqsədilə Şimali Qafqaza səfər edib. Bu amili əsas faktor kimi əllərində tutan "cəbhə" yetkililəri başqana qarşı "öldürücü zərbə" adı altında piara start veriblər. Artıq mətbuatla yanaşı, sosial şəbəkələrdə də piar kampaniyası davamlı xarakter alıb. Belə ki, həmin yazıların birində qeyd edilib: " "Qardaşlarımız türmədədi, Əli bəy onların azadlığı üçün mübarizə aparır, əvəzində, İsa Qəmbər Kislovodska gedib kef çəkir. Belə liderin müxalifətə yalnız və yalnız zərər verəcəyini hər kəs anlamalıdır. Arif bəy, niyə səsin gəmir, gəl qurtar müsavatçıları İsanın əlindən!"

Gizli danışıqların aşkar kartları

Artıq bir maraqlı nüans da bir çox qaranlıq təfərrüatlara aydınlıq gətirib. Belə ki, AXCP (i) rəsmiləri "İctimai Palata"da fəaliyyət göstərə-göstərə Müsavat arxasından oyun qurmaqda davam edirlər. Düzdür, bu günlərdə "İctimai Palata"nın koordinasiya şurasında məhz "cəbhə" sədri Ə.Kərimov tərəfindən "palata"dakı partiyaların qərar qəbul olmadan digər siyasi təşkilatlarla əlaqə qurmasının yasaqlanması bəyanatını səsləndirsə də, dəyirman öz çax-çuxını etməkdədir. Çünki ilk növbədə, həmin qanunu məhz Ə.Kərimovun özü atır. O, ALP, AMİP və "ACP" ilə gizli danışıqlara gedərək, əslində, həmin danışıqların nəticələrini Müsavata qarşı apardığı oyunları ilə aşkar edir. Göründüyü kimi, AXCP (i) Müsavata qarşı bütün arsenalını, hətta ağır artilleriyasını işə salıb. Nəticədə, müxalifətdaxili vəziyyətin daha kritik situasiyaya mübtəla olması reallaşır. Baş verən çaxnaşmalar həm də onu deməyə əsas verir ki, 2013-cü il seçkilərində müxalifətin əsas namizədi olaraq iştirak edib xaricdən gələcək maliyyə yardımlarının AXCP (i)-yə yönlənməsini istəyən "cəbhə" sədri Ə.Kərimov bilavasitə nəzarəti əlində saxlamaq fikrindədir.

R.RƏSULOV

Digər xəbərlər