PDF Oxu

Müxalifət

  • 51

Pənah Hüseynovun "İP"-i müalicə etmək cəhdi

Pənah Hüseynovun "İP"-i müalicə etmək cəhdi

"İctimai Palata"nın koordinasiya şurasının sədri Pənah Hüseynov təmsilçisi olduğu qurumun siyasi taleyinin ipdən asılı qaldığını deyir. Necə deyərlər, ip də getdi, it də. Bu deyimin müasir ifadəsi bu cür səslənir: "İP" də getdi, İT də. Yəni "İctimai Palata"da öz siyasi ömrünü başa vurdu, onlarla ictimai təşkilatlar da. P.Hüseynov bütün günahları "İP" liderlərində gördüyünü bildirir. O, əmindir ki, təklifi yekdilliklə qəbul olunsaydı, "İP"-də qələbəlik və işgüzarlıq meyilləri artmış olardı. "İş olan yerdə diş sınar".

Bu misal P.Hüseynova məxsusdur.P.Hüseynov təklif deyəndə, "İP"-in vahid namizədi məsələsini nəzərdə tutur. O, çox çalışdı ki, "İP" daxilində bu statusu rəsmiləşdirsin. Ancaq qurum mühafizəkarları onun nikbin əhval-ruhiyyəsinə soyuq su çilədilər. Pənah bəy də öz təklifini dondurmaq məcburiyyətində qaldı. Bundan sonra qurumda fəallıq səngiməyə başladı və onu heç cür canlandırmaq mümkün olmadı. "İP" liderləri yardım üçün "Ziyalılar Forumu"nun rəhbəri Eldar Namazova müraciət etdilər.E.Namazov tabeçiliyində olan ziyalıların hər hansı təklif vermək iqtidarında olmadığını bildirdi. Dedi ki, ziyalılar gözlərini onun cibinə dikib, intizar içərisində nə çıxaracağını gözləyirlər. Bu da E.Namazov ziyalılarının ziyasının get-gedə azalmasına dəlalət edir.Pənah Hüseynov təklifinin bundan sonra da qəbul olunacağının müəyyən effekt doğuracağına inandığını bildirir. Ancaq "İP"-in mühafizəkar yetkililəri status-kvo məsələsinin pozulmazlığına israrla riayət etməkdədirlər. Deyəsən, bu status-kvo çox ağır şeydir, ha. Belə olmasaydı, onu asanlıqla pozardılar. Qadağa ləğv edilmədikcə, ətalət daha geniş xarakter alır və "İP" getdikcə nazilməkdə davam edir. Nazilən "İP"-in isə tezliklə üzülməsi qaçılmazdır. Atalarımız "ip nazilər, ancaq üzülməz" deyiblər. Bunun əksini iddia etmək fikrindən uzağıq. Atalar düz deyib. Çünki bu "İP" o ipdən deyil. Atalarımızın nəzərdə tutduğu ip həqiqətən nazildikcə, daha da möhkəmlənir. "İctimai Palata" isə ümumxana xarakterli olduğu üçünmü, ya başqa səbəbdənmi, nədənsə, qırılmağa doğru meyillənib. Qırılan şeyin qurulması isə çətin məsələdir."İP" qırılır və bu süqut qaçılmaz xarakter almaqdadır. P.Hüseynov isə koordinasiya şurasında oturub, gələcək addımlarını saf-çürük etməkdədir. Yaxın ətrafı bu şəxsin taktiki gedişlərdən çox yaxşı baş çıxardığını iddia edir. Yəqin ki, bu, bir çox oxucularımız üçün yeni xəbərdir: Pənah Hüseynov taktiki gedişlər ustası kimi. Çox maraqlı və təmtəraqlı səslənir. Bir çoxları Pənah bəyi yaddaşlarında "ideya generatoru" kimi mühafizə ediblər. Elə bu gün də onun ideya və təklifləri kiçik həcmli qazanda da olsa, qar-qar qaynamaqdadır.P.Hüseynovdan hansı ideyanı qaynatdığını soruşduqda, dedi ki, hazırda bütün daxili enerjisini bir yerə cəmləyib, İ.Qəmbərov və Ə.Kərimovun potensial qüvvələrinin bərpası üzərində işlədiyini bildirdi. Onun fikrincə, qazan kiçik də olsa, hər iki liderin başını onun içərisində qaynatmağa nail olacaq. P.Hüseynov ancaq bundan sonra "İctimai Palata"nın şəfa tapacağına inandığını bildirir.Atalarımız "iki qoçun başı bir qazanda qaynamaz" demişlər. Qoç dedikdə, söhbət qabaqlarından yeməyən iki dəliqanlıdan gedir. İ.Qəmbərov və Ə.Kərimov dəliqanlı olmasalar da, "İP" meydanında özlərini qabaqlarından yeməyən liderlər kimi göstərirlər. Onların bu ambisiyaları, çətin ki, başlarının P.Hüseynovun kiçik qazanında qaynamasına imkan versin. Bu hal heç də "İP"-in xoş gələcəyindən xəbər vermir.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər