Partiya sədri "cəbhəçi" gənclərə namərdlik aşılayır
Son vaxtlar AXCP daxilində gedən proseslərin daha qabarıq forma alaraq çərçivədən çıxması adıçəkilən siyasi qurumda heç də normal mühitin yaşanmamasını göstərir. Buna misal kimi "cəbhə"nin köhnə qvardiyasına mənsub olan bir çoxlarının partiya sədri Əli Kərimovu və onun yaxın ətrafını mühakimə obyekti kimi sərt ittiham etmələridir. Hətta bu kimi ittihamlar sonradan kəskin təhqir şəkli də alır ki, bu kimi hadisələrin mütəmadi xarakter alması həm "cəbhə" sədrinin, həm də onun qruplaşmasının siyasi arenadan getmələrini sürətləndirir.
Mirzə Sakit: "Haqsız söz danışmaq axırda onların siyasətini qatıq bankasına döndərəcək"
Xatırladaq ki, AXCP -dən uzaqlaşaraq Belçikaya köçmüş Mirzə Sakitin təşkilat rəhbərliyinə qarşı istehzalı hədəfləri, hər zaman partiyadaxili xəyanətləri ictimai müzakirələrə çıxaran Xaliq Bahadırın tez-tez Ə.Kərimovu günahlandırmaları daha öncələr də mətbuat səhifələrində yer alıb. Bu baxımdan, onların kiminsə göstərişlərini deyil, öz daxili hisslərini ifadə etmələri AXCP-nin real durumunu sərgiləyir. "Cəbhə"də ajiotaj yaradan növbəti təhqirlər də məhz M.Sakit tərəfindən səsləndirilib. "Azadlıq" qəzetinin eks-yazarı bu günlərdə AXCP gənclər komitəsindən istefa vermiş Əbülfəz Qurbanlının addımını qiymətləndirərkən bildirib ki, partiyada təmsil olunan gənclərin çoxu Ə.Kərimovun girovlarına çevriliblər:"AXCP-dəki gənclərin çoxu sanki girovdurlar. Müstəqil bir fikir yürüdə bilmirlər. Hakimiyyətə qarşı guruldamaq hələ mübarizlikdən xəbər vermir".
O, baş verənləri biabırçılıq adlandırıb və deyib ki, nədənsə onun özünün və partiyanın idarə heyətinin üzvü olan X.Bahadırın haqlı iradları Ə.Kərimovun müavinləri Fuad Qəhrəmanlı və Nurəddin Məmmədli tərəfindən iradla qarşılanır, hətta onu "dəli" adlandırmaqdan da çəkinmirlər: "Bu adamlar anlamırlar ki, haqsız söz danışmaq axırda onların siyasətini qatıq bankasına döndərəcək. Bax, elə AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının da partiyadan getməsinə səbəb bu qatıq siyasətçilər oldu".
"Əli Kərimlini gübrələyib becərənlər, fərqində deyillər ki, səpdikləri gübrə çox zəhərlidir"
M.Sakit dediyi ifadləri daha da kəskinləşdirərək, iddia edib ki, "cəbhə"də fəaliyyət göstərən təşkilat şöbəsi deyilən bir qurumla yanaşı, partiyanın müxtəlif sahələrlə işləməli olan şöbələri də mövcuddur: "Amma həmin şöbələr işləmək yerinə, əslində, Ə.Kərimovu gübrələyib yelpicləməklə məşğuldurlar. Gedənlərin də arxasıyca bir söz deyirlər: "Satıldı". Daha demirlər ki, özümüz yarıtmazıq. Əli Kərimlini gübrələyib becərənlər, fərqində deyillər ki, səpdikləri gübrə çox zəhərlidir. Sonradan o gübrənin zərərli olduğunu hiss edəndə, artıq gec olacaq.
"Bu adamlar dövlət qurmaqdan, ölkə idarə etməkdən danışırlar, amma bir qızı öz şəhvətlərinin qurbanına çevirirlər"
M.Sakit "cəbhə" gənclərinin partiya sədri Ə.Kərimov tərəfindən namərdliklə aşılandığını bildirərək, əlavə edib ki, bu gün müxalifət kimi hakimiyyətə can atan həmin adamlar "qız razborkaları" üstündə bir-birlərinə qarşı amansız davranırlar. O, bunu Ə.Qurbanlı ilə "Nida" hərəkatı arasında yaşananlarla əlaqələndirib və bildirib ki, "qız razborkası" ilə hakimiyyətə gəlmək istəyən gəncin ölkəsi sabah "Qızbacı" ölkəsi adlanar. İki gəncin arasındakı "qız" söhbətində görün hansı namərdliklər baş alıb gedir. Bu adamlar dövlət qurmaqdan, ölkə idarə etməkdən danışırlar, amma bir qızı öz şəhvətlərinin qurbanına çevirirlər. Əgər sabah hakimiyyətə gəlsələr, ölkənin daxili və xarici siyasətini bir kənara buraxıb dövlət proqramını "qız razborkaları"nın üzərində quracaqlar. Bütün bunları qəzəblə deyirəm. Çünki o, qızı ictimailəşdirmək kişilikdən deyil. Kişi qız da sevər, arvad da alar, amma o qızı bədnam etməz".
Bir partiyanın sədri Əli Kərimovdursa, həmin partiyada kişilikdən danışmağa dəyməz
Həm M.Sakitin, həm X.Bahadırın, həm də digər narazıların AXCP və onun sədri Ə.Kərimov haqqında səsləndirdikləri ifadələrlə razılaşmamaq olmur. Çünki həqiqət hər zaman həqiqətdir və özündə haqlı obraz formalaşdıran amildir. Və nəticə etibarilə yuxarıda qeyd edilən suçlamalardan, günahlandırmalardan və iddialardan da bəlli olur ki, əgər bir partiyanın sədri Ə.Kərimovdursa, demək, həmin partiyada kişilikdən, mərdlikdən, ləyaqətdən, şərəfdən və mənəviyyatdan danışmağa, ümumiyyətlə, dəyməz.
RÖVŞƏN