Partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının sosial şəbəkədə paylaşdığı informasiyalar həm AXCP, həm də Əli Kərimovun şəxsi keyfiyyətləri haqqında qaranlıq məqamlara aydınlıq gətirdi
Məlum olduğu kimi, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı siyasətdən getdiyini açıqlayıb. Ə.Qurbanlı "facebook" sosial şəbəkəsində bu qərarı ilə bağlı məlumat paylaşıb: "Bu adamlarla çox çətindir. Adam Elçibəydən, Kərimlidən, başqasından olmalıdır ki, bunlara dözə bilsin. Allah qoymasa, gənclər komitəsinin sədriyəm deyə bunlar təhqir edəndə, söyəndə, gəlib əl qaldıranda, mən dözməliyəm. Yanımdakılara - cəbhəçi gənclərə təzyiq etməliyəm ki, susun.
Çünki bizim ictimai sektor ərköyün imiş. Milli Azadlıq Hərəkatı illərində rəhmətlik Elçibəyi Azərbaycan milisi döyür. Bəy deyir, məni ağrıdan zərbələr deyil, ağrıdan öz milisimizin naqisliyidir. İndi adamı incidən bu hakimiyyət deyil, tərbiyəsizliyə susmalarıdır. Mənə lazımdı bunlar? Cəbhəçilər inciməsin, onlarsız her şey pisdir. Ancaq Rəşadət düz etdi, getmək doğrudur". Ə.Qurbanlı "Nida" gənclər təşkilatının idarə heyətinin üzvü Zaur Qurbanlı ilə arasında olan münaqişə haqda açıqlama verib: "Zaur Qurbanlı mənə zəng etdi və görüşüb söhbət etmək istədiyini bildirdi. Razılaşdım və dedim ki, ikimiz oturaq söhbət edək. Bu gün (dünən) "Venesiya" kafesində görüşdük. Kabinetdə oturduq. Qapını möhkəm-möhkəm bağladı. Mənə dedi ki, mən Kaktusa demişəm ki, gedib Əbülfəzi vurub gələcəm. Bir neçə dəfə təmkinli olmağı, bunun ona yaraşmadığını və danışmağı təklif etdim. Dediklərimə məhəl qoymadan söyə-söyə üzərimə yeridi, köynəyimin yaxasına əl atıb cırdı, vurmağa çalışdı. Mənsə dava etmək fikrində olmadığıma və bunu səviyyəsiz bildiyimə görə, sadəcə, müqavimət göstərdim. Onun mənimlə dartışmağı 4-5 dəqiqə çəkdi. Sonradan mənə aydın oldu ki, Zaur öncədən gəlib kabineti danışıb, stəkan-filan qırılacağını nəzərə alıb pulunu ödəyib və səs-küy olarsa, kafe işçilərinə kabinetə gəlməməyi deyib. Ayrıca, onun 50 cəbhəçi gəncin Kaktusu söyüb-filan deməsi yalandır. Etibar Salmanlının bizə aid statusunda Kaktus məni və cəbhəçi gənclərdən birini təhqir edib. Qarşılıqlı olaraq cavabı verilib. Zaur özü bir müddət öncə cəbhəçi xanımlardan birini ələ salıb, telefonla ona bunun düz olmadığını demişəm, davaya çağırmamışam. Ondan sonra Kaktus məni və digər cəbhəçiləri təhqir edib. Və mən bunu yazmaq fikrində deyildim, qarşı tərəfi özümüzə güldürməmək üçün. Onun yazdığını görüb əsil həqiqətdən hamının xəbəri olsun. Bundan əvvəl isə o, başqa gənclərlə belə davalar edib. Solçuların onu döyməsini yazmışdı, mənsə ona dəstək olanlardan biri olmuşam, solçuları, görünür, nahaq yerə qınamışam. Tələb edirəm ki, Zaur Qurbanlı məndən etdiklərinə görə üzr istəsin".
Belçikada yaşayan satirik şair Mirzə Sakit isə AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının verdiyi açıqlamaya münasibət bildirib. Mirzə Sakitin fikrincə, bu, sadəcə biabırçılıqdır: "Xalq Cəbhəsinin durumuna baxın! Təsəvvür edin, AXCP idarə heyətinin üzvü olan Xaliq Bahadırın haqlı sözlərinə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Nurəddin Məmmədli irad tutur, hətta onu "dəli" adlandırmaqdan da çəkinmirlər. Bu adamlar anlamırlar ki, haqsız söz danışmaq axırda onların siyasətini qatıq bankasına döndərəcək. Bax, elə AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının da partiyadan getməsinə səbəb bu qatıq siyasətçilər oldu. Hər halda, partiyanın təşkilat şöbəsi deyilən bir qurum var, bundan başqa guya partiyanın müxtəlif sahələrlə işləməli olan şöbələri mövcuddur. Amma əslində, bu şöbələrin hamısı partiya sədri Əli Kərimlini gübrələyib yelpicləməklə məşğuldurlar. Gedənlərin də arxasıyca bir söz deyirlər: "Satıldı". Daha demirlər ki, özümüz yarıtmazıq. Əli Kərimlini gübrələyib becərənlər fərqində deyillər ki, səpdikləri gübrə çox zəhərlidir. Sonradan o gübrənin zərərli olduğunu hiss edəndə də artıq gec olacaq. AXCP-dəki gənclərin çoxu sanki girovdurlar. Müstəqil bir fikir yürüdə bilmirlər. Hakimiyyətə qarşı guruldamaq hələ mübarizlikdən xəbər vermir. "Qız razborkası" ilə hakimiyyətə gəlmək istəyən gəncin ölkəsi sabah "Qızbacı" ölkəsi adlanar. İki gəncin arasındakı "qız" söhbətində görün hansı namərdliklər baş alıb gedir. Bu adamlar dövlət qurmaqdan, ölkə idarə etməkdən danışırlar, amma bir qızı öz şəhvətlərinin qurbanına çevirirlər. Əgər sabah hakimiyyətə gəlsələr, ölkənin daxili və xarici siyasətini bir kənara buraxıb Dövlət Proqramını "qız razborkaları"nın üzərində quracaqlar. Bütün bunları qəzəblə deyirəm. Çünki o, qızı ictimailəşdirmək kişilikdən deyil. Kişi qız da sevər, arvad da alar, amma o qızı bədnam etməz".
Əlbəttə ki, cəmiyyət üçün AXCP daxilindəki biabırçı vəziyyətdən detallı şəkildə məlumat verən bu iki açıqlama bir daha Əli Kərimovun yarıtmaz siyasətçi olduğunu və partiyasını qoçular vasitəsilə idarə etdiyini sübut edir. Bir qədər təhlilləri dərinləşdirsək, görərik ki, AXCP gəncləri bu günə qədər bu partiyanın tərkibində yalnız hədə-qorxu ilə saxlanılırmışlar.
Eyni zamanda, vurğulanmalıdır ki, bu cür faktların ortaya çıxması radikal müxalifətin mitinq fiaskolarının da əsas səbəblərini ortaya çıxarır. Yəni, "Eurovision-2012" yarışması ərəfəsində "İctimai Palata"nın 20-ci sahədə keçirdiyi yığıncaqlarda 200-300 nəfərin iştirak etməsi, gənclərin isə, ümumiyyətlə mitinqə gəlməməsi, məhz AXCP kimi digər partiyaların da daxilində hökm sürən anarxiya və özbaşınaqlıqla bağlı olub. Görünür ki, gəncləri müxtəlif zor tətbiqetmələrlə nəzarətdə saxlayan və küçələrdə radikallıq etməyə sövq edən Əli Kərimov şəxsi maraqları üçün daha qorxunc vasitələrə də əl atıb.
Təbii, bu sözləri oxuyarkən, heç də təəssüflənməyə dəyməz. Çünki Əli Kərimov elə 1992-ci ildə silah gücünə zəbt etdikləri hakimiyyəti də bu cür güc tətbiq etməklə, şantajla və s. qanunazidd vasitələrlə idarə ediblər. Odur ki, cəmi bir il ərzində dövləti tamamilə çökdürmüşdülər və parçalamışdılar.
İndi də həmin vəziyyət AXCP daxilində hökm sürür. Artıq gənclər görürlər ki, onlar sözün həqiqi mənasında, Əli Kərimovun maraqlarının quluna çevriliblər. Əbülfəz kimi digər gənclər də Əli Kərimlinin əsassız fikirlərini dinlədikcə, onun kimi düşünməyə başlamışdılar. Lakin gec olmadan ayıldılar və səslərini ucaltdılar. Yəqin ki, həmin gənclər AXCP-dən ayrılandan sonra əsil demokratiyanın ölkədə, həqiqi diktaturanın isə AXCP daxilində olduğunu anlayacaqlar.
Bütün bunlar, əlbəttə ki, AXCP lideri Əli Kərimovun şəxsi keyfiyyətlərindən irəli gələn məsələdir. Düşünürük ki, radikal müxalifətin təmsil olunduğu digər partiyaların da daxilində vəziyyət bu cür dözülməzdir. Əminik ki, yaxın zamanlarda Müsavatdan, AXCP-dən yenidən qopmalar, ayrılmalar olacaq. Çünki avtoritar rəhbərlərin ədalətsiz idarəçiliyi uzun sürmür...
"Səs" Analitik Qrupu