PDF Oxu

Müxalifət

  • 67

Yeni blokda Etibar Məmmədov və Lalə Hacıyeva amili

Yeni blokda Etibar Məmmədov və Lalə Hacıyeva amili

Yusif Bağırzadə:

İsadan, Əlidən üz çevirib baxt,

Rəsul Quliyevdi ən böyük "badbaxt",

Yeni yaranacaq blokda heç vaxt,

"Palata", "hərəkat" olmamalıdı.

Əvəz Temirxan:

Salar hər rəqibi, bil, şoka Lalə,

Malik ən mükəmməl bir baka Lalə,

Liderdi ən yeni bloka Lalə,

Qurum bədxahlarla dolmamalıdı.

Yusif Bağırzadə:

Geridə qalmayıb bir tək oxusu,

Yoxdu bu adamda əmək qoxusu,

Rəsuldan gəlməkdə yemək qoxusu,

Üst-başı kabablı və dolmalıdı.

Əvəz Temirxan:

Mənimlə qalmalı Lalə qurumda,

Xəyala dalmalı Lalə qurumda,

Həm parlaq olmalı Lalə qurumda,

İsa, Əli, Rəsul tez solmalıdı.

Yusif Bağırzadə:

Gizlincə marıqda yatar Etibar,

Əlini, Rəsulu satar Etibar,

İsanı kənara atar etibar,

Lalə də əl atıb saç yolmalıdı.

Əvəz Temiran:

"İP" də məşğul olsun şam, nahar ilə,

Rəsul gün keçirsin gedib bar ilə,

Qurumda, əlbəttə, Etibar ilə,

Bir özüm, bir Lalə tək olmalıdı.

Yusif Bağırzadə:

İsa da, Əli də burda bir çayır,

Bütün bloklardan onları ayır,

Digər liderləri gözləyir bayır,

Yalnız bizimkilər tək qalmalıdı.

Əvəz Temirxan:

Olmasın Əliylə İsa bu turda,

Qoy namizəd olsun Rəsul da gorda,

Yalnız Lalə ilə Etibar burda,

Bünövrə qoyaraq, mehr salmalıdı.

Yusif Bağırzadə:

Qoy Rəsul başlasın saqqal yolmağa,

"İP" də, "Qarabağ" da gedir solmağa,

Bir Etibar layiq lider olmağa,

Qələbə təbili o çalmalıdı.

Əvəz Temirxan:

Burda lazım deyil yalan kəlmələr,

Dəryadan o yanda qalsın gəlmələr,

Yaman baş yordular "İP"-lər, ilmələr,

Kədərlə xəyala hey dolmalıdı.

Yusif Bağırzadə:

Çoxundan yaxşıdı sizdəki madam,

Bədxah liderlərin qəlbinə qadam,

Gözümə "İP"-çidən pis dəyən adam,

Kənarda göz süzən o çalmalıdı.

Əvəz Temirxan:

İynə soxarıq, kim bizləsə əgər,

Gəlməsin yaxına pisləsə əgər,

Kim bizə qoşulmaq istəsə əgər,

Nəfəs dərib, namaz həm qılmalıdı.

Yusif Bağırzadə:

Sıraya qəbulçün çalmışıq cəngi,

Yaxşı dəstəkçidən gözlərik zəngi,

Qoy gəlsin, kimin var dəfnə çələngi,

Bir də kimin rəmzi şux palmalıdı.

Əvəz Temirxan:

Gəlməsin milləti, eli talayan,

Gedib Qərbdə boşqab dibi yalayan,

Gəlmir xoşumuza quyruq bulayan,

Birinci casuslar tutulmalıdı.

Yusif Bağırzadə:

Gərək bizlər keçək sinəsindən çox,

Qurum var bit-birə gənəsindən çox.

Əlbəttə, düşmənin tənəsindən çox,

Dostun xoş sözü də udulmalıdı.

Əvəz Temirxan:

Barda viski içib fikrə dalsınlar,

Qoy gedib xaricdən qrant alsınlar,

Pislər "Qarabağ"da, "İP"-də qalsınlar,

Bizlərə yaxşılar qatılmalıdı.

Yusif Bağırzadə:

Əndərin Etibar başına şabaş,

İrəli gedirik biz yavaş-yavaş,

İsalar, Əlilər edilib çıxdaş,

Rəsullar xaricə atılmalıdı.

Əvəz Temirxan:

Bədnamlar başına tökülsün daşlar,

Zəhər dadı versin alaçiy aşlar,

Bizə qoşulmalı ağıllı başlar,

Satqınlar üsullu satılmalıdı.

Yusif Bağırzadə:

Əlidə, İsada, Rəsulda günah,

Bundan heç baş açmır Mirmahmud, Pənah,

"İP"-də elə süstlük yaranıb, vallah,

Girib qərargaha yatılmalıdı.

Əvəz Temirxan:

İsada, Əlidə doludu dənlik,

Bu, bir Etibarlıq, bir də ki, mənlik,

Biz yeni bokda edərik şənlik,

Burda beş-on tonqal çatılmalıdı.

Yusif Bağırzadə:

Əlinin, İsanın kef bağı gözəl,

Rəsulun da geniş tabağı gözəl,

Hələ ki, işlərin qabağı gözəl,

Müşküllər geridə, batil dalıdı.

Əvəz Temirxan:

Xaricdə tədarük görülən zəkat,

Sağına-soluna sərilən zəkat,

"İP"-də "hərəkat"da verilən zəkat,

Əsil qaçaq-quldur, qatil malıdı.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər